Deyir hərbi gəlin paltarı hazırlanmışdır, gündəlik kirayəsi isə 300 manatdır. Saytda gəlinliyin fotosunu da qoymuşdular, doğrudan kamuflyaj rənglərdə bir gəlin geyimi idi.
Uca millətimizin fantaziyasına heyranam. Uşaq bağçası, körpələr evindən məktəblərə qədər hər yerdə hərbi geyimli yeni nəslimizə rast gəlirik. Bunun davamı hərbi gəlinlik olmalıydı. Güman edirəm prosesin ardı ümumqoşun ərzaq payına uyğun şadlıq sarayı menyuları, zirehli transportyorla bəy-gəlinin daşınmasının təşkili (Çingiz Abdullayevin sözü olmasın, “Birinci Qarabağ davasında” belə hadisələrə rast gəlmək olurdu, gənclər tankla gəlin gətirirdilər), qızı evdən çıxaranda istehkam qazılması, yengənin minaya salınması, “Bayrakdar”la toyun çəkilişi və sairə zəruri prosedurlar olacaqdır. Vətənpərvərliyi bir an belə unuda bilmərik.
Dövlətçiliyimizin formalaşmasında deputatlar da böyük rol oynayır, baxmayaraq hələ onların uniforması düzəldilməyibdir. Hərəsi ağlına gələni geyinib işə gedir. Ayrıca deputat forması hazırlanmalıdır. Məsələn, Britaniyada deputatlar parik qoyur, mantiya geyinir. Biz isə millət vəkillərini keçəl edə bilərik. Milli adətlərimizə, mənəvi dəyərlərimizə uyğundur, çünki tarixən Keçəl obrazı yüksək ağlı, hiyləgərliyi ifadə etmişdir. Bunlardan Keçəl Həmzəni qeyd etmək olar.
Elə hazırda Britaniyada, London şəhərində bir deputatımızın çoxlu var-dövləti aşkar edilibdir. İngilislər istəyir bu mal-mülkü kişinin əlindən alsınlar. Heç seçicilərimizin rəyini soruşmurlar. Halbuki o evləri deputat seçiciləriylə görüşmək üçün alıb qoymuşdu. Hər il nə qədər şəkili (deputatımız yanılmıramsa o tərəfi təmsil edir) Londona gedir, orada təklif və şikayətlərini deputata çatdırırdı. İndi bəs necə olacaq? Vay bizim halımıza. İngilis xalqına da ayıb olsun ki, deputatın evlərini zəbt etmək fikrindədir. Məncə, biz gələn il kraliça Yelizavetanın ad günü tədbirinə Qarabağ atı göndərməyək.
Deputatın London mənzilləri üzərində dumanın sıxlaşması, qəribə şəkildə dərman bazarımıza təsirini göstərməkdədir. Son çağlar apteklərdə termometr və bəzi uşaq-muşaq dərmanları qəhətə çəkilibdir. Ancaq bu təsirin qəribəliyini bayaq səhv yazdım, əslində gözlənilən, zəhləmgetmiş ekspertlər demiş, qanunauyğun qıtlıqdır. Nəyə görə? Ona görə ki, Londonda malikanələri tapılan deputat ölkəmizdə dərman monopoliyasının başında duran biznesmenlərdən biridir.
Deməli, termometrin yoxa çıxmağında ingilis barmağı vardır. İmkan vermirlər kişi işləsin. (Bu yerdə nədənsə Lalə Şövkətin xatırladım, görəsən, indi o, nə edir? Lap kinodakı kimi soruşaq: “Ya rəb, de görək Mətanət bacı haradadır?”)
Sırf əlaqəlidir. Sən loğman-deputatı sıxırsan, o termometri sıxır, qızdırma da xalqı sıxır. Vallah. İmkan vermirlər yaşayaq. Guya bizə çox lazımdır. Özü ilə aparası deyildi, o Londondakı evlər hamısı bizə qalasıydı. Yenə bu tikib doymuşdu, təzə deputat gəlsə evi Parisdə alacaq. Ora isə ermənipərəst Makronun vətənidir.
Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutundan isə xoş xəbərlər alırıq. Bu qəmli xarici xəbərlər fonunda ümid verirlər. Deyir 3 yeni xiyar növü qeydiyyat üçün dövlət qurumlarına təqdim olunmuşdur. Bunların üçü də az tikanlı və ölçülərinə görə bir-birindən fərqli imiş. Doğrudan da, xalqın hər cür xiyara ehtiyacı var. Xiyarın tikanlı olması heç lazım deyil, bəyəm xiyar qızılgüldür?
Həmçinin iki yeni sarımsaq növü patent üçün idarəyə göndərilib. Bunlardan biri “Möcüzə”, ikincisi “Ayişə” adlanır. Doğrusu, sarımsağın xüsusən indiki pandemiya dövründə möcüzə olmağı şübhəsizdir, ancaq ikinci növün adı bir az təəccüblüdür. Dindarlarımızın gözündən uzaq.