“4 il əvvəl Bakıya gələndə burada Günay Mehdizadə, Tahir Salahov və Sakit Məmmədov kimi Azərbaycanın tanınmış rəssamları ilə tanış olmaq şansı qazandım. Azərbaycan incəsənətini də kəşf etdim, dərinliklərini öyrənməyə çalışdım. Deyə bilərəm ki, həqiqətən də bütün aspektləri ilə incəsənətə, rəsmlərə və rənglərə dərin bağlılığınız var”.
Bunu Medianews.az-a açıqlamasında Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin həyat yoldaşı İnes Eissa deyib.
O, söyləyib ki, ixtisasca Fransız ədəbiyyatı fakültəsində təhsil alıb: “25 ildən artıqdır ki, jurnalistika ilə məşğulam və mahiyyətcə beynəlxalq əlaqələri işıqlandırıram. Təxminən 20 il bundan əvvəl Vyanada rəsm çəkməyə başladım. Müxtəlif ölkələrin mədəniyyətlərini öyrəndim. Rusiya, Suriya, Belçika və nəhayət Azərbaycanda müəllimlərdən dərs almaq mənim üçün çox önəmli idi. Son illərdə isə hərtərəfli olaraq qadınlarla bağlı mövzulardan ilham alıram”.
İnes Eissa əlavə edib ki, Mikelancelo rəsmlərinə və digər sənət əsərlərinə heyranam: “Bəzi Misir rəssamları da dünyada çox məşhurdurlar. Adam Hanin və Mahmud Səid kimi sənətkarlar bu şəxslərə misal ola bilər”.
“Azərbaycan çox isti ölkədir, xoş və mehribandır. Mən buradakı müasirlik və orijinallığı əks etdirən sirli vəhdətə heyranam. Bu, tolerantlıq və birgəyaşayış nümunəsidir, Azərbaycan xalqı müasirləşir və gələcəyə ümidlə baxır, eyni zamanda köhnə adət-ənənələrini və dəyərlərini qoruyub saxlayır”- o, vurğulayıb.
İnes Eissa vurğulayıb ki, sənətçilər adi insanlardan daha həssasdırlar: “Rəssamların dünyaya baxış bucağı, gördükləri fərqli çalarlar onlara dünyaya daha fərqli prizmadan baxmağa kömək edir. Rəsmlərim əsasən şəxsi hisslər və ilham üzərində cəmlənib. Bu, əlbəttə ki, mənim cəmiyyətimdən və mədəniyyətimdən təsirlənir, lakin mən inanmıram ki, rəssamlıq birbaşa həmin dəyərləri əks etdirməyə çalışmalıdır. Mənim fikrimcə incəsənətin milliyyəti yoxdur, xüsusən də rəssamlığın”.
Xəyalə Rəis
Medianews.az