“Nə qədər ki, elm bizim ayrı şey olduğumuzu sübut etməyib, bəlkə o vaxta qədər adam olaq?”

(Stanislav Yeji Lets)

Heyvanlara dövlət səviyyəsində yüksək hörmət qoyulur. Qabaqlar bizdə bir zoopark vardı, ərazisi cəmi iki hektar yarım. Sovet hökumətindən qalmışdı. O zamanlar kommunistlər bütün canlıları sıxışdırırdılar, insanlar 5 metrlik xruşşovka və naxalstroylarda çürüyürdü, heyvanlar da bir-birinin qarnına girirdi – sözün hər mənasında. Bakı zooparkında o vaxtlar pələnglə eşşəyi, meymunla maralı, qartalla tovuzquşunu, qazla balığı eyni qəfəsdə saxlayırdılar. Biabırçı vəziyyət idi. Ona görə xalq meydanlara axışdı, mənim yadımdadır, 1988-ci ildə Elçibəy tribunadan çıxış eləyəndə demişdi ki, biz müstəqil olsaq hər bir heyvana təbiətinə uyğun şərait yaradılacaqdır.

Şükür, indi o günləri görməkdəyik. Bakı Zooparkı genişlənib dörd hektar yarıma çatmışdır. Bundan başqa, köhnə zoopark remont ediləndə heyvanları Qaradağda müvəqqəti sahəyə köçürmüşdülər. İndi heyvanlar yavaş-yavaş təzələnmiş, müasir işıq dirəkləri, asfalt yollar, parklar, müasir oturacaqlarla bəzədilmiş yeni heyvanat parkımıza qaytarılır, Qaradağdakı müvəqqəti zoopark isə tam boşalmır. Oranın müdiri jurnalistlərə intervü vermişdir, deyir xəstə və qoca pələngi, bal yalayanda yıxılıb pəncəsini qıran ayını, kolbasa sexindən qaçan yabını, dağa-daşa dırmanmaqdan bezən keçini, saatı xarab olmuş xoruzu, Statkomun illik eşşək hesabatından gizlənən uzunqulağı və sairə problemli heyvanları burada saxlamaq qərarına gəlmişik, çünki daşısaq yolda ölərlər. (Hərçənd, Bakı Nəqliyyat Agentliyində peşəkar sürücülər var, avtobusu saatda yüz əlli ilə sürürlər, heç kim də ölmür. Niyə onların əməyindən istifadə olunmur, bilmirəm). Hələ bəzi ölkələrdə xəstə heyvanları elmi dildə yazsaq, evtanaziya edirmişlər, yəni vurub öldürməyə icazə varmış, ancaq bizim çiçəklənən ölkəmizdə humanizmi, rəhbərliyin göstərişlərini nəzərə alaraq heyvanları öldürmək qadağan olunmuşdur. Yalnız öz əcəlləriylə ölə bilərlər.

Əhsən. Bravo (reklamdır, bu yazını telefon ekranına tutun, sizə keş gəlsin). Gözüm yaşardı. Yeri gəlmişkən, bizim heyvanlara insani münasibətimizi vaxtilə işğal altında olan Qarabağdakı ilanlar hamıdan öncə hiss etmişdilər. Ermənilərin əlindən qaçıb bizim yanımıza gəlirdilər. Bununla yanaşı, Bakı metrosunda, ictimai yerlərdə, universitet auditoriyalarında, bəzi nazirlik və əlaqədar orqanlarda, bələdiyyə və parlamentdə savannadan gəlmiş antiloplara, Avstraliyada meşə yanğınından ədalətimizə, həmçinin, FHN-ə sığınan koala, ördəkburun və kenquru balasına rast gəlinir. İstiqlaliyyət küçəsində kondor oturub ət dönəri yeyirdi. Bir dəfə mən dənizkənarı bulvarda delfinlə söhbətləşən görkəmli şairimiz Rəşad müəllimi gördüm. Sahil metrosunun qabağındakı parkda Anar müəllimin alpakanın belində cəngavər kimi cövlan elədiyinə şahidik. Təbii ki, hələ görüləcək işlərimiz çoxdur, əldə edilən nailiyyətlərlə kifayətlənmirik.

Bütün bunları həm də xarici düşmənlərimizin “şirin quyruğuyla oynayırsınız”, nə bilim, “yatmış ayını oyatmayın” tipli atmacalarına cavab olaraq yazıram, qeyd edirəm. Yoxsa kimin kim olduğunu hamı bilir, artıq sözə ehtiyac yoxdur. Bizim şirdən-zaddan qorxumuz yoxdur, istəsək şirin praydını düzəldib Kürdəmir savannasına buraxarıq, Bakıdan Qazaxa gedən yolçuları tutub yeyərlər. Məsələn, cazmenimiz Cavan Zeynallının əsl pasport adının Cavanşir olduğunu təzə öyrənmişəm. Adam şir hissəsini xoşu gəlmədiyi üçün silib, atıb. Şir ehtiyacımız olsa, saxlayardı. Hələ 10-15 il qabaq zooparkımızda bir şir var idi, Dağıstandan, Çeçenistandan, Ərəbistandan, Orta Asiyadan dindarlar onun ziyarətinə gəlirdi, çünki şir nərildəyəndə “Allah, Allah!” söyləyirdi. O zaman müxalifət özündən söz uydurmuşdu ki, guya şiri ac saxlayırıq, ona görə Allaha yalvarır. Hələ bir yaramaz qəzet yazmışdı şir Rusiyanın 5-ci kolonudur, “Alla” deyir.

Gəlin heyvanları sevək, onlar bizim qardaşımızdır.