“Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam”.
(Nəsimi)
Yeddi il gözünün ağını-qarasını sərf eləyib tibbi elmi öyrənən adama 300 manat maaş veririk, sonra da nazirlik təcili yardımda çalışmağa həkim axtarır. Haradan tapacaqsınız? Az-maz biliyi olanlar çoxdan baş götürüb xaricə qaçıblar. Lap elə əfqanlar “Taliban»ın əlindən qaçan kimi. Həkimə 300 manat maaş vermək indiki dövrdə doğrudan tragikomediyadır. Təsəvvür elə, dükanlara mal paylayan ekspeditorun və ya marketdə kassir işləyənin maaşı bundan çox olur. (Axırıncıya o qədər əmin deyiləm. Bizim marketlərdə gənc insanlar faktiki qul əməyi ilə, yəni bir qarın yeməyə çalışırlar. Ölkəmizdə bu mənada tarixin bütün formasiyaları qüvvədədir. Oliqarx məmurlar kapitalizmi, ziyalılarımız feodalizmi, siyasi partiyalar ibtidai icma quruluşunu, kasıb millət də quldarlıq quruluşunun qurbanlarını təmsil edir).
Ancaq gəlin qanımızı çox qaraltmayaq, gələcəyə müsbət nəzərlə baxaq. Necə deyərlər, həyat ağ və qara rənglərdən ibarət deyildir, boz da var. Ağla qaranı qatışdıranda boz alınır. Yəni həyatımızı rəngarəng etmək üçün rəngləri qatışdırmalıyıq. Sadə formula belədir. Mürəkkəb formulları da alimlərimiz hazırlayacaqdır. Buna çox arxayınam. Sübutlar var.
Bugünlərdə eşitmişəm, deyir bizdə rayonlarda Günəş enerjisi yığan panellər qoyulub, lakin onları şəbəkəyə birləşdirən naqillər yox imiş. Nəticədə əhali xaricdən maliyyələşən qara qüvvələrə qoşulub demaqoqiya etməklə məşğuldur: “Naqil yoxdursa, bəs buradan enerji necə toplanır? Gözdən pərdə asırlar, pul silirlər, ölkədə hara baxırsan Potyomkin dekorasiyalarıdır”.
Əlbəttə, savadsız yanaşmadır. Anlamaq lazımdır ki, bizim öz Günəşimiz var. İkincisi, Günəş enerjisini şəbəkəyə naqilsiz ötürmək üzrə texnologiyanı da alimlərimiz kəşf eləyibdir, şəxsən Ramiz Mehdiyevin başçılığı altında, Elton Məmmədovun qarajında. Texnologiyanın müəllifi isə AMEA Fizika İnstitutunun mələyin uçma sürətini tapan əməkdaşıdır. Hətta Ramiz müəllimin kabinetində ehtiyat Günəş də var, dar günlər üçün saxlanılır. Əgər haçansa – deyilənə görə, 4-5 milyard ilə – Günəş özünü yaxşı aparmayıb sönsə, Ramiz müəllim ehtiyat Günəşimizi xoddayıb işə salacaqdır, Kainat, daha doğrusu, planetlər sistemimiz qaranlığa qərq olmayacaqdır. Buna görə zəhmətkeşlərimiz adından dərin minnətdarlığımızı bildirir, ilk fürsətdə poçta gedib teleqram vurmağa and içirik.
Hələ bu harasıdır, bir ara Quba yolu tərəfdə şəxsən müşahidə eləmişdim ki, külək enerjisi toplamaq üçün Don Kixotun vuruşduğu yel dəyirmanlarına oxşayan nəhəng ventilyatorlar qoyulubdur. Sən demə, bunlar bir nazirin villası üçünmüş, sərinləmək istəyəndə bunları fırladırmış. Üç-dörd dənəsini isə xalqa xidmət, yəni külək enerjisi toplamaqdan ötrü ayırmışdı, buna görə də çox sağ olsun, ayağının altında ölək, iti-pişiyi olaq.
Sadəcə, çox maraqlıdır ki, həmin yel dəyirmanlarının bəzisində pərlər yox idi. Ya qırılıb yerə, üzr istəyirəm, müqəddəs vətən torpağına düşmüşdü, ya da kimsə çırpışdırıb metal sexlərinə vermişdi. Kilosu əlli qəpikdən. Hər nəsə, pərsiz külək enerjisi qurğusu olduqca məzəli mənzərə idi. Lakin mən bunu o zaman araşdırdım, məlum oldu orada daha bir Azərbaycan möcüzəsi həyata keçirmiş. O qurğular fırlanmadan küləkdən enerji yığırmış! Külək gəlib qurğunun yanında durur, özü rozetkaya qoşulub, enerjisini verib təzədən uçurmuş. Əks halda, küləyi tutub dama basırlar. Bizdə bu məqsədlə külək həbsxanası yaradılıb. Kürdəxanı tərəfdə, ikinci blokdadır. Əgər yolunuz düşsə orada dar pəncərədən dünyaya baxıb ulayan gilavar, xəzri, tornado, musson və sairə küləkləri müşahidə edə bilərsiniz.
Burada əsmək üçün külək pasportu lazımdır. Sonda az maaşla işləyən bütün həkimlərə salam yollayıram.