Erməni məntiqini anlamaq üçün yəqin ki, erməni olmaq lazımdır. Yəni başdan xəstə erməni. Keçək mətləbə.
Paşinyanın sözçüsü Vaan Unanyan bu gün deyib ki, Ermənistan Türkiyə ilə qeyd-şərtsiz münasibətləri normallaşdırmağa hazırdır. Hətta Moskvadan kömək də istəyiblər.
Təzə hava deyil. Nikol da, onun Xocalı hərbi caniləri olan sələfləri – sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryan da bunu deyiblər. Bir ara “Sürix protokolları” ilə qardaş ölkə rəhbərliyinin “saqqızını” oğurlamağa cəhdlər də edilib.
Amma yaxşı ki, erməni hiyləsi keçmədi. Ona görə ki, İrəvanın o vaxt da, indi də “qeyd-şərtsiz” dediyi əslində, elə şərt anlamına gəlir. İzah edək.
Ölkələr arasında münasibətlər o vaxt normallallaşır ki, onlar bir-birinin beynəlxalq səviyyədə hamı tərəfindən qəbul olunmuş sərhədlərini qeyd-şərtsiz (!!) tanıyırlar. Əks halda, bu normallaşma yox, sadəcə, ədavətin başqa səviyyədə davamı olacaq.
Ermənistanın isə hələ də qüvvədə olan konstitusiyasında qardaş ölkəyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları yer alır. Biz hələ uydurma “erməni soyqırımı” məsələsini demirik.
İndi belə çıxır ki, Türkiyə ona qarşı rəsmən ərazi iddiası irəli sürən Ermənistanı heç nə olmayıbmış kimi tanımalıdır? Erməni doğurdanmı özünü hamıdan ağıllı hesab edir? Axı bu, İrəvanın ərazi iddiasına bəri başdan haqq qazandırmaq, lap dəqiqi, “ipi öz əlinlə öz boynuna keçirmək” demək olardı.
Düzdür, Ermənistan öz müstəqilliyini elan edən kimi qardaş ölkə onu tanıyıb – digər postsovet respublikaları kimi. Sülhpərvər dövlət olaraq, xoş məram göstərərək. Ancaq Türkiyə Ermənistanı məhz BMT-yə üzv olduğu sərhədlər çərçivəsində, köhnə konstitusiyası ilə (!!) tanıyıb. O zaman ermənilər də zəhmət çəkib Türkiyəni qanuni sərhədləri çərçivəsində tanısın! Bax, Unanyanın xəyal elədiyi “qeyd-şərtsiz normallaşma” yalnız onda olacaq!..
Eləcə də Azərbaycanla münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması iki ölkənin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə və qeyd-şərtsiz (“artsaxsız” filansız, “status”suz-zadsız!) tanımaqdan başlayır. Bu, 2 x 2 = 4 qədər sübuta, şərhə ehtiyacı olmayan aksiomdur.
Odur ki, ermənilər özlərini boş yerə dağa-daşa salıb yormasınlar. Ondansa, vaxt itirmədən fitnəkar konstitusiyalarını, üstündə Ağrı dağının əks olunduğu gerblərini beynəlxalq hüquqa uyğunlaşdırsınlar. Əgər heç olmasa, indiki sərhədlərində dövlət kimi qalmaq istəyirlərsə.
İrəvan 10 noyabr kapitulyasiya sənədinə imza atan tərəf kimi bunu eləməyə borcludur. Özü də bu, əsla könüllülük məsələsi-zad deyil, Ermənistan adına götürülən öhdəlikdir. Öh-də-lik!
Amma işə bax ki, bir il öncə qeyd-şərtsiz kapitulyasiya aktını imzalayan Ermənistan bizə, qardaş ölkəyə neçə vaxtdır şərtli sülh sırımaq istəyir, bizimlə şərtlərlə danışır: Azərbaycana “artsax”- “öz müqəddəratını təyinetmə” ön şərtini, Türkiyəyə isə “soyqırım”-“təzminat”, ərazi iddiası şərtlərini yükləyəcəklərini zənn edirlər. Siz öləsiniz elə…