Ölkəmizdə iki dilin qovğası, çəkişməsi, dirəşməsi, bəzən isə hətta süpürləşməsi prosesi gedir. Bunların biri rus dilidir, bilirsiniz. İki yüz ildir ki, bu dil başımıza bəla olub, şair demişkən, bu dili bilməsək, əlacımız yoxdur.
Daha dəqiqi, belə bir şeiri böyük şairimiz Seyid Əzim Şirvani öz oğlu Mircəfər Seyidzadəyə həsr edib, deyib ki:
“Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur”.
O vaxt belə olub və taa 1991-ci ilə qədər bu cür davam edib.
Rinqin sağ küncündəki dil isə ingilis dilidir. Son 20 ildə o da ölkəmizdə böyüyüb, boya-başa çatıb, artıq cəmiyyətin hər təbəqəsində, təhsildə, tədrisdə özünə yer edib, əmək kollektivlərində sözü-söhbəti dillər əzbəri olub. Qəlbi-qəlbi ofislər, yekə-yekə aeroportlar, beynəlxalq yazışmalar, hamısı bu dildə işləyir.
Bu süpürləşmədə öz ana dilimiz arbitr rolundadır, hərdən dalaşanları ayırmağa çalışır, ora-burasına zərbələr alır, kənara çəkilir.
Zaman-zaman, bəzi aylarda, hüzr mərasimlərində-filanda ərəb dili də özünü göstərir, “bismillah” deyibən irəli durur, əlhəmdülillah və maşallah, xeyli fəallıq göstərir, amma hardasa 1200-1300 ildir, bu dili doğru-dürüst anlayan yoxdur, eləcə, hamı beş-altı söz əzbərləyib, “qülfü vallahi əhəd” deyə-deyə yola verir. Bəlkə də bu dili öyrənən çox olar, amma yazısı çətindir, baş açmaq olmur. Yaponların, çinlilərin dili və yazısı da elədir. Adamda gərək rəssamlıq qabiliyyəti olsun ki, ieroqliflərin rəsmini düzgün çəksin.
Amma yuxarıda dediyim kimi, iki fərqli yazıya malik olan rus və ingilis dilləri ölkəmizdə çox qabağa gedib.
O gün bir nəfər yazmışdı ki, bu il şəhər yerlərində övladlarını ibtidai siniflərin rus bölməsinə qoyanlar yenə də çoxluq təşkil edib. Bu, onu göstərir ki, o adamların rus dilinə ehtiyacları var. Hərçənd indi elə bir dövrdür ki, rus dilini bilməsək də, problem deyil.
Rus-çar-sovet əyyamı, türkün sözü, mazidə, yəni keçmişdə qalıb, 30 ildir müstəqil dövlətik – öz əlimiz, öz başımız, öz dilimiz. Culfadan Arazın o tayındakı Culfaya, Astara və Biləsuvardan tikanlı məftillərin o üzündəki Biləsuvar və Astaraya, Sədərkdən İqdıra keçmək üçün daha Moskvadan icazə olmağa ehtiyacımız yoxdur. Pasportumuzda da ad-soyadımız ingilscə yazılır – sonluğu əsasən rusca olsa da (“ov”-“yev” kimi).
İntəhası, uzaqgörən xalqımızın bir hissəsi düşünür ki, ingilis dilindənsə rus dili yaxşıdır. Rusiya qonşuluqdadır, böyük və çörəkli dövlətdir. “Russki sektor”da oxuyan uşaq da böyüyüb Rusiyadakı əmilərinin, dayılarının yanına gedəndə, ticarət sektorunda işləməyə başlayanda, əl-əlbət, rus dilini bildiyi üçün işi asan olacaq.
Belə anlaşılır ki, əvvəllər rus dilini bilmək hökumət işində qulluğa düzəlmək üçün yararlıydısa, indi gələcəkdə bizneslə (alverlə) məşğul olmaq üçün faydalıdır. İldə ölkəmizdən Rusiyadakı həmvətənlərmizə ərə gedən minlərlə qızı da nəzərə alsaq, onların da rus bölməsində oxumalarının məntiqi əsası var.
Ötə yandan, bu il ali məktəbə qəbul olan abituriyentlərin valideynlərinin sosial şəbəkədə paylaşdığı təbrik ismarışlarından belə anlaşılır ki, çoxunun övladı yerli universitetlərin ingilisdilli fakültələrini seçiblər. Özü də bunlar ən çox bal toplayan gənclərdir (heç demə, ingilisdilli fakültələrdə oxumaq üçün daha yüksək bala malik olmalısan).
Bunun qarşılığında rusdilli fakültələrə daxil olmaq üçün isə o qədər də yüksək bal lazım deyil – ingilisdilli fakültənin balının yarısı qədər toplansa, bəs edir.
Maraqlıdır, nəyə görə rusdilli uşaqlar ibtidai siniflərdən rusca oxusalar da, imtahablarda zəif nəticələr göstərirlər? Amma ingilisdillilər orta məktəbin yuxarı siniflərindən bu dili öyrənməyə başlayır, kursa gedir, fəqət sürətlə əxz edirlər.
Daha iki fərq də var: 1. Rusdillililər öz ana dillərində danışmağa çətinlik çəkirlər, ya tamamilə bilmirlər, ya da ağır aksentlə danışırlar. İngilisdillilər isə ana dillərində yaxşı danışır, yazırlar, üstəlik, ingiliscələri də yüksək səviyyədədir. 2. İngilisdillilər əcnəbi dil bildikləri ilə öyünmür, bundan özlərinə üstünlük düzəldib, başqalarını aşağılmaq üçün istifadə etmirlər. (Bəlkə gələcəkdə ingilisdilli soydaşlarımız da bizə “ay kən not andəstənd yu” deyəcəklər, kim bilir?) Rusdillilərdə isə başqa cürdür. Hələ sovet dövründən qalma dəb (rus dili bilməyənləri ikinci sort hesab etmək) yenə də aktualdır.
Hər halda, çox dil bilmək yaxşı şeydir. Görək, bu iki dilin dartışmasının axırında kimin dili uzun olacaq…
P.S. Odur, İrəvanda da Azərbaycan türkcəsini öyrədən kurslar açılıb – məqsəd şpionaj işini təkmilləşdirməkdir.