Qərb ölkələri ilə Şərqdəki dövlətlərin əsas fərqi odur ki, birincilər öz aralarındakı və daxillərindəki problemləri xırda istisnalarla əsasən həll ediblər. İndi 100 il əvvəl olduğu kimi, onlar bir-birinin ərazisinə iddia etmirlər. Hətta Lüksemburq, Lixtenşteyn, Andorra, San-Marino, Cəbəllütariq kimi cırtdan dövlətləri ilhaq etmək istəyən də yoxdur.
Şərqdə isə nəinki cırtdan dövlətlərə müstəqil yaşamaq imkanı vermirlər, hətta orta boylu, arıq dövləti işğal edib, öz əyalətlərindən birinə çevirmək istəyirlər.
Yuxarıda adları çəkilən “Avropa cırtdanları” ona görə firavan ölkələrdir ki, böyük ordu saxlamırlar, müdafiə xərcləri yoxdur, əsas vəsaitlərini iqtisadiyyata və sosial sferaya yönəldirlər, bütün qonşularıyla da mehribandırlar.
Şərqin “kiçik”ləri isə “çəki”lərindən 3 dəfə ağır silah daşımalıdırlar ki, iri və qonşu dövlətin əyalətinə çevrilməsinlər, yaxud daha da parçalanmasınlar. Kiçik İsrail dövləti çoxdüşmənli ortamda varlığını böyük hərbi gücü və nüvə silahı hesabına zor-güc qoruya bilir.
Avropada artıq insanların hansı millətdən olmasının önəmi qalmayıb, kim bacarıqlıdır, səriştəlidir, milli mənşəyinə baxmayaraq, nazir, deputat, mer ola bilər. Məsələn, London kimi böyük meqapolisin meri 5 ildir ki, pakistanlı Sadiq Xandır.
Asiyada isə bir səriştəli kadrın hansı millətdən olmasının böyük önəmi var. Əgər o, hakim etnosun, çoxluğun nümayəndəsidirsə, önündəki qapılar açılacaq, milli azlığa mənsubdursa, işi çətin olacaq, gərək öncə onlara ayrılmış kvotaya daxil olsun.
Şərqdə kadr və regional inkişaf məsələsində həlledici amillərdən biri bir çox hallarda milli çoxluq-azlıq məsələsi olmaya bilər, amma klan faktoru güclüdür. Mütləq hər ölkədə dövləti idarə edən bir regional klan (və ya müttəfiq klanlar) var ki, dövlətin həlledici postlarını (güc nazirlikləri, gömrük, vergi, təhsil, səhiyyə və s.) öz təmsilçiləri arasında paylaşdırır.
Avropada iri dövlətlərin mənafeləri toqquşanda heç də biri dərhal o birinin daxilindəki separatizmə meylli etnik azlığı qızışdırıb ortaya çıxarmır. Elə olsaydı, İspaniyada katalonlar və basklar, Fransada korsikalılar, İtaliyada sicilyalılar, Britaniyada irlandlar qonşu dövlətlərdən daima hərtərəfli dəstək görər, öz dövlətlərinə problem yaşadardılar.
Şərqdə isə yol-sərhəd-gömrük məsələsində xırda problem yaranan kimi qonşunun zəif damarının üstünə basır, separatizm hərəkatı başlatmaq qərarı verirlər. Məqsəd heç də bir etnik azlığa hansısa hüquqlar əldə etmək deyil, bu faktordan yararlanaraq öz sözünü deyən dövlətə təzyiq göstərməkdir. “Hami” dövlət öz əsas məqsədinə nail olduqdan sonra intriqaya girdiyi dövlətlə anlaşacaq, qızışdırılmış etnik azlığı taleyin ümidinə buraxacaq.
Şərqdir burası, burada belə şeylər xəyanət yox, siyasət sayılır. Ara yerdə isə bütöv bir xalqın iqtiqbalı puç olur.
Ayrıca Şərq dövlətlərinin hələ rəsmi adını almayan, amma “məmlüklər sindromu” adlandıra biləcəyimiz bir problemi də var. Bu, mütəşəkkil etnik camiənin gizli və siyasi zəmində birləşərək azlıqda olduqları dövlətin mühüm postlarını ələ keçirmələri, etnik çoxluğun üzərində hakimiyyət qurmalarıdır.
Vaxtilə Orta Asiyadan və Qafqazdan Misirə kölə kimi aparılan döyüşçülər sonradan necə mütəşəkkil qaydada Misir, Suriya və Hicazda hakimiyyəti ələ keçirib dövlət qurmuşdularsa, indi də bəzi Şərq ölkələrində bənzər proses gedir, fəal azlıqlar etnik zəmində yaradılmış və elan olunmamış partiyanın üzvləri kimi hərəkət edirlər.
Şərqdəki dövlətlərlə Qərb dövlətlərinin arasındakı fərqlər bir bunlar deyil, çoxdur.
İkincilər vahid ittifaqda birləşməyə, vahid gömrük siyasəti yeritməyə, vahid valyuta, ordu yaratmağa, ümumi sərhədlər formalaşdırmağa meyllidirlərsə, birincilər daha da parçalanmağa, aradakı tarixi düşmənçiliyi yenidən alovlandırıb dərinləşdirməyə, qonşunun zəiflədilməsi hesabına özünü gücləndirmək niyyətindədirlər.
Ona görə də bu regionda dinclik, firavanlıq, qalıcı sülh yoxdur.