Noyabr ayı bizdə bayramların bir-birinə qarışdığı aylardandır, o səbəbdən uca millətimiz noyabrın gəlişinə xüsusilə sevinir. Bunun özü də çox maraqlıdır ki, noyabr ayının adı latınca “novem” sözündən alınıb, mənası doqquz deməkdir. Qədim Romada il martda başlayanda noyabr doqquzuncu ay olurmuş, ona görə. Biz isə indi 11-ci aya 9 deyirik. Rəqəmləri tərsinə düzsək, 911 alınır, Amerikada xilasetmə xidmətinin nömrəsi. Ateistlər bunu izah edə bilərmi? Yox. Dünyada möcüzə çoxdur.
Elə bizim bu ay, bu gün – 12 noyabrda doğuluşunu qeyd elədiyimiz milli konstitusiyamız da həmin möcüzələrdən biridir. Dünən mən internetdə həmkarların sədri, deputat Səttar Möhbalıyevin məqaləsini oxudum. Deyir, Azərbaycan Konstitusiyası dünyanın ən mükəmməl qanunlarından hesab olunur.
Əlbəttə. Hətta mən Səttar müəllimi bu yüngülvari qeyri-əminlikdən qurtulmağa səsləyirəm. Necə yəni hesab olunur? Lap qəti şəkildə belədir! “Hesab olunur” riyaziyyata, isbatına ehtiyac duyulan teorem və əməllərə aiddir. Azərbaycan Konstitusiyası isə aksiomdur. Mütləq ideyadır. Almaniyada alimlər tədqiqat aparıblar, aşkara çıxarılıb ki, dahi filosof Hegel 18-ci əsrdə şagirdlərinə deyirmiş: “Mənim bütün yaradıcılığım Azərbaycan Konstitusiyasının bir nöqtəsinə çatmaz”.
Bizim konstitusiya, məncə, müqəddəs kitablardan biri sayılmalıdır. Çünki camaatın çoxu heç orada yazılanları dərk etmək səviyyəsinə gəlib çatmayıbdır. Misal üçün, oxuyursan, görürsən yazılıb: “Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Lap birinci maddədir. Təsəvvür elə. Səni, məni, qonşudakı Sadıq kişini, ondan aşağıda yaşayan Zəhrabəyim arvadı, armudsatan Şəfini, avtobus sürən Cəfəri, uçaskovı Mamedi nəzərdə tutur. Biz hakimiyyətin mənbəyiyik. Ancaq bunu qəbiristanlıq mollaları fatihə verən kimi oxuyurlar deyə, camaat sözlərin məzmununu çox da qanmır. Yəqin belə yaxşıdır. Hər yoldan keçəni hakimiyyətin mənbəyi qoysan, hakimiyyətin mənsəbinə heç zad çatmaz. İnanmırsansa, odur, Neftçalaya get, Kürün Xəzərə töküldüyü yerə bax. Orada artıq çay tərsinə axır, dənizin suyu 70 kilometrə qədər gəlibdir. İdarəçilik belə şeydir, qara camaata üz versən, şor su şirin suyu basar, çay geri axar, dövlətçilik pozular.
Konstitusiya Məhkəməsinin hakimləri də həmçinin, xalqa görünmürlər, çünki şeyxlər, üləmalar, sufi dərgahının mürşidləri-filan kimi zatlardır. Ali mərtəbədə oturublar, bizneslərini… üzr istəyirəm, mənəvi sferalarımızı fırladırlar. Bu da ibarətdir 4 sferadan: ticarət, rüşvət… Lənət şeytana, yenə səhv yazdım. Qatlar budur: şəriət, təriqət, mərifət, həqiqət. Əgər mürşidlər yuxarıdan düşüb xalqın içərisinə gəlsələr, sabah qara camaat konstitusiyanı sayıb, hörmət bəsləyib, ona əməl edərmi? İmam şaftalı ağacı deyil ki, hər yerdə bitsin?
Yaxşı xatırladım, keçən ay Şabranda bir ev yanmışdı, bütün əmlak külə dönmüşdü, yalnız konstitusiyamız salamat qalmışdı. Mən bunu televizorda görəndə başımda tüklərim, ağzımda dişlərim biz-biz oldu. Belə möcüzələri yalnız konstitusiyamızın müqəddəsliyi, göylərdən gəlmə kitab olması ilə izah etmək mümkündür.
Yeri gəlmişkən, bizim konstitusiya 158 maddədən ibarətdir, bu da onun müqəddəsliyinə dəlalət edir. Fikir verin, 158-in rəqəmlərini toplasaq, 14-ə bərabərdir. 1 və 4-ün cəmi isə 5 edir. Tərsinə, 8-dən 5 çıxsaq 3 qalır, bu isə 4-dən 1 azdır. Dəhşətdir. Hələ 158-in içini bir-birinə vursaq 40 alınır. 40 da müqəddəs rəqəmdir, ölü öləndə 40-ı çıxmasını əks halda niyə gözləyirik?
Hələlik bu qədər. Açığı, mən özüm konstitusiyanı yalnız bura qədər dərk eləmişəm, hələ çox şeyi qanmıram.