Yaxud Milli Qəhrəmana azadlıq!
General Rövşən Əkbərov 2001-ci ildə Kiyevdə adam öldürməyə görə bu il 10 azadlıqdan məhrum edildi. Maraqlıdır ki, onun cinayət əməli də 20 il açılmamış qalmışdı, baxmayaraq ortada çoxlu ifadələr dolaşırdı, generalın adını qatil olaraq çəkən şahidlər vardı. Lakin şanlı ədliyyə sistemimiz, üzü-üzlər görmüş Femida xalamız nədənsə bu söhbətləri peysərə verərdi. 20 il ərzində adamı çağırıb hətta quruca ifadəsini də almamışdılar.
Nəhayət, bizə məlum olmayan səbəblərdən keçən il generalın qələmini qırdılar. Öncə Zakir müəllim onu müdafiə sistemindən uzaqlaşdırdı, dalıyca cinayət işi açıldı, içəri basdılar, məhkəmə-zad oldu. Sözgəlişi, məhkəmədə generalın əleyhinə ifadə verənlərdən biri keçmiş diaspor nazirimiz Nazim müəllim idi. Guya bu adam generalın öldürdüyü biznesmen Elçin bəylə dost imiş. Necə dostdursa, dostunun ölümündə günahkar olanın 20 il cəzasız şellənməyinə dözmüş, hadisəni açıb-ağartmamışdı.
Keçənə güzəşt deyərlər, hər halda, axırda generala cəza kəsildi, baxmayaraq oxşar qətlləri törədənlərə bizdə daha ağır cəzalar verilər. Buna da şükür. Birdən tutmayıb medal versələr nə edərdik?
Əslində bu yazını yazmağımın səbəbi də elə bu şərti olaraq “medal məsələsi”dir. Bizdə indiyəcən hansı general-filan qəzəb oxlarına, Femida xalanın cırmaqlarına tuş gəlibsə, onun rütbə, təltifləri də mütləq yolunardı. Məsələn, Surət Hüseynov, Rasim Əkbərov, Akif Çovdarov, Hacı Məmmədov və sairə əhvalatları belə olmuşdu. Özü də tək orqan işçiləri yox, ədəbiyyat generalları da oxşar münasibətə tuş gəlir, yazıçı Əkrəm Əylisli erməniləri yuxuda görəndə çoxlu fəxri adlarını geri almışdılar.
Ancaq çox qəribədir, Rövşən Əkbərov həm general, həm Milli Qəhrəman adlarını özündə saxladı. Məhkəmə bunlara əl vurmadı. Təzəlikcə Əkbərova bu fərqli münasibətin səbəbini baş prokurordan soruşdular, lakin o da qəribə, əsrarlı cavab verdi. Sitat: “Qanunvericiliyin tələblərinə görə, bu mütləq deyildir. Qanunvericiliyin tələblərinə görə, zəruri olan hallarda əgər prokuror bunu məqsədəuyğun hesab edirsə, məhkəmə qarşısında vəsasətlə çıxış edir və məhkəmə də müvafiq qurumlara müraciət olunması üçün qərar qəbul edir. Amma bu işdə məsələ məqsədəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb”.
Hansı məqsədə? Bax, biz bunu bilmirik. General və milli qəhrəmanı türmədə olduğu şəkildə saxlamaq yeni hərbi-siyasi proje ola bilərmi? Rövşən müəllim içəridə dustaqlardan batalyon düzəldir, özü olur kombat. Sonra birdən çıxıb Xankəndinə girirlər. Nə biləsən… Üstəlik, bizdə dustaq batalyonu bir dəfə olub. Hərçənd onları açıb buraxmışdılar guya erməniləri qovsunlar, bir də baxdıq Bakıda Elçibəyin özünü kəndə tərəf qovurlar.
Məqsədlər çoxdur. Elə bayaq adını çəkdiyimiz Akif Çovdarova da 12 il həbs vermişdilər, zindanda heç 2 il yatmadı. Pandemiya əfvinə düşdü, keçən il buraxdılar. Başqa nə qədər generallar, vəzifəli şəxslər də olub ki, guya korrupsiya ilə mübarizə, dövlətçilik, qanunların aliliyi adı altında tutub basıblar, lakin cüzi müddət keçəndə azad ediblər. Sanki bütün bu mərəkə gözdən pərdə asmaq üçündür. İnsafən pərdə də yaxşı asılır, hamıya elə gəlir ki, ədalət zəfər çaldı. Ancaq yekunda qanunlarımız zurna çala-çala gedir.
Güman edirəm Rövşən müəllimi ən tez zamanda, lap elə indi elan olunan amnistə salıb buraxacaqlar. Bizə də ayıbdır, Milli Qəhrəmanımızı türməyə basmışıq.