“Əri döyən arvadı, it də tutdu bir yandan”
(ata sözü)
Hər şeydən öncə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun işdən çıxarılmasına etirazımı bildirmək istəyirəm. Məncə, bu, siyasi repressiyanın bir növüdür. Tağı müəllim YAP Yasamal təşkilatını kommunizm quruculuğu yollarında əzmlə, tufanlara sinə gərərək, ildırımlarla oynayaraq, sal qayaları yararaq, nə bilim, canım sənə desin, burcuda-burcuda, dızıldaya-dızıldaya aparırdı. İndi isə kreslo ilə vidalaşır. Görəsən, niyə? Tağı Sadiqin suçu nə idi? (Tağı müəllim bu ləqəblə andeqraund – yeraltı şeirlər yazır. Manıslarımız onun şeirlərinə qoşulan mahnıları həvəslə oxuyurdular. Həmin mahnılardan “Qatar gəlir uzaqdan, Tıq-tıq-tıq”, “O qatarın dalınca baxma”, “Əlimdə 3 milyonun istisi qaldı” və sairəni göstərə bilərik. Bəs indən belə o musiqilərin taleyi necə olacaqdır? Zaman göstərər).
İnsafən, 10 sentyabrda, ABŞ-dakı böyük terrorun ildönümünə bir gün qalmış YAP-da törədilən bu rayon təşkilatı sədrləri soyqırımında Tağı müəllim tək qurban olmamışdır. Azı 10-15 sədrin dalından dəydilər. Lakin məni başqaları o qədər narahat etmir. Çünki onların 3 milyon dollarını əllərindən almayıblar.
Bəli, qədim əyyamlarda belə hadisə törədilmişdi. MTN-in çekistləri Feliks Edmundoviçin açdığı yolla şütüyərək Tağı müəllimin bir ətək pul vəsaitini əlindən almışdılar. O zamanlar qurban metro idarəsinin rəisi işləyirdi. MTN ləğv ediləndən sonra Tağı müəllim bu ədalətsizliyin bitməsi üçün məhkəməyə də müraciət etmiş, ifadəsində pulları general Akif Çovdarova verdiyini açıqlamışdı. Bəs özü bu pulları haradan əldə edib sualına isə Tağı müəllim 40 ildir maaşını xərcləmədən topladığı cavabını vermişdi. Eynilə “Süleyman peyğəmbər və qarışqa” əhvalatıydı.
Rəvayətə görə Süleyman peyğəmbər qarışqa ilə mərcə girir. Qarışqa deyir yeddi il bir buğda dəni ilə yaşayar. Qaba salırlar, yanına dəni qoyurlar. Yeddi-səkkiz ildən sonra qarışqa peyğəmbərin yadına düşür, deyir gətirin qabı açaq. Baxırlar qarışqa buğdanın yalnız yarısını yeyib. Qarışda izahat verir: “İnsanlar etibarsız, unutqandır, özüm yeddi ilə buğdanın yarısını yedim, yarısını saxladım ki, mərc peyğəmbərin yadından çıxsa növbəti illərdə acından ölməyim”.
Mənə elə gəlir bu qarışqa metodunu xalqımıza tətbiq eləmək olar. Hərəyə bir buğda verək, yeddi il dövlət büdcəsindən gözlərini çəksinlər. Yoxsa hara baxırsan şikayətdir.
Əlqərəz, Tağı müəllimin yemədən-içmədən maaşını saxlayıb manatların gül camalına, xətti-xalına, su nişanına tamaşa eləməsi düşündürücü idi. Bu münasibətlə metronun “Elmlər Akademiyası” stansiyası önündə ona heykəl qoyulmalıdır. Metro jetonları vardı keçmişdə, onları əridərək. Sözgəlişi, metronun həmin “Elmlər” stansiyasını AMEA şefi Ramiz Mehdiyevin adına qoymaq da yaxşı olardı. Xalqımız qədirbilən xalqdır. Haçansa qoyacaq, baxarsınız.
Ancaq mən düşünürəm müəllimin YAP Yasamal RT sədrliyindən çıxarılmasında o pul əhvalatı böyük rol oynayıb. Hakim partiyanın başbilənləri, ağsaqqalları, “dərin dövləti” ölçüb-biçib, qərara gəliblər: “Əgər bu adam öz pullarını saxlaya bilmirsə, bizim təşkilatı necə saxlayacaq?” Məsələn, bir gün Akif Çovdarovun təzəsi bunu dirədi divara, dedi ver rayon təşkilatını mənə, xərcləyim. Hamısı olmasa da, 10-15 min üzvünü ver. Yaxud, Nəsimi rayon təşkilatının sədri Yasamaldan keçəndə bir qrup partiya üzvünü qatdı qabağına, aparıb keçirdi öz rayon təşkilatına. Hər şey mümkündür.
Nəhayət, dünən mən keçmiş baş prokurorumuz Eldar müəllimin ittiham olunduğu söhbətlərə baxdım, orada bir maddə xüsusi təbəssümümə səbəb oldu. Əşşi, nə təbəssüm, lap qarnım cırılanacan güldüm. Yazmışdılar: “…və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib”.
Baş prokuror. 192 min yeyinti. Xeyli miqdar. İttiham. Yaxşı, bəs mən indi cırılan qarnımı harada tikdirim – səhiyyə başsız qalıbsa?..