“Yalnız bir xeyir var – bilik. Yalnız bir şər var – nadanlıq”
(Sokrat)
Dərslər təzədən ənənəvi qaydada başladı, əsas valideynlər sevindilər. Pandemiya zəhmətkeşlərimizə məktəbin nə qədər vacib olduğunu qısa müddətdə anlatmışdır. Dərs oxumaq, elm öyrətmək mənasında yox, əlbəttə. O mənada ki, uşaqlar evdən çıxıb harasa gedirdilər, valideynlərin həmin saatlarda başı-beyni dinc olurdu. Yoxsa məktəbin həyatımızda elə önəmi qalmamışdır. Hətta bu gün məktəb daha çox tədrisə, təhsilə nifrət ocağına dönübdür. Hər il yeni məktəblər, liseylər açmaqla, boş partalara çanta düzməklə iş düzəlmir ki?
Sanki rəhbərlik də canlı məktəblilər, müəllimlər, məktəb direktorlarıyla görüşməyin sağlığa zərərli olduğunu çoxdan qət etmişdir, heç zaman yeni dərs ilinin açılışına qatılmır, məktəblərin qırmızı lentini isə kollektivin iştirakı olmadan bir gün qabaqdan kəsirlər. Azərbaycanda faktiki olaraq məktəb açılışı ilə taxta sexinin açılışı arasında heç bir fərq yoxdur. Hətta taxta sexi daha canlı olur, görürsən 3-4 fəhlə mişar əlində durmuşdur.
Sabir ünlü şeirini indi “Ey gözüm, ey canım, Getmə məktəbə, cavanım” kimi yazardı. Bu yaxında bir məktəbli uşaq sinif rəhbərinin sosial şəbəkədə paylaşdığı roliki mənə göstərdi. Orada iki uşaq yerə xalça sərib dua eləyirdi. Bu zaman onlardan birinin başı üzərində xəyali buludun içində pul, var-dövlət, ikincisinin üzərində isə ya bahalı telefon, ya maşın – dəqiq yadımda qalmayıb – peyda olurdu. Yəni bu uşaqların dua zamanı belə maddi zadlar istəməsinə işarə vurulurdu. Lakin qəfil ortaya başqa namaz qılan uşaq girirdi, bunun təpəsi üstündəki “buludda” isə dini kitab, təsbeh-zad təsviri görünürdü. Axırda pul, maşın istəyən uşaqlar yerə yıxılıb od içində yanırdılar, duası dinə aid uşaq sağ qalırdı. Videoya bax, imana gəl, necə deyərlər. İndi sinif rəhbəri bu ağılın yiyəsidirsə, görün orada adi müəllimlər hansı vəziyyətdədir. Maşallah. Əlhəmdüllah.
Maraqlıdır ki, dərs ilinin açılışı ilə eyni gündə bizim sərhəddə 500 milyon dollarlıq narkotik maddə tutuldu. İrandan Avropaya aparmaq istəyirdilər. Sürücü də iranlıdır. Yəqin Ərdəbilin mollası Seyid Amuli bu maşının saxlanmasına da etiraz edər, “quyruğumuzla oynayırsınız” deyər. (Şükür, şeyximiz aranı düzəltdi, deyir şir yox, quş olaq). Maraqlıdır ki, İrandan bizə dinlə yanaşı narkotik gəlir. İkisi bir-biri ilə vəhdətdə olduğuna görədir. Marksın “Din xalq üçün tiryəkdir” müdrik fikri yadımızdadır. Heyf, sovetlər dağılandan bu aforizmi məktəblərdən, dərsliklərdən pozdular. Saxlamaq lazım idi.
Hələliksə koronanı ilan zəhəri və sistemlə, baş ağrısını eşşək südü, qarın ağrısını qaynadılmış sarımsaq tozu ilə müalicə eləyib yola veririk. Əsas odur, iqtisadiyyat nazirimiz demişkən, qeyri-neft sektorumuz inkişaf edir. Məsələn, ipəkçilik. Bunu icra hakimiyyətində işləyən bir tanışdan da eşitmişdim: “Camaat əməlli qazanc götürür, baramada bilirsən nə pul var?!” Statkom isə hesabat verir: ipəkçilik son iki ili ziyanla başa vurmuşdur. Molla Nəsrəddin demişkən, bu pişikdirsə, ət hanı, ətdirsə pişik hanı? Kənd təsərrüfatımızın da yüksək templə inkişafını birtəhər qandıq, bəs yay qurtarmağa macal tapmamış pomidor niyə Maqadan qiymətinə qalxıb? Un xaricdən gəlir, buna görə çörəyin dəyərinə beş-on qəpik neft pulu verək, çörəkçi qiyməti qaldırmasın, camaat yavan yeyir onsuz. Pomidoru yazdıq, kartof yağış olmayıb deyə qoz boydadır, üzüm çaxırdan, şəkər tozu konfetdən bahadır. Gəl indi iqtisadiyyatımızın hara, necə, nə cür inkişaf elədiyinin məntiqini anla.
Dərs də keçmirlər anlayaq.