“Taliban”ın Əfqanıstanda silah, zor, qan-qada yoluyla hakimiyyətə gəlməsi dünya ölkələrinin demokratikləşməsi prosesinə sarsıdıcı zərbə oldu.

Bu proses onsuz da nahamar yolla və ləng gedirdi, qitələrdən asılı olaraq önünə müxtəlif əngəllər çıxırdı.

Vaxtilə geniş istibdad yuvası, totalitarizm düşərgəsi yaratmış SSRİ-nin dağılmasından sonrakı 30 ili şərti olaraq dünya ölkələrinin demokratikləşməsi dövrü kimi götürsək, bu illər ərzində demokratiya yoluna qədəm basmış ölkələrin sayı heç 30-u keçmir.

Şərqi Avropanın sosialist ölkələrinin, demək olar ki, hamısı pis-yaxşı demokratikləşmə prosesinə qoşuldular, müəyyən məsafə qət etdilər, Qərb standartlarına cavab verməsə də, hüquqi dövlət bərqərar etdilər. Amma eyni sözü SSRİ-yə daxil olan müttəfiq respublikalar və sosialist düşərgəsinə daxil olan başqa ölkələrə aid etmək olmaz.

SSRİ respublikalarının sırasında yalnız Baltikyanı respublikalar (Estoniya, Latviya, Litva) demokratiyaya keçid mərhələsini sürətlə adladılar. Yerdə qalanlar (başda Rusiya olmaqla) ya həmin keçiddədirlər, ya da hələ keçidə belə daxil olmayıblar.

Əfqanıstan da bir vaxtlar sosialist düşərgəsinə daxil idi. Onun yanında Kuba, Vyetnam, Kamboca, Monqolustan, Nikaraqua kimi ölkələr də vardı. Bu sırada da yalnız Monqolustan demokratikləşmə prosesini uğurla keçib, o biriləri müstəqil satraplıq olaraq qalırlar.

Ümumiyyətlə, dünya dövlətlərinin üçdə ikisi azad və demokratik ölkələr deyil. Onların arasında yumşaq avtoritar rejimli ölkələr də var, qatı diktatura və xuntalar da, teokratik və totalitar rejimlər də.

Təxminən 20-22 il öncə ABŞ dünya dövlətlərinin demokratikləşdirilməsi prosesinə start verəndə işlərin rəvan gedəcəyi düşünülürdü. Peruda Fuximori, Yuqoslaviyada Miloşeviç xalq etirazları sayəsində hakimiyyətdən uzaqlaşdırılanda elə görünürdü ki, bu “yıxılan domino daşları” tendensiyası digər avtoritar liderləri də zədələyəcək.

Amma heç də hər şey gözlənildiyi kimi rahat getmədi. Ukraynada Kuçma, Gürcüstanda Şevardnadze, Qırğızıstanda Akayev “məxməri inqilablar” nəticəsində hakimiyyətdən kənarlaşdırılsalar da, onların yerinə gələnlər (Saakaşvili xaric) dirəşdilər və bu ölkələrdə “məxməri inqilablar” permanent xarakter aldı. Ölkə rəhbərləri bir-birini əvəzləsə də, bu dəyişikliklər heç də həmişə rəvan getmədi, yenə ekstesslər yaşandı, insanlar küçəyə töküldü, qan axıdılmasıyla müşayiət olunan qarşıdurmalar baş verdi.

Yaxın Şərqdə baş verənlər isə heç də bu ölkələrdə demokratikləşmə prosesinin başlanmasına səbəb olmadı.

Misirdə bir diktatoru (Mübarəki) teokrat diktator Mursi əvəz etdi, onu da hərbçi diktator Sisi devirdi.

Liviyada diktator Qəzzafinin devrilməsiylə ölkənin özü bölündü və indi bir diktator o biri ilə vuruşur.

Tunisdə ölkədən qaçan diktatorun yerinə gələnlər də nə sabitlik əldə edə bilirlər, nə də demokratiya bərqərar etməyi bacarırlar.

Suriyada isə 5 fərqli qüvvənin vuruşduğu, 10-dan çox xarici dövlətin qatıldığı vətəndaş müharibəsi getdi, amma diktator Əsədi devirmək mümkün olmadı. Əksinə, ölkə mülki diktaturadan hərbi diktaturaya keçid etdi.

İndi də Əfqanıstan… 2001-ci ildən sonra bu ölkədə 3 dəfə pis-yaxşı seçkilər keçirilib, seçicilər alternativ namizədlərə səs verib. Bir namizəd 50+, o biri 30-40 faiz səs alıb. Hətta bəzən seçkinin qalibi ikinci turda müəyyənləşib. Son nəticədə daha çox səs alan namizədlər hakimiyyəti bölüblər, biri prezident, o biri baş nazir olub. Bu gedişlə Əfqanıstanda yaxın onillikdə demokratik rejimin bərqərar olunacağı gözlənilirdi.

“Taliban”ın qanlı “triumf”u isə hər şeyi məhv etdi. İndi bu ölkədə nə adi diktatura olacaq, nə də bir liderin avtoritarizmi. Əfqanıstanda bir təşkilatın tətbiq etdiyi teokratik totalitarizm mövcud olacaq. Seçki-filan qaldı 2001-2021-ci illərdə. Seçki olsa da, xalq “Taliban”ın mollalarından birini seçməli olacaq.

Bir terror təşkilatının ayrıca götürülmüş bir ölkədə hakimiyyətə gəlməsi digər orta boylu, inkişafdan qalmış ölkələrdəki terrorçu düşüncəli ekstremistlərin birləşməsinə, böyük təşkilatlar yaradıb hakimiyyəti zorla ələ keçirmək təşəbüsü etmələrinə rəvac verəcək. Ortada nümunə var.

Demokratiyanın yolu uzun və daş-kəsəkli olduğuna görə hakimiyyət və varidat hərisləri silahlı inqilablar yolunu üstün tuturlar. Bu variantda məqsədə daha tez çatmaq olur. 3-5 il əvvəl bu labüd ölüm yoluydusa, “Taliban”ın örnəyi bu yolu daha cəlbedici etdi.

Bu, həm də hakimiyyəti o ekstremistlərə vermək istəməyən diktatorların əlini gücləndirdi.