Bəzən bizim yazıçılar, şairlər camaatımızın sözə əhəmiyyət vermədiyini, kitab alıb oxumadığını, ölkədə qonorar verən normal bir ədəbiyyat saytının yoxluğunu, ədəbi jurnal və qəzetlərimizin bərbad vəziyyətdə olmasını söyləyib ağlaşma qururlar. İki cüt bir tək naşirlərimiz isə kitabları adətən müəllifin hesabına çap edir. Bunlar yalandırmı? Yalan deyil. Eyni zamanda, ortada qəribə bir paradoks da vardır ki, uca millətimiz əslində sözə çox böyük qiymət verir. Hətta lazım olandan da artıq.
Misal üçün, ruslarda, amerikanlarda, lap elə dostumuz-qardaşımız türklərdə danışıqda, ictimai münasibətlərdə, küçə-bazarda ana söyüşünün, ümumiyyətlə söyüşün biri bir qəpikdir. Ruslarda bu söyüş fenomeni hətta ayrıca dil hadisəsi olaraq filoloqlar tərəfindən qeydiyyata alınıb və “russkiy mat” adlanır. Adını çəkdiyimi millətlər, toplumlar bunu çox təbii qarşılayır, nadir hallarda söyüşə görə adam öldürərlər. Bizdə – Azərbaycanda isə söyüş üstündə qətllər, bıçaqlaşmalar, dava-şavalar adi haldır. Hələ buna utanmaz-utanmaz ata sözü də uydurub fon vermişik: “Qılınc yarası sağalar, söz yarası sağalmaz”. Sizi əmin edirəm ki, hər gün nə qədər cavan və beyni yüngül şəxslər məhz bu “ata” sözündən qidalanaraq qan axıdırlar. Söyüşə ən yaxşı halda söyüşlə cavab vermək istəməyən mədəni insanlara isə “peysər” adı qoyuruq.
Əlbəttə, mən sözün ümumən əhəmiyyətsiz olmasını təbliğ eləmirəm, sadəcə, sözün həyatdan, insan sağlamlığından dəyərli sayılmasına qarşıyam. Müdriklərdən kiminsə söylədiyi kimi: “Dünyanın bütün konstitusiyaları və müqəddəs kitabları bir körpənin göz yaşlarına dəyməz”.
Söyüşə, hansısa boş, xırda, mənasız söhbətə böyük önəm vermək, həyati əhəmiyyət, dəyər yükləmək təkcə bisavad adamlar arasında aktual olsa dərd yarıydı. Ölkənin elitası da bu cür yaşayır. Məsələn, görürsən xaricdə hansısa axmaq “bloqer” söyüş söyür. Böyük bir əks-təbliğat maşını onun əleyhinə işə salınır. Burda qohumlarını çağırıb qulağını dartırlar. Bəzilərinin dalıyca ərinməyib xaricə həbs qrupları göndərirlər, tutub bura gətirirlər. Çox matah adam imiş kimi. Halbuki, fikir verməsən söyüb-söyüb sakitləşəcək. Ancaq iqtidar da yaxşı bilir ki, camaat elə belə şeylərə fikir verir. Hansısa qanacaqlı şərhçini beş adam izləyirsə, söyüş söyənin reytinqi göydə uçur. Bu mənada iqtidar və xalqımız bir-birinə tam layiqdirlər.
Rövşən Əkbərov adlı generalımız var. 90-ların siyasi qalmaqallarında vaxt tapıb hardansa Milli Qəhrəman adı çırpışdırmağa da nail olub. Və bu adam 20 ildir Ukraynada qətl törətməkdə suçlanırdı. Lakin qətlin motivi aydın deyildi. General Kiyevə oxumağa gedir, orda bir azərbaycanlı biznesmenlə kafedə yeyib-içir, sonra ağızlaşırlar, biznesmeni bıçaqla vurub öldürür – qısa süjet belə idi və ağızlaşma mövzusu sirr qalmışdı. Ancaq işə bələd olanlar ortada nəsə tam mənasız bir mübahisə düşdüyünə işarə vurardılar.
Budur, artıq generalı türməyə basıblar, istintaq ifadələri açılıb, durum bizim düşündüyümüzdən də biabırçı imiş. Sitat: “Rövşən Əkbərov, Elçin Əliyev və Məzahir Şıxəliyev restoranda bir masada oturublar. Rövşən soruşub ki, niyə ona səfirlikdə salam vermədik? ”Biz səfirliyə çatanda sən samovar dəmləyirdin”, – gülərək Elçin cavab verib. Bu sözlərdən sonra Rövşən Əkbərov əsəbləşib: “Səncə mən çayxanaçıyam?” Onu sakitləşdirməyə çalışdım. O isə məni təhqir edib. Soruşdum ki, sən kimsən ki, məni susdurursan? Ayağa qalxıb və “indi ağzını bağlayacam” deyib.
Başqa ifadələrə görə mühafizəçilər sərxoş azərbaycanlıları kafedən çıxarıblar. Mübahisə küçədə davam edib, faciə ilə yekunlaşıb. Rövşən Əkbərov Məzahir Şıxəliyevin üzünə yumruqla zərbə endirib, sonra isə Elçin Əliyevi bıçaqlayıb”. Sitatın sonu.
Buyurun. Bu da bizim generalın ağlı. Yalan olmasın, bəlkə yeddi hərbi məktəb bitirib, ancaq nə içəndə özünü aparmağı bilirmiş, nə zarafat qanırmış, nə daşıdığı rütbə və adlara hörmət anlayışı varmış.
Deməli, məntiqlə bu adam əslində ən yuxarı vəzifə olaraq elə hansısa çayxanada samovar qaynadan işləməli imiş. Kortik və poqon, medal-zad veriblər, bütün ölçü hisslərini itirib.