Mənfur qonşularımız Ukrayna olayları fonunda da xam xəyallarından və revanşist xülyalarından qalmırlar. Öz həyasız iddialarından əl çəkmirlər. Bilə-bilə ki, bəşəriyyəti az qala, üçüncü dünya (nüvə) müharibəsinin astanasına gətirən Rusiya-Ukrayna toqquşmasının qayəsində məhz Kremlin separatçılığa dəstəyi və işğalçılıq siyasəti dayanır.
Məsələn, eks-prezident, Xocalı hərbi canisi Serjik Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının üzvü, müdafiə nazirinin sabiq müavini Artak Zakaryan öz facebook səhifəsində yazıb: “Rusiyanın Ukraynanı zəifləmiş şəkildə tərk etməsi Ermənistanın dövlətçiliyinə birbaşa təhlükədir. Belə bir məqamdan Türkiyə və Azərbaycan istifadə edəcək. Yox, Moskvanın tələbləri yerinə yetirilsə, Ukrayna iki yerə bölünəcək. Bu isə öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq miqyasda tətbiqi üçün növbəti presedent yaradacaq və bizə “artsax”ın işğal olunmuş ərazilərinin (?! – Z.S.) azad edilməsi, Ermənistanın suverenliyinin gücləndirilməsi istiqamətində səylərimizi gücləndirməyə imkan yaradacaq”.
Əvvəla, Moskvanın tələbləri yerinə yetirilə bilməz. Əks halda, bu onu yeni işğalçılıq hərəkətlərinə şirnikləndirə, Ukraynanın ardınca digər suveren ölkələr də hədəfə gətirə bilər.
İkinci o səbəbə ki, o halda Putin hakimiyyəti daha da möhkəmlənəcək, dünyada pis-yaxşı formalaşmış düzən, təhlükəsizlik sistemi alt-üst olacaq. Ondan sonra kim güclüdürsə, oxşar bəhanələrlə, Krılovun təmsilindəki kimi, öz qonşusuna hücum edib onun torpaqlarını yağmalamaq sevdasına düşəcək…
Elə buna görə BMT Baş Məclisində ötən həftə Ukrayna ilə bağlı Rusiyanı sərt şəkildə qınayan qətnamənin əleyhinə Rusiya daxil, cəmi 4 dövlət səs verdi – Belarus, Suriya, Eritreya və Şimali Koreya. Yəni, Rusiya faktiki təkləndi. Səsvermə zamanı hətta marionet Ermənistan belə, beynəlxalq rəyə qarşı getməkdən çəkindi, bitərəf qaldı.
Bu, 1945-ci ildən sonra dünyanın həmrəy şəkildə şumal qonşumuza ilk kəskin etirazı və xəbərdarlığı idi. Moskvaya qarşı total sanksiyalar və təcrid siyasətinə qlobal səviyyədə verilən xeyir-dua idi. Bunun ardınca Rusiyanın özü üçün düşmən ölkələrin siyahısını tərtib eləməsinin nə anlamı qalır ki? Ondansa, 4-5 dost ölkənin siyahısını tutsaydı…
Amma diqqət edin, Zakaryan qotur Ermənistanı Rusiyaya tay tutur. Lap fərz edək ki, o boyda qırğın-qiyamətdən sonra, ən əsası, üçüncü dünya savaşı olmasın deyə, həmçinin, Ukrayna böyük ölçüdə rusun caynağından həmişəlik qopsun deyə, Qərb Krımın və iki separatçı qurumun Rusiyaya keçməsi ilə barışsa belə (təbii ki, Kiyevin razılığı ilə!), bu o anlama gəlməyəcək ki, ardınca “artsax”ı da Azərbaycandan alınıb Ermənistana veriləcək. “Cin ayrı, şeytan ayrı”.
Ermənilər hələ də köhnə havadan çıxıb bölgədəki və dünyadakı yeni reallıqları düz “oxuya” bilmirlər. Haylara heç cür çatmır ki, Ermənistanın əsas varlıq qarantı olan Rusiyanın Ukrayna müharibəsindən klassik anlamda qalib çıxmaq şansı yoxdur. Putin yalnız “Pirr qələbəsi”nə ümid edə bilər. Bütün variantlarda Azərbaycanla Türkiyənin Qərb üçün dəyəri, önəmi artacaq ki, azalmayacaq. Müharibə bitsə belə, Rusiyanın hər yerdə zəiflədilməsi prosesi gedəcək – Krım onun ərazisi kimi tanınsa da, tanınmasa da.
Söhbət həm də Avropa enerji bazarından Rusiyanı sıxışdırıb çıxarmaqdan gedir. Bu isə “izqoy” Ermənistana yox, məhz Azərbaycana yeni əlverişli geosiyasi dividentlər vəd edir. O sırada Orta Asiya, hətta İran qazının qitəyə nəqli üçün ölkəmizin tranzit xabına çevrilməsi mütləq gündəmə gələcək. Çünki Avropa, ümumən Qərb artıq öz dərsini götürüb. Qlobal sabitlik və təhlükəsizlik sistemi üçün Rusiyanın nə boyda təhdid kəsb elədiyini anlayıb. Bu üzdən rus neft-qazından asılılığın aradan qaldırılması yaxın illərdə Qərbin əsas prioritetlərindən olacaq.
Sirr deyil ki, şimal qonşumuz ən əvvəl bu asılılığa arxayın olaraq Ukraynaya təcavüz edib. Çünki Rusiyanın əsas gəliri, ordunun maliyyələşməsi neft-qaz satışına bağlıdır. Bunsuz o, dişləri olmayan canavara bənzəyərdi. Deməli, Ukrayna böhranından sonra Rusiya ilə daha böyük haqq-hesab çəkiləcək. Bundan Ermənistana da “pay” düşəcək. Ukraynada “gəmisi” batmaqda olan 3-5 ölkədən biri kimi…