“Altmış min oglanım kəkili dəstə,
Altmış min gəlinim dodagı püstə,
Altmış min toyugum yumurta üstə,
Altmış min ördəyim, qazım olaydı”.
(Aşıq Mustafa)
Son günlərin sosial artım paketləri içərisində ən diqqət çəkəni, şübhəsiz, 5-dən çox uşağı olan ailələrin pulunun çoxaldılmasıdır. Belə ailələrdə 2022-ci ilin yanvarından başlayaraq hər uşağa görə aylıq müavinət 55 manatdan 70 manata qaldırılmışdır. Bu dəqiqə, xüsusilə də prokurorluq orqanlarımızın sayəsində, minnətdarlıq eləmək dəbə minir, mən də fürsətdən istifadə eləyərək çoxuşaqlı ailələrə göstərilən bu möhtəşəm, fantastik diqqətə görə hökumətimizə dərin minnətdarlıq edirəm.
Zarafat deyil, 70 manat. Yığıb-yığışdırmaq çətindir. Hesab elə ailədə 5 uşaq vardır. Bunların hərəsinə 70 manatdan veriləndə, ayda ailəyə əlavə 350 manat pul girəcəkdir. Hələ bu minimum rəqəmdir, əgər ailədə uşaq sayı 6 olsa alınacaq sosial müavinət 420 manata qalxır. 7 olsa 490 manat. Uşaq sayı 10 olsa, 700 manat, 20 olsa 1400 manat! Az qala deputatın maaşı qədərdir.
Niyə millətə uşaqpulu verilmir deyə orada-burada quruldaşan müxalifətçilər də, hesab edirəm, artıq susmağa məcburdur. Zəhmət çəkin, beş uşağınız olsun. Pul da qazanın. Yoxsa hərə bir-iki axsaq uşaq əkir-becərir, hesab edir ki, böyük qəhrəmanlıq edibdir. Dövlətimiz insanları çoxuşaqlı olmağa həvəsləndirir, bu, qeyri-neft sektorunun inkişafı deməkdir! Nigerdə hər arvad orta hesabla 7 uşaq doğur. Azərbaycanda bu rəqəm isə 1,8-dir (2019). Ona görə azalırıq. 1979-cu ildə bizdə bu fertillik göstəricisi 3,9 uşaq olmuşdur. Gör nə qədər eniş var.
Sözgəlişi, qazın-işığın qiymətinin qaldırılması camaatı soyuq havalarda qucaqlaşmağa və adambaşına düşən uşaq istehsalında artıma səbəb olacaqdır. Uzaqgörən hərəkətdir. Alqışlayıram. Harada lazımsa sıx birləşirəm. Beləliklə, qazın pulunun artımından yığılan vəsait əslində təzədən xalqa qaytarılır. Buna “demoqrafik artıma qaz vermək” adı qoya bilərik. Ümid edirəm çoxuşaqlı ailələrə yardım paketi sovet dövründəki uşaqlara da aid edilər (müəllif çoxuşaqlı ailədə böyümüşdür – müəllif). Bizdə bəzi qanunların tərsinə qüvvəsi olur, bunda niyə olmasın? Üstəlik, sosialyönümlü dövlətdə yaşayırıq.
5 uşaqlı ailələrə müavinətin artırılması dövlət büdcəsinə hansı çətinliklər hesabına başa gələcəkdir? Bunu da bizə izah etdilər. Deyir bu saat Azərbaycanda 5-dən çox uşağı olub müavinət alan ailələrin sayı 2500, həmin uşaqların cəmi isə 10 min nəfərdir.
10 min uşağa ayda 70 manatdan ödəsək, bu, hər ay 700 min manata bərabərdir. Böyük puldur. Bizdə elə icra başçıları var ki, uşaqlarına o qiymətə maşın almaq üçün 7 ay əziyyət çəkir, 70 nəfərə maaş kartı açır, 700 dükandan rüşvət yığırlar.
Həmin aylıq il ərzində isə 8 milyon 400 min manata çatacaqdır. Beşdən çox uşağı olan ailələrə bir ildə bu qədər çox pul veririk. Daha niyə narazı olasan? Ancaq əqli qüsurlular belə hökumətə qara yaxar.
Sonda qəzetdə oxuduğum çox maraqlı əhvalatı təkrarən sevimli oxucularımıza çatdırmaq istəyirəm. Keçmiş MTN zəhmətkeşlərinin uca millətimizi qulaqlayıb soyması üzrə məhkəmə prosesləri keçirilir. O proseslərin birində tikinti şirkətinin şefi olmuş adam ifadə verib, deyir 2009-cu ildə MTN əməkdaşları mənim 200 min manatımı zorla aldılar. MTN binasında pulu istəyəndə isə ona Eldar Mahmudovun fotoşəklini göstəriblər. İşarə ediblər ki, pulu bu kişi üçün alırıq.
Doğrudan da, bir zamanlar Eldar müəllimin fotosu ölkəmizdə müqəddəslərin şəkilləri qədər güc-qüdrətə sahib idi. Ağır seyidlərin şəklini avtobusdan asıb qəzadan qurtulduğun kimi, Eldar Mahmudovun şəklinə vəsait ödəyəndə də salamat qalırdın.
Maraqlı çağlar idi. Yoxsa indi… Beş uşaq elə getdi, müavinət belə gəldi… Camaata təzə şəkil lazımdır.