Qarabağa Böyük Qayıdışla bitəcək Böyük Bərpanın strateji hədəfi bəlli: bölgədə erməni separatizminin kökünü kəsmək. Bundan ötrü azad edilən əraziləri səbirlə cənnətməkana, nümunəvi bir diyara çevirmək kimi tarixi missiya durur qarşımızda – dövlət və cəmiyyət olaraq.
Elə bir diyar ki, günü-gündən daha ümidsiz ovqata köklənən “anklav”dakı girov ermənilər möhtəşəm inkişafı görüb də ağızları açığa qalsın, “artsax”a birdəfəlik tüpürüb ya gözəl həyat dalınca “bu tərəfə” keçməyə can atsınlar, ya da ümumiyyətlə, oralardan çıxıb getsinlər…
Azərbaycanın əsas hədəfini əlbəttə ki, hamıdan yaxşı elə “Şeytan yuvası” Xankəndindəki separatçı tör-töküntülər bilir və hesablayırlar. O üzdən zərrəcə təəccüblü deyil ki, Azərbaycan dövlətinin apardığı qibtəedici quruculuq işlərinə kölgə salmaq üçün bu şərəfsizlər hər cür uydurmalara əl atır, oyunlardan çıxırlar.
Misal üçün, az öncə – İranla münasibətlər gərginləşəndə özünü komik şəkildə “artsaxın XİN rəhbəri” adlandıran, Bakının çoxdan beynəlxalq axtarışa verdiyi David Babayan iddia eləmişdi ki, guya Azərbaycan Qarabağda bu qədər sayda hava limanlarını, bahalı yeraltı tunelləri ən əvvəl İrana qarşı nə vaxtsa başlanacaq hərbi əməliyyatlar, yəni silah-sursat daşımaq üçün inşa edir.
Və ya onların Qarabağda olmayan “erməni mədəni-dini irsinin dağıdılması” ilə bağlı qaldırdıqları hay-küy. Bu da sözsüz ki, erməni obıvateldə Türkə qarşı ədavəti yüksək səviyyədə saxlamağa və anklavdakı əhalinin dağılışıb getməsini əngəlləməyə xidmət edir. Halbuki, Azərbaycan dövləti əksinə, Qarabağda bütün dini-mədəni abidələri öz kontroluna altına alaraq, onları qoruyacağını bəyan edib. Özü də dəfələrlə. Təmirə ehtiyacı olanlar isə təmir edilir.
O ayrı məsələ ki, erməni adı ilə təqdim edilən kilsələrin mütləq əksəriyyəti qriqoryanlaşdırılmış qədim alban məbədləridir. Separatçıları təlaşlandıran da odur ki, həmin kilsələrin öz halal sahiblərinə qayıdışı ilə erməni separatizminə, əsassız ərazi iddialarına növbəti sarsıdıcı zərbə vurulacaq. Axı, yanılmırıqsa, Qafqaz albanları Qarabağ azərbaycanlılarının əcdadları olublar…
Bərpa beynəlxalq səviyyəli mütəxəssislərin iştiraklı ilə uğurla gedir və gec-tez hamı, öncəliklə Qarabağda ilişib qalmış ermənilər reallıqla barışmalı olacaqlar. Bu isə ilk növbədə özümüzdən, apardığımız və aparacağımız taktika və strategiyanın, təbliğat işi və informasiya savaşının çevikliyindən asılı olacaq.
Məsələn, niyə də “artsax”ı və “status”u ermənilərə daha tez unutdurmaq üçün və önləyici addım kimi, Qarabağdakı erməni əhaliyə Azərbaycan vətəndaşlığı təklif eləməyək, onlara Azərbaycan pasportları paylamayaq? Şübhə yox ki, “çörəyi” xunta rejimindən çıxan radikal elementlər bunu dərhal süngü ucunda qarşılayaraq, bədbəxt ermənilərin beynini yenə “vəhşi Türk” obrazı ilə yumağa, onları “Bakının növbəti təxribatçı planı” ilə qorxutmağa çalışacaqlar.
Olsun. Ancaq ən azından sadə ermənilər biləcəklər ki, onların seçimi var. Bəd ayaqda Azərbaycan dövlətinə sığına bilərlər – təbii ki, bizim xalqa qarşı cinayət törədənlər istisnadır. Onlar yalnız bizim türmələrə sığına bilərlər…
Bakının belə bir təklifi “status”la bağlı onsuz da getdikcə daha dərin xəyal qırıqlığına uğrayan ermənilərdə tərəddüdü və Azərbaycana qarşı inamı gücləndirəcək. Seçimi yaxınlaşdıracaq. Üstəlik, böyür-başlarında – Qarabağda nəhəng quruculuq işlərini görüb bir az da ürəklənəcəklər.
Çünki yeni və normal iş yerlərinin olacağına əminlik hasil edəcəklər. Əmin olacaqlar ki, varlı Azərbaycan Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan torpaqları da qısa zamanda bərpa edib müasir və inkişaf eləmiş diyara, turizm məkanına çevirə bilər. Ruslar ordakı ermənilərə bir ildir “balıq” verir. “Balıq” isə bir gün tükənəcək. Amma Azərbaycan onlara “tilov” verə bilər ki, həmişə “balıqları” olsun.
Xülasə, niyə Xankəndini də “ağıllı şəhər”ə çevirməyək ki? Hər mənada.
Əslində, bir şey qalmayıb…