Birdən görürsən saytda xəbər gedib: “Yüksək vəzifəli şəxs həbs olundu”. Açıb baxırsan, hansısa ucqar rayonda xəstəxananın baş həkimi rüşvət aldığı yerdə yaxalanmışdır. Qəribə durumdur. Bizdə indi baş həkim də yüksək vəzifə sayılır. Hələ kişinin oğlu nə qədər rüşvət istəsə yaxşıdır? İki min manat. Yetim bunun da hamısını ala bilməyib, orqanlar cəmi 1000 manata gözəgörünməz işarə vuraraq tutub qoduqluğa saldılar.
Hər min manata adam tutsaq, ölkəni türmə elan eləməli, ətrafına tikanlı zəncirlər çəkməliyik. (Dəli şeytan deyir faktiki durum belədir. Yox, türmə deyilik, müstəqil respublikayıq, bu baxımdan yazmıram. Tikanlı zəncirlərin sərhədlərimizdə olmasına nəzərən yazdım. Mən, ümumiyyətcə, respublikamızda görülən, görülməkdə olan və görüləcək bütün işləri alqışlayıram, dəstəkləyirəm, ətrafında sıx birləşirəm. Özüm də milli dəyərlərimizə sadiqəm).
Türkün sözü, ilginc olan isə təkcə bunlar deyil. Adamın adı tanış gəldi, diqqətlə baxıram, bu ki, bizim köhnə personajımızdır! 4-5 il qabaq bir qrup lotu həmin bu baş həkimin yanına yüngül zənənlərdən birini salmış, intim videolarını çəkmişdilər. Sonra başlamışdılar o videolarla həkimi şantaj eləyib bala-bala sümürməyə. Hardasa 130 min manatını almışdılar. İş məhkəməyə çıxdı, dələduzlara neçə ilsə verdilər. 2019-cu ildə – bu dəqiq yadımda qalıb. (Guya. İndicə Google-da baxdım).
Həmin məhkəmədə dələduzlar şantaj ittihamını rədd eləmişdilər. Demişdilər bu pulu baş həkimdən onu… səhiyyə naziri qoymaq üçün alıblar. Nə az, nə çox. Xeyli inandırıcı söhbət idi. Bircə ona inanmaq olmurdu ki, bizdə nazir vəzifəsi niyə bu qədər ucuzlaşmışdır. Tural Abbaslı demişkən, icra hakimləri 600 min manatlıq maşın sürür…
Üstündən 3 il keçir. Deməli, bu müddətdə əlaqədar orqanlar baş həkimin öz vəzifəsində qalmasına razı imişlər. Rüşvət verib, ya şantajla üzləşib – dəxli yoxdur. Bu adamın mənfi imicə malik olduğunu görmək çətin deyil ki. Lakin ona dəxi 3 il dözüblər. Ki, gedib bir də 1000 manat rüşvət alsın, sonra tutsunlar. Nədir bu? Korrupsiya sistemində sınaq müddətidir? İnsana özünü doğrultmaq üçün verilən fürsətdir? Hər nədirsə, şəxsən mən qanmıram. Yenə hörmətli Tural bəy demiş, kasıb adamlarıq, haradan bilək.
Bəlkə 3 il daha dözülsə, səhiyyə naziri olacaq adam idi? Nə biləsən…
***
Sonda mövzuya dəxli olmayan bir kədərli gündəm olayına münasibətimi yazmaq istərdim. Söhbət tanınmış idman jurnalisti Elnur Əşrəfoğlunun ölümündən gedir. O, iki gün qabaq ağır və uzun sürən koronavirus xəstəliyindən həyatını itirdi. Mən dinə inanan deyiləm, ancaq onun sağalması üçün dua eləyən adamlardan biri idim. Təəssüf ki, istəyimiz yerinə yetmədi.
Elnur bəylə elə bir xüsusi münasibətimiz olmayıb. Yalnız uzaq 1998-ci ildə 2 dəfə futbol oynamışıq. O, AzTV-nin komandasını təmsil eləyirdi, mən çalışdığım müxalifət qəzetini. Bir dəfə böyük stadionda, bir dəfə də deyəsən, mini-futbol oynamışdıq. Həmin vaxt biz hansı media quruluşunu təmsil elədiyimizə qəti fikir vermədən yetərincə isti, mehriban münasibətlər qura bilirdik. Ümumiyyətlə, Elnur Əşrəfoğlu yadımda yaxşı adam kimi qalıb. Görünür, kiminsə yaxşı adam olduğunu anlamaq üçün bəzən onunla meydançada doxsan dəqiqə top qovalamaq da bəs eləyir.
Başqa nə yazım? Ümid eləyək “o dünya” deyə bir yer var və biz Elnur bəylə orada yenidən rəqib komandaların tərkibində üzləşərik. Bir dəfə onun komandası udar, bir dəfə mənim komandam. 1998-dəki kimi.