“Bu matəmgahı kim görmüş sürurabad şəklində”
(Hadi)
Prezidentin Ağdamdakı xüsusi nümayəndəliyi rayonun yeni simvolunu, lap dəqiq yazsaq, Ağdam şəhərinin gerbini müəyyən etmək istəyir, zəhmətkeşlərimizə üz tutublar, sentyabrın 15-nə qədər təklifləri idarəyə yollamaq lazımdır.
Bu, etiraf edək ki, əslində çox çətin məsələdir. Təkcə müsabiqəyə göndəriləcək rəsmləri hərənin bir zövqlə qiymətləndirməsi, bəyənənlərdən çox mız qoyanların olacağı perspektivinə görə yox. Ağdam şəhəri işğal dövründə elə darmadağın edilib, yoxa çıxarılıb ki, indi ona hansısa simvol tapıb, düzüb-qoşmaq böyük fantaziya tələb edir. Bircə məscid salamat qalıb, onun şəklini gerb elan eləyək, iş bitsin – normal məntiq belə deyir (yazını hazırlayanda internetdə axtarış verdim, gördüm bu, təkcə mənim ideyam deyil, Eldar Qasımov adlı dizayner-marketoloq hələ 2018-ci ildə həmin məscidin şəklini göy qalxana bənzər formanın ortasında yerləşdirərək Ağdamın gerbi elan edibdir). Yəqin o gələcək gerbdə Ağdamı ifadə eləyən tarixi detallardan, məsələn, Ağdam atçılıq zavoduna istinadla Qarabağ atlarından, Qədir Rüstəmovun “Sona bülbüllər”indən (etiraf edim ki, mən bu ifaya heç vaxt axıracan qulaq asa bilməmişəm – hansı mənada, sirr qalsın), Şirin Mirzəyev kimi oğulların şəhadətindən də nəsə elementlər təsvir olunmalıdır.
Yoxsa bizdə elə bölgələr var onun gerbini düzəltmək çətinlik yaratmır. Tarixi proseslər buna damğasına vurmuşlar. Örnək üçün, Şuşa deyəndə xarıbülbül çiçəyini, nar deyəndə Göyçayı, qarpız deyəndə Sabirabadı, balıq deyəndə Neftçalanı və sairə – düşünmüşük. Hərçənd botanikadan az-maz savadı olan hər kəs bilir ki, xarı-bülbül çiçəyi Cəlilabaddan Şamaxıya, Gürcüstandan Dağıstana qədər çox yerdə bitir. O cümlədən nar, qarpız, balıq da müxtəlif ərazilərdə var, hətta bəzən yuxarıda adını çəkdiyimiz “pasport bölgələrindən” daha yaxşı vəziyyətdə. İş zamanın hansısa anında buna damğanı vurmaqdır. Elə bil xalqın yaddaşında hansısa müəllif hüquqları agentliyi tipində qurum vardır, orada rayonun, bölgənin, şəhərin, obanın rəmzini qeydiyyatdan keçirir, şəhadətnamə alırsan. Kim ikinci dəfə buna cəhd etsə, artıq plagiat çıxır.
Məncə, hakimiyyətin Ağdamı yenidən qurmadan onun gerbini yaratması uğursuz projedir. Minlərlə ağdamlının o torpaqlara qayıtmasını təmin eləmək, real işlər görmək lazımdır. “Bu işləri də görürük” deyilirsə, alqışlayıram, şübhəsiz ki, uğrunda can qurban edilən torpaqlarımız əvvəl-axır məskunlaşacaq, boş qalmayacaq. Ancaq hazırda bölgə yerlə-yeksandırsa, boşluqdan ibarətdirsə, bu boşluğa hansı rəsmi cızmaq olar, anlamıram. Riyaziyyat olsa heç bir elementi olmayan boş çoxluğun simvoluyla – ortasından xətt keçən sıfırla işarələmək olardı.
Əlimizdə olan “şəhər gerbləri” də işin yaxşı perspektivini vəd eləmir. Məsələn, qədim Bakı qalasının rəmzi, gerbi iki aslanın qoruduğu öküz başı təsviri olub. İçərişəhərin qala qapısı üzərində bu simvol qalır. İki aslan şəhərin iki qoruma hasarından xəbər verirmiş, öküz də şəhərin özü demək imiş. Ancaq sonradan hasarın biri dağılıb gedib, paytaxta isə başçı qoyulan bəzi “öküzlər” onun altını-üstünə çeviriblər. Bəzi küçələrini çıxmaq şərtiylə şəhər yaşanmaz hala salınıb. Piyada getməyə səki yox, velosiped yolu yox, ağacları kəsilmiş, binaları plansız, havası toz, suyu xlor… Nəticədə Bakının simvolu olaraq bizə qabaqca üç dalğanı, sonra üç alov dilimini sırıdılar. Son variant nədir, heç bilmirəm. Bəlkə “üç badam, bir qoz”dur.
Hər bir şəhərin rəmzi ilk növbədə orada yaşayan insanlar olmalıdır. Bunu yazmaq istəyirdim.