“Qarabağın müdafiə ordusu”nun məhvi üçün cəmi bir tərxislik iş qalıb”. Bunu Ermənistan Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan öz Facebook səhifəsində yazıb.
Qazaryan həyəcan içində ardınca bildirir: “31 yanvar 2022-ci il tarixində 2021-2022-ci il qış hərbi xidmətə çağırış başa çatıb. Bu, 2020-ci ildəki dağıdıcı müharibədən sonra üçüncü çağırış idi. Hər çağırışla xidmət müddəti başa çatmış əsgərlərin tərxis olunması da həyata keçirilir. Amma faktiki üçüncü dəfədir ki, Qarabağ müdafiə ordusunun hərbi qulluqçuları yalnız tərxis olunur, onların yerinə yeni çağırışçılar göndərilmir. Aydındır ki, “DQR”-in sərhədlərinin mühafizəsini və təhlükəsizliyini yalnız “DQR”də yaşayan əhali hesabına təşkil etmək mümkün deyil. Beləcə Qarabağ müdafiə ordusu faktiki surətdə buraxılır, özünün bütün mümkün faciəvi nəticələri ilə birgə”.
Bu iddia doğrudursa, demək, baş nazir Nikol Paşinyan gerçəkdən, separatçı-quldurbaşı Araik Arutunyana əsgər göndərməmək, ümumiyyətlə, “Qarabağ yükü”ndən qurtulmaq niyyətində ciddidir. Hərgah, bu xüsusda bir qədər də gözləməyin faydası var.
Yada salaq ki, Ermənistandakı əsgər anaları 44 günlük müharibədən dərhal sonra öz övladlarının Qarabağda “hərbi xidmət”ə göndərilməsinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər. Yəni, bu məsələdə Paşinyan özfəaliyyətlə məşğul olan birisi sayılmaz, çünki həm də ictimai sifarişdən çıxış edir…
Bütövlükdə Ermənistanda azsaylı radikal-revanşist kəsim və ifrat millətçi yerli media xaric, Qarabağa münasibət son savaşadək olandan ciddi şəkildə fərqlənir. Daha Ermənistan ermənisi mifik “artsax” uğrunda boş yerə ölmək istəmir. Çünki ağlı az-çox yerində olan haylar proseslərin hara apardığını anlayırlar. Onlar Qarabağda Azərbaycanın yeni çevik hərbi qüvvələri sayılan komando hissələrinin hansı məqsədlə yerləşdiriliyi və nə üçün vaxtaşırı təlimlər keçdiyini də dərk edirlər. Onu da bilirlər ki, BMT-nin 4 qətnaməsini təkbaşına həyata keçirən Azərbaycan Ordusu 10 noyabr kapitulyasiya aktının qanunsuz silahlı dəstələrin tərksilahı haqda 4-cü bəndini də təkbaşına, rahatca və qısa zamanda reallaşdıra bilər.
Hər halda, Bakı bu bəndin həyata keçməsini BMT qətnamələri kimi 29-29 il gözləməyəcək. Bunu kim anlamasa da, Nikol Paşinyan hamıdan yaxşı bilir, anlayır. O zaman Ermənistandan Qarabağa əlavə “top əti” göndərməyə dəyərmi? Gəl ondan sonra erməni analarının qabağında dur. Heç erməni anaları da bundan ötrü əldən getmirlər.
Odur ki, Qazaryan kimi tulaların vay-şivəninə, atılıb-düşməsinə gərək yox. Bu, olsa-olsa, daxili siyasi hədəflərə və “stəkanda fırtına” yaratmağa hesablanmış növbəti ucuz cəhdlərdən biridir…
“Bütün bunlara görə məsuliyyət daşıyan yeganə şəxs Ermənistanda baş naziri postunu ələ keçirmiş Nikol Paşinyandır. O, Qarabağın və Ermənistanın dinc həyatını nəinki müharibəyə çevirdi, hətta müharibə zamanı dövlətə rəhbərlik edə bilmədi, şüurlu şəkildə prosesi məğlubiyyətə apardı və öz əli ilə kapitulyasiya haqqında bəyanat imzaladı”.
Bunu da Ermənistan Konstitusiya Məhkəməsi aparatının sabiq rəhbəri öz Facebook statusunda yazıb.
Sən demə, 2-ci Qarabağ müharibəsinədək Qarabağ və Ermənistan ermənilərinin “dinc həyatı” var imiş. Rahat, gələcəyə əmin-arxayın yaşayırlarmış. Azərbaycanın heç vaxt azadlıq müharibəsinə başlamayacağına əmin imişlər. Bizi gör nə hesab edirmişlər bu yaramazlar. Ancaq “tələ yiyəsi” bir az gec də olsa, gəldi…
Əslində, erməni xalqı Paşinyana minnətdar olmalıdır ki, kapitulyasiya aktına imza atmaqla onu az qala, bir əsrlik illüziyadan xilas elədi. Erməni xalqı üçün unikal şans pəncərəsi açdı: nəhayət, yalanlarla yaşamaqdan imtina edib həqiqət yoluna çıxmaq fürsəti. Qalır ondan istifadə.
Mifik “artsax”ın uydurma “özünü müdafiə ordusu”na gəlincə, rezüme yerinə qeyd edək ki, Qarabağda “ordu-ordu” tamaşasının sonu böyük ehtimalla uzaqda deyil. Hətta sonuncu “pərdə” oynanılır…