“Kainat və əbədiyyət neft qoxuyur”
(Uilyam Ceyms, amerikalı filosof)
Neftçıxarma sənayesində korrupsiya, xalqın əmlakının talan edilməsinə qarşı çox kəskin mübarizə aparılır, zəhmətkeşlərimiz bunu nə qədər təhlükəli olsa da alovlu şəkildə alqışlayır. (Keçən ay alqışların qığılcımından Balaxanı ərazisində 3-4 quyu yandı, xoşbəxtlikdən insan tələfatı olmadı. Bunun özü də müsbət haldır ki, başqa dünya dövlətlərindən fərqli olaraq bizdə xoşbəxtlikdən heç kim ölmür).
Yaxşısı budur boşboğazlıq etmədən ən son mübarizə faktına diqqət yetirək. Sitat: “Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları dəyərində mühərrik və generatorun hissələrini oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır”. Sitatın sonu.
Vay sizi… Gör nə qədər oğru və çirkin adamlar olmuşlar. Salyanda balıq tutmaq, üzüm yetişdirmək üçün əhaliyə hər cür şərait yaradılıb, o cümlədən Bakıda iş-güc zibil kimidir. Lakin bunlar mütəşəkkil dəstə yaradaraq neft quyularını soymaq kimi zəhmətsiz gəlirlə yaşamaq yolunu tutmaq istəmişlər. Həqiqətən mütəşəkkil dəstədir, əks haldac paytaxt sakini ilə regiondakılar nə üçün birləşiblər? Ola bilsin burada xarici qara qüvvələrin də əli var, araşdırma bu istiqamətdə getsə yaxşı olardı, çünki biz neftə bəzən “qara qızıl” deyirik.
Neft gəlirlərindən hər kəsə pay çatır, Azərbaycanı bu pullarla, qızıl demişkən, 1 santimetr qalınlığında qızılla örtmək mümkündür. Məndə olan məlumata görəc bəzi bölgələrdə artıq bu qızılla örtülmə başa çatıbdır. Məsələn, elə asfalt yollarımız vardır indiyəcən onun hər kilometrinə 20-30 milyon dollar xərcləmişik. Bunu qızıla çevirib yola yapışdırsan, həmin ümummilli arzumuz yerinə yetməzmi?
Arzu sözünü havadan yazmıram, hələ SSRİ dağılan ərəfədə, Meydan hərəkatı zamanı bu ideya xalqımızın beyninizə həkk edilmişdi, AXC-Müsavat liderləri tribunalardan hayqıraraq imperiya bizdən əl çəkərsə neftimiz hesabına ölkənin 1,5 santimetr qalınlığında qızıl suyuna çəkilməsinin mümkünlüyünü anons etmişdilər. Sevindirici haldır ki, budur, artıq bizim milli planın cəmi 0,5 santimetri qalır.
Neft quyularının motorlarını sökmək cəhdinin qarşısının alınmasında operativlik də diqqətimi çəkdi. Hadisə avqustun 31-də baş vermiş, cinayətkar quldur dəstəsi isə cəmi 3 gün sonra, sentyabrın 3-də ələ keçirilmişdir. Atalarımız məhz belə məqamlarda yaxşı demişlər: “Oğurluqla əxlaqsızlıq üç gün çəkər”. Bu da hüquq-mühafizə orqanlarımızın öz işlərində milli-mənəvi dəyərlərimizə, mentalitetə nə qədər önəm verdiyinin göstəricisidir. Dünyanın başqa yerlərində belə münasibət yoxdur, örnək üçün, ABŞ-da 1912-ci ildə, Ayova ştatında Mur ailəsinin 8 üzvünün qətli hələ də açılmamışdır. 1948-ci ildə Avstraliyanın Somerton çimərliyində tapılan naməlum kişi cəsədinin, 1970-ci ildə Norveçin İsdalen vadisində tapılan qadın meyitinin kimliyi, öldürülmə səbəbləri də indiyəcən sirr olaraq qalır.
Lakin biz neft quyusu motorlarını sökənlərin 3 gün ərzində tapılmasını da bəlkə tənqid etməliyik (adətən yazının axırında bir-iki cümlə obyektiv, konstruktiv, mənəviyyatlı tənqidə yol verməliyik). Allah bilir o 3 gün ərzində ölkəmizin neft və qeyri-neft sektoruna nə qədər ziyan dəymişdir. Buna görə quldurları qınayıram, onları xəcalət çəkməyə səsləyirəm.