“Gülmə qonşuna, gələr başına”
(ata sözü)
İntim videolar estafetinin YAP üzvlərinin əlinə (və başqa orqanlarına) keçməsi gözlənilən idi. Son beş ayda artıq üçüncü yapçının gizli çəkiliş qurbanı olması ortaya çıxır (Mirəlləmov, Həsənov, Göyüşov). Qabaqlar belə şantajla adətən müxalifətçilər, jurnalistlər, ictimai fəallar, QHT üzvləri üzləşərdi. Onların hamısı bircə-bircə vurulub sıradan çıxarıldı. Nəticədə kinosunu çəkməyə indi YAP üzvlərindən başqa kimsə qalmamışdır. Müxalifətçilər biabır ediləndə yapçılar gərək sevinməzdilər. Alman Martin Niemöller-in o ünlü tarixi məktubunu indi YAP Binəqədi təşkilatının sabiq sədri Göyüşov belə yaza bilərdi: “Filan qəzetin müxbirinin videosu çıxanda mənim vecimə olmadı, çünki qəzetçi deyildim. Filan müxalifətçi siyasətçinin videosu yayılanda yenə susdum, çünki iqtidar partiyasını təmsil edirdim”…
Əlbəttə, hakim partiyanın öz üzvlərinə ağac yonqarı münasibəti də maraqlıdır. Video çıxır, dərhal adamı rədd edirlər. Bəlkə doğrudan bunlar şantajdır? Məsələn, hazırda Hindistanda yetərincə böyük mafiya ələ keçib, onlar çağdaş kompüter texnologiyalarından yararlanaraq tanınmış adamları şantaj edir, feyk porno kadrlar düzəldir, pul alırmışlar. Bizdə isə heç bir araşdırma aparılmadan, rəsmi mövqe, hüquq orqanının rəyi olmadan istənilən kəsin, sözün hər mənasında şalvarını çıxarmaq, el arasında biabır eləmək mümkündür. İnsan hüquqları bəs necə olsun? Tutaq ki, bizim hamımızın YAP Binəqədi rayon şöbəsinin sədrindən zəndeyi-zəhləmiz gedir. Ancaq onun da müəyyən insan hüquqları var axı. Xalqa nə qədər pislik eləsə də var. Bizi yapçılardan fərqləndirən cəhət məhz bu fundamental insan hüquqlarına münasibətimiz olmalıdır.
Burada verilən qərarın qeyri-populyarlığı, xalq arasında dəstək qazanmaması da əsas məsələ deyil. Yenə qeyd edirəm, tutaq ki, bir yaramazın əxlaqsız (hərçənd məncə, əxlaqsızlığın daha yekəsi və əsli korrupsiya, yalan, yaltaqlıqdır, lakin bu gün bunu müzakirə etmirik) videosu yayılır. Burada biz onun qanunsuz hərəkətlərinə, yoxsa çılpaq şəklinə qiymət verməliyik? Əlbəttə, qanunsuz hərəkətlərinə. Qalanı şəxsi məsələdir, bizə heç bir dəxli yoxdur.
Adı pis çıxan siyasi qurumu təmsil etmək də, onun üzvü olmaq da insanı avtomatik günahkara çevirmir. Yanılmıramsa, bu hüquqi yanaşma ancaq terrorçu təşkilatların üzvlərinə aiddir. Bir də keçmişdə Nürnberq məhkəməsində məlum zümrəyə tətbiq olunub. Gestapoçusan? Vəssalam, günahkarsan.
Sözgəlişi, siyasətlə vidalaşmaq üzrə olan nəhəng siyasi xadimlərdən Angela Merkel-in cavanlıqda nudist plyajda çırılçılpaq çəkdirdiyi iddia edilən fotolar yayılanda Almaniyada bunu kimsə ciddiyə almamışdı. Çünki Merkelin işi onları qane edirdi. O cümlədən cəmiyyətdə yanlış yanaşma var ki, amerikalılar 1990-cı illərin sonunda prezident Bill Klintonu Monika Levinski ilə yasaq eşq yaşamasına görə az qala impiçment etmişdilər. Qətiyyən. Orada yalnız Klintonun yalan danışması məsələsi qoyulmuşdu, çünki prezident Levinskinin iddialarını öncə tamamilə rədd etmiş, yalan adlandırmışdı. Levinski isə ortaya sübutlar qoyanda Klintonun özünün yalan danışdığı, üstəlik, Levinskiyə təzyiqləri ortaya çıxmış, ABŞ ictimaiyyəti məhz bu səbəbdən qəzəblənmişdi. Gördüyümüz kimi, sonra Klinton yalanını etiraf edib üzr istəyəndən sonra hamı onu bağışladı, tema bağlandı. Əsas da ona görə ki, Klinton ABŞ üçün uğurlu prezident sayılırdı. Həm daxili, həm xarici siyasətdə.
Keçən ay tarixçilər Stalinin bədnam 270 saylı əmrinin 80 illiyi qeyd elədilər. 1941-ci ilin 16 avqustunda verilən bu əmr almanlara əsir düşən hər kəsi araşdırmasız xalq düşməni elan edirdi. İş əsirlərin özü ilə bitmirdi, təsəvvür edin, onların cəbhədən uzaqdakı, heç nədən xəbəri olmayan dinc ailə üzvləri də xalq düşməni elan edilib sürgünə, həbsə, işgəncələrə məruz qoyulurdu. General Jukov isə lap həddini aşıb əsirlərin ailə üzvlərini güllələmək əmri vermişdi!
Əlbəttə, başa düşürəm, 270 saylı əmri hansısa YAP rayon təşkilatı sədrinin video biabırçılığı kontekstində yada salmaq sinizmin zirvəsi sayıla bilər, lakin fakt faktlığında qalır.