“Nə sağalmaz mərəzin olsa sağaldar onu pul,
Pula aç dərdini sən, dərdinə loğman budu bu”.
(Rüfət Zəbioğlu)
Bu yaxında Bakıətrafı kəndlərdən birində müəyyən yerə taksi ilə getmək lazım gəlmişdi, sürücü ünvanı eşidəndə ilk cümləsi belə oldu: “Seyidin evinin yanını deyirsən?” Dedim, xəbərim yoxdur, hərçənd elə mən özüm də müqəddəs adamam, Seyidəhmədli adında indi ancaq xəritələrdə qalmış yurdda doğulmuşam, soyadım isə ulu babam İmamqulunun həcc ziyarətindən yadigardır. Sürücü dedi yox, sən bilmirsən, bu seyid fala baxır, gələcəkdən xəbər vermək qabiliyyətindədir. Ürəyimdə “Allah sənə rəhmət eləsin, Karlos Kastaneda” mızıldanıb daha söhbətə ara verdim. Məhəlləiçi ilə getdikcə nəhəng, bir daşı qızıldan, bir daşı kərpicdən, ətəyi yerdən, başı göydəki buludlardan nəm çəkən, yalan olmasın, bizim Prezident Administrasiyasından daha böyük saraylar üstümüzə gəlirdi. Saraylardan birinə çatanda sürücü dedi seyidin evi bax buradır: “İlk növbədə öz baxtını açıb”. Bunu dedi və pis-pis güldü. Açıq görünür bizim millətdə dinə-imana hörmət azalıbdır. Hamısı Avropa Şurasının, Baydenin, Makronun təsirləridir. İndi heç arvadları da sakitcə öldürmək olmur, görürsən polis idarəsindən şikayət ərizəsi çıxdı. Həyasız ləçər ölməmişdən qabaq yazıb qoyub ora ki, sonra kişini dama bassınlar. Qabaqlar yaxşı idi, Allah Qorbaçovun evini yıxsın, Raisanın da.
Bir müsbət irəliləyiş var ki, indi bizdə milyonçular çoxalıbdır. Haçan baxırsan məhkəmə işi gedir: “Dövlətə filan milyon atmış Behmənkəs müəllim hakim qarşısına çıxarıldı”. Belə işlərin məhkəmə-hüquq sistemimizdə islahatların əppəyinə yağ sürtmək baxımından əhəmiyyəti çoxdur. Neçə hakim bu proseslərdən milyonçu çıxır. Əslində ortada bir neçə milyon neft pulu var, ondan alıb buna verə-verə yaşayırıq özümüz üçün. İnşallah, o milyonlar əvvəl-axır bütün xalqın cibindən gəlib keçəcəkdir. Ümidli olun, yeməkdən ümid yaxşıdır. Hələ heç kim ümiddən zəhərlənməyib, ya qarın ağrısına düşməyib. Ümiddən kariyes, qastrit, kor bağırsağın appendisiti, on iki barmaq bağırsağın xorası, yoğun bağırsağın yarası kimi fəsadlar da törənmir.
Hazırda belə milyonçularımızdan 2 nəfərinin cinayət işi gedir. Xarici İşlər Nazirliyində Elmar müəllimin vaxtında şöbə müdiri olmuş bu iki qəhrəman dövlət büdcəsindən 2 milyon yarımı happıldatmaqda suçlanır. Mexanizm də ənənəvidir, dövlətçiliyimizə tam uyğundur: yalançı şirkətlər yaradıb XİN-in büdcəsindən ora vəsait köçürüblər, guya dəftər-məftər, suvenir, oyuncaq-zad alıblar. Bu oyuncaqlar xaricdə Azərbaycan həqiqətlərini təbliğ eləmək üçün vacibdir. Dükan-bazarda belə suvenirləri görmüsünüz: Qız qalasının şəkli olan soyuducu maqniti, bayrağın rənglərində dırnaqtutan, nə bilim, üç dənə kişi oturub armudu stəkanda çay hortdadır və tar-kaman-qavalda muğam ifa eləyir…
Sən buna xırda-mırda şey kimi baxırsan, ancaq gördüyün kimi, oğullar varmış o suvenirlərdən tərtəmiz 2 milyon yarım qatlayıblar.
Məhkəmədə bir gülməli epizod var, onu da yazım, şəxsən mənə çox ləzzət eləyibdir. XİN-in şöbə müdirlərinin qurduğu saxta şirkətin müdiri ifadə verib, deyir mən ancaq qol çəkib öz faizimi alırdım: “Əgər 100 min manat hesaba köçürülürdüsə, onun 2 mini mənə verilirdi, qalan 98 mini XİN-dəkilərə qalırdı”. Yox, gülməli olan bu deyil. Ardıdır: “Mən bu işin qanunsuz olduğunu bilmirdim”. Sitatın sonu.
He-he. Kefli İsgəndərin Şeyx Nəsrullaha dediyi kimi, “əyə, lotusan, əl ver”. Heç bir fəaliyyəti olmayan şirkət qururlar, altında sənin imzan var və hərdənbir gətirib sənə müftə yerindən 2-3 min verirlər. Sən isə bunun qanunsuz olduğunu düşünmürsən. Əlbəttə. Ona qalsa həmin XİN şöbə müdirləri də dövlət büdcəsindən 2 milyon yarımı basmarlayanda bunun qanunsuz olduğunu fikirləşməyiblər. Deyiblər yəqin neft gəlirlərindən bunlara çatan paydır.
Ümumiyyətlə, bizim ölkədə heç nə qanunsuz baş vermir. Ən azından Allahın yazdığı qismətdir, nə edə bilərik. Gedim seyidə nəzir verim, məni nə gözləyir, onu açıqlasın.
Bəlkə bizə də bir-iki milyon göründü?