“Evi olanlar üçün ilkin ödəniş 30 faizdən də yüksək olmalıdır”.
Bunu Medianews.az-a Daşınmaz əmlak üzrə ekspert Ramin Osmanlı söyləyib. Onun fikrincə, ipoteka proqramının bir sıra istiqamətlər üzrə təkmilləşdirilməsinə ehtiyac var:
“İpoteka proqramı ilə bağlı hələ islahatlar aparılmalıdır. Yeni qaydanın əsas hədəfi hər dəfə eyni adamın bu proqramdan faydalanmağındansa, digər şəxslərin də mənzil sahibi olmağına kömək etməkdir. Yeni qanun balanslaşdırma siyasəti aparmağı hədəfləyir. Bununla mənzilə ehtiyacı olanlar da ipoteka proqramından faydalana bilər”.
Ekspert qeyd edib ki, evi olanlar üçün ilkin ödəniş 30 faizdən də yüksək olmalıdır:
“Yeni qaydaya əsasən, evi olanlar ipoteka ilə almaq istədikləri evin dəyərinin ən azı 30 faizini ilkin ödəniş kimi ödəməlidirlər. Məncə, bu hələ azdır. Evi olan şəxslər üçün ilkin ödəniş bir qədər də yüksək olmalıdır”.
Xanlar Əlibəy
Medinews.az