“Qırx igidimi saxlayırdım bu gün üçün”
(“Kitabi-Dədə Qorqud”)
Bugünlərdə ABŞ mətbuatında çox qalmaqallı bir informasiya dərc edilib. Daha dəqiqi, “Təhlükə” adında kitab çıxıb. 2020-ci ildə seçkilər ərəfəsində prezident Trampın qeyri-adekvat davranışları hər kəsin yadındadır. Onun çıxışları sayəsində camaat axışıb Ağ evin, Konqres binasının ətrafında, içində dağıntılar, iğtişaşlar törətmişdi. Sən demə bu kimi prosesləri görən yüksək vəzifəli general – ABŞ ordusunun birləşmiş qərargah rəisi Mark Milli hələ seçkidən 4 gün öncə – 30 oktyabrda Çin ordusunun baş qərargah rəisi Li Szo Çenə zəng vuraraq Trampın Çinə hərbi zərbə vurmaq fikrində olmadığını, əgər belə ehtimal yaranarsa Çini əvvəlcədən xəbərdar edəcəyini bildiribmiş. Bunu 2021-in 8 yanvarında da təkrarlayıbmış. Zəngi, hadisəni el dilində belə açıqlamaq olar: “Bizim prezidentin başı xarab olub, əlindən hər xəta çıxa bilər, xahiş eləyirik bunu anlayışla qarşılayın. İşdi-şayət, bizdən sizə tərəf nəsə raketdən-zadda uçsa cavab atəşi açmayın”.
İndi ABŞ-da bir qrup adam – içlərində Tramp olmaqla – general Millini satqın, xain adlandırır. Doğrudan da, məntiqlə Millini hardasa “Amerikanın Nəcməddini” saymaq olar. Prezident Bayden isə generalın tərəfini tutub, ona hərtərəfli etibar etdiyini açıqlayıb.
Rusiyada it ilindən qalma bir xarici işlər naziri var. Guya ən hörmətli, təmiz, korrupsiyaya qurşanmamış adamdır. Elə sadə ruslar arasında bu imicinə görə Putin onu parlament seçkilərində partiya siyahısının başına, ikinci sıraya qoymuşdu. Ancaq təzəlikcə çox komik faktlar ortaya çıxdı: sən demə dünyanın altıda birinin faktiki, qalan hissələrinin də sərsəm iddiaçısı olan imperiyanın xarici siyasət idarəsinin müdirini bir məşuqə fırladır. Nazir bu məşuqəsini bütün səfərlərə daşıyırmış. Hətta məşuqənin anası, azyaşlı qohumları diplomatik heyətlərə salınırmış. (Məşuqənin bir neçə il qabaq naziri Bakı səfərində müşaiyət etməsi, yerli rəssam Sakit Məmmədovla birgə fotoları da süjetlərdə yer almışdı. Dünya siyasətində bizim iştirakımız sevindiricidir). Nazirin məşuqəsini və özünü bu bahalı əyləncələrdə oliqarx Deripaska saxlayırmış. Əvəzində nazir Deripaskanın xarici biznesi üçün əldən-ayaqdan gedirmiş.
Əslində Putinin özü də süddən çıxmış ağ qaşıq deyil, onun bioqrafiyası ağ-qara ləkələrlə doludur. Ancaq bu uzun geopolitik şərhləri yazmaqda məqsədimiz bu deyil. Dünyanın dərdi bizə qalmayıb, öz dərdimiz özümüzə bəsdir. Ona qalsa adama deyərlər sizdə də 17 il regionda daxili işlər naziri olmuş adam saxta ştat açıb yonca biçməyə adam saxlayırmış. Təsəvvür elə. Poqonlu bir adam əlində dəryaz yonca biçir. Gör ərazidə asayiş necə təmin edilibmiş. Təmiz bekarçılıq imiş.
Bəs məqsəd nədir? Məqsəd 27 oktyabr Milli Anım Günümüzün əhəmiyyətini vurğulamaqdır. Dünya siyasətini bu cür bir sürü oğru və idiotun fırlatdığı dövrdə neçə illər işğal altında qalan torpaqlarını geri almaq üçün əməliyyatlara başlamağın hansı risklər daşıdığını anlamalıyıq. Bu yolda həlak olan igid oğullarımızın missiyasını dərk etməliyik. Pafos üçün yazmıram, heç ehtiyac da yoxdur. Onsuz qəhrəmanlıq yolunu seçənlər bunu kimin üçünsə, nəyinsə uğrunda eləmirlər, ilk növbədə özləri üçün eləyirlər. Babək bu ərazilərin övladı olub axı: “Qırx il miskin qul kimi yaşamaqdansa, bir gün ağa kimi yaşamaq yaxşıdır”.
Hələ də qarı düşmən şey olub, qapı örtüləndən sonra “status, ATƏT qrupu” söhbəti eləyənlər var. Adını müsəlman qardaş qoyub erməniyə dayılıq eləyənlər var. Bunlar da hamısı üst-üstə yığılıb igidlərimizin – canını azadlığımız yolunda qurban verənlərin önəmini dəfələrlə nümayiş etdirir.
Dünyada hər xalqın öz milli məsələsi var.