“Burada oturma, orada otur,
Cəhənnəmdə, gorda otur”
(Azərbaycan ata sözü)
Dünən çox sevindirici xəbər aldıq, millət uzun-uzun bayram elədi, hətta bəzi toylarda bu sağlığa badələr qaldırıldı. Çünki Operativ Qərargahın daha bir icazəsi qüvvəyə minmişdir: 11 oktyabrdan məhkəmə binalarına girmək üçün COVİD-19 pasportu tələb olunacaqdır.
Əlbəttə, hörmətli oxucuların bəzi bisavad hissələri iddia edə bilər ki, əşşi, bunun nəyi icazədir, əgər qadağa qüvvəyə minmişdirsə? Görünür, ölkəmizi yaxşı tanımırlar. Bizdə bütün icazələr qadağa şəklində hazırlanır. “Əl vurma, öldürər”, “Fikirləşmə başın şişər”, “Danışma, ağzını yum”, “Toplaşsanız dağıdarıq” və sairə – ictimai şüarlarımızdan da proseduru aydın görmək olar. Xaricdə qapı-pəncərə açmaq üçündür, bizdə bağlamaq. Xaricdə şəhər insan yaşamaq üçün salınır, bizdə maşın sürmək üçündür. Camaat yaşamaq üçün yeyir, bir yemək uğrunda yaşayırıq. Dünyada dövlət xalq üçün yaradılır, bizdə xalq dövlət üçün canından, var-dövlətindən keçir.
Məhkəmə binalarına vaksin pasportu olmadan girişin qadağan edilməsi isə bir az absurd durum yaradacaqdır. Örnək üçün, bizim konstitusiyaya görə hər bir vətəndaşın müdafiə olunmaq hüququ vardır (26-cı maddə). Bəs indi müttəhimin, onun vəkilinin vaksin pasportu olmasa, bu hüquq nə cür təmin ediləcəkdir? Yəqin ən yaxşısı olar ki, vaksin pasportu olmayan müttəhimləri məhkəmə salonuna buraxmasınlar, yəni azad eləsinlər, çıxıb getsinlər. Başqa yolumuz qalmır.
Yeri gəlmişkən, əlaqədar orqanlar bu vaksin oyunlarını hansısa dəqiq qaydalarla aparsalar yaxşı olardı. Örnək üçün, bəzi yerlərdə vaksin canlı prosesdir, bəzi yerlərdə onlayn növbə ilə. Mən özüm əlacım kəsildiyi üçün (faktiki ölkəni üzümüzə qapadırlar) vaksin olunmağa getdim. Hara? Təsəvvür eləyin ki, “Yeni klinika” adlanan dəlixanaya. Bunu acıq üçün yazmıram, proses belə göstərir. Bakının ən enli prospektində ucu-bucağı görünməyən klinika tikiblər, lakin burada müalicə və başqa prosedurlar sıfırın altındadır. Baş həkimi-filanı tutublar, yenə düzəlmir. Ora aparılan korona xəstələrinin az qala hamısı ölür. Niyə prokurorluq bunu araşdırmır?
Qayıdıram səhvimə. Qısası, qələt eləyib getmişik bu klinikaya vaksinə, şlaqbaum-qapıda duran uniformasız, maskasız bir tip bildirir ki, gərək onlayn növbə tutasınız. Bəlkə mən heç internetə girə bilmirəm, ölməliyəm? Sağlıqla bağlı qaydalarda “mütləq onlayn” deyə prosedur qoymaq savadsızlıqdır – yumşaq yazsam. Üstəlik, beş-on gün öncəyə qədər klinikaya gələnlər onlayn növbəsiz vaksin ala bilirdi, indi isə qapıya elan vurublar – bunsuz olmaz. Əgər qapıda heç bir basabas yoxdursa, niyə vətəndaşı bezdirib qapıdan qovursunuz? Sonra deyirlər xalq vaksin olunmur, saxta sənəd alır və sairə.
Yaxud şəhərdə, xüsusilə iri ticarət mərkəzlərinin girişində absurd yoxlamalar aparılır: adamların COVİD-19 pasportu, şəxsiyyət vəsiqəsi, hətta saytda “QR kod”un skan edilməsi etibarlı sayılmır. Təzədən şəxsiyyət vəsiqəsindəki fin kodu (axırdan öncəki yeddi rəqəm) yazıb araşdırma aparırlar, nəticədə uzun quyruqlar yaranır. Əgər yuxarıda saydığım bir sürü merət lazım gəlməyəcəkdisə, xalq kütləvi saxtakar sayılacaqdısa, o bürokratik zir-zibilə nə ehtiyac var, elə iynəni vurun, millət çıxsın getsin, sonra da qapılarda fin-kodunu göstərsin. Mən bunu “Dəniz Mall”da yoxlayıcıya deyəndə orijinal cavab almışdım: “Bizim rəhbərlik heç kimə tabe deyil, tapşırıb özünüz ayrıca yoxlayın”. Əlbəttə. Ölkədə o qədər müstəqil rəhbər var ki.
Daha bir idiotizm koronaya yoluxanların peyvənd olunmasında yaşanır. TƏBİB bəyan edib ki, xəstəlikdən sağalanlar 6 ay sonrakı ilk 1 ay ərzində yalnız 1 doza vaksin qəbul etsələr peyvənd olunmuş sayılırlar, ikinci dozaya ehtiyac yoxdur. Ancaq camaatı yenə ikiqat peyvənd edirlər! Sanki peyvənd bolluğuna düşüblər.
Sonda əlaqədar orqanlara demək istəyirəm ki, sizin kimi viruslar olan yerdə koronavirus qələt eləyir.