“Güldü gül, açıldı nərgis, lalə doldu jalədən,
Ey xoş ol kim, işrətü eyş etməyə əsbabı var”.
(Füzuli)
Hökumət son illərdə əlillərin sayının artmasından şikayətlənirdi, deyirdilər bunların çoxu saxta sənəd qayırıb pensiya alırlar. Min hoqqadan çıxdılar, gah yeni əlillik qaydaları müəyyən elədilər, gah hansısa sosial işçini damladılar. Nəhayət əlillərin sayını azalda bildilər.
Ancaq Tokio paralimpiya oyunlarında əlil idmançılarımız xarüqələr göstərib 9 qızıl, 3 bürünc medal qazandılar (məndə olan məlumat belə idi, ola bilsin siz bu cızmaqaranı oxuyana qədər medal sayı çoxalsın). Deməli əlillərimizə dırnaqarası yanaşmaq olmaz. Oxucumuz Hətəmxan müəllim isə daha kəskin yanaşma tərəfdarıdır, deyir Azərbaycanı şikəst eləyiblər, ona görə paralimpiya medalımız olimpiya medalımızdan çoxdur.
Yaxşı olar hökumət gələcəkdə sağlam idmançılara verdiyi pulları paralimpiyaçılara versin, ümumiyyətlə, əlillərə diqqət və qayğını artırsın. Fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində real işlər görülsün. Yoxsa yolda, küçədə əlilləri görmək nadir hadisədir. Bizim yol-nəqliyyat, şəhər infrastrukturu nəinki əlillərə, heç sağlam adamlara da uyğun deyil. 3 milyona yaxın əhalisi olan paytaxtda insanın rahat gedəcəyi 30 metr səki tapanda şəhər başçısına nəzir vermək istəyirsən. İşıq dirəklərini piyada səkilərinin ortasına basdırırlar, dükanlar səkini zəbt edib pilləkən tikir və sairə.
İnsafən, dinc quruculuq işlərimiz, ağıllı şəhərə çevrilmək istiqamətində böyük islahatlar da vardır. Məsələn, tez-tez hansısa istirahət parkı əhalinin istifadəsinə verilir. İnsanlar orda rahat skameykalarda oturub tum çırtlayır, Orta Doğu, Əfqanıstan, Suriya, Eritreya, Qərbi Səhra Demokratik Respublikasında baş verən prosesləri təhlil edirlər. Özü də mən müşahidə etmişəm, hər parkımızın gündəmi fərqlənir. Örnək üçün, Biləcəridə, Yəhya Hüseynov küçəsiylə Natəvan küçəsinin arasında yerləşən Dəmiryolçuların Mədəniyyət və İstirahət Parkında əhalini əsasən talibançıların Əhməd Şah Məsudun oğlu ilə anlaşa bilməsi düşündürürsə, Xətaidə yeni açılan “Gənclik” parkında xalq Cənubi Sudanın taleyindən daha çox narahatdır. Bulvarda veteranlar çayxanasında Ərdoğanın Balkanlar səfəri, Yasamalda İzmir parkında isə, tərsinə, Donbas problemi aktualdır. Bəzən əhali gəzməyə gətirdikləri burnu fırtıqlı uşaqları söhbətin gərginliyi üzündən parkda itirir, sonra şirin pambıq satan köşkdə qazanın dibindən tapırlar. Keçən həftə bir uşağı isə popkorn qabında partlada-partlada qovurdular. Bilmirəm əlaqədar orqanlar niyə buna baxmır? Nəsə, mövzumuz bu deyil, hökuməti də hər boş şeyə görə narahat eləmək lazım deyil. Bizim Qarabağa ekskursiya dərdimiz var.
Qayıdaq park söhbətinə. Qabaqlar bizdə ancaq bir balaca bulvar var idi, camaat orda rahat öpüşə də bilmirdi. Hara gedirdilər qabaqlarına ağsaqqallar, el anası ağbirçəklər çıxırdı. Qazonun üstündə oturmaq qəti qadağan idi! AXC-Müsavat vaxtı xalqa ot yedizdirirdilər. Bəylər özləri isə ət yeyirdi. Lakin indi, fikir verin, Xətaidə açılan parkda qazonda nəinki oturmaq olar, hətta bu, məcburidir! Qazondan başını qaldıranı snayperlər vururlar. Zarafat edirəm, sadəcə, nəzarətçilər gəzişir, otun üstündə uzanmaq istəməyənləri badalaq vurub yıxırlar. Doğrudan da, hökumət sənə şərait yaradıb, canın çıxsın istirahət elə. İşinin adı nədir?
Bulvarın uzunluğu isə 300 kilometrə çatıb, artıq bütün Xəzər sektorunu əhatə edir. Bəzi yerlərdə bulvarımız sərhədi də keçmişdir. Nəinki dinc əhali, heyvanlar üçün zoobulvar yaratmışıq. Orda Güney Amerikadan gətirilən alpaka adlı heyvanın əziyyət çəkməsi gündəmə gəlmişdi. Hökumət dərhal işə qarışdı, dövlət komissiyası yaradıldı, alpakanın 3 ay ərzində hansısa rayon icra hakimiyyətində zootexniki şöbədə işlə təmin olunması fərmanı verildi.
Ümid edirəm yazını Günəşin altında yazdığım hiss olunmadı. Parka getməliyəm, təcili.