“Demə şairinki dil davasıdı,
Şapalaq vurmağa qolumuz da var.
Bir az başımızda ağlımız da var,
Bir az cibimizdə pulumuz da var”
(Ramiz Rövşən)
Bəzən milli təqvimdə elə bayram günləri qabağımıza çıxır, qalırıq mat-məəttəl. Bilmirsən sevinəsən, ya ağlayasan. Çünki həmin günü hansı formada qeyd etməlisən, məlum deyil. Nə hökumətdən sərəncam olur, nə daxildən, qəlbindən səs eşidirsən. Bəlkə rəsmi fərman, qanun-zad olsa gedib hardasa bayram münasibətiylə dombalaq aşarıq.
Elə günlərdən biri 2 avqust kino günümüzdür. Qəribə gündür. Kino yoxdur, ancaq günü var. Rusiyanın ferması Ermənistanın müstəqillik, dənizə və okeana çıxışı olmayan Monqolustanın dənizçilik bayramı keçirməsi tipində bir şey (hərçənd, bu dəqiqə dünya okeanlarında yüzlərlə gəmi Monqolustanın bayrağı altında üzür).
Yaxud 1 avqustu götürək. Sən demə 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” imiş. Bu günün rəsmi yaranması isə ilk dəfə keçmiş baş nazirimiz Artur müəllimin birinci sinifə getdiyi günün şərəfinə… Zarafat edirəm, 2001-ci il avqustun 1-dən biz latın əlifbasına keçmişik, bu bayram da o səbəbdən yaranıbdır, hansısa başqa mənalı izahı-zadı yoxdur. Məna demişkən, bu təntənəli günün adındakı iki ifadənin ikisi də mübahisəlidir. Çünki bizim əlifba əslində latın qrafikalı əlifbadır, cəmi bir neçə hərfi özümüzdən düzəltmişik, örnək üçün, ə hərfini. O da dombalaq aşan e hərfidir. Azərbaycan dili isə türk dilinin yerli ləhcəsinə qoyulan uydurma addan başqa şey deyil, 1990-larda bu temada dövlət səviyyəsində çoxlu mübahisələr yaranmışdı. Nəsə, oralara girməyək, mövzu başqadır.
Məncə dil bayramının avqustun qorabişirən günlərindən birinə qoyulması təsadüfi deyil, müdrik qərardır, çünki bu vaxtlar istidən xalqımızın dili ağzında yanır. Hara baxsan istidən ləhləyən, dili bayırda adamlar görmək olar. Dilimiz ağzımızda quruyur. Bu da dilimizin ölkədəki gerçək statusunu dəqiq əks etdirir. Tak çto, vəziyyət belədir. Paçti çto.
Camaatın ortababları uşaqlarını rus dilli məktəblərə qoyur, varlılar ingilis-fransız və sair dilli uşkollara. Paytaxtın mərkəzində dükan-bazar lövhələrinə, restoran menyularına baxanda ilk anlardan başa düşmək olmur bura Baden-Badendir, Harlemdir, ya Dubayın moltanılar məhəlləsidir. Hərçənd, dilimizin qorunmasıyla bağlı çoxlu qanun-qərar, idarə-midarə vardır. Hətta prezident yanında Dövlət Dil Komissiyası, onun Monitorinq Mərkəzi də düzəldilib, ancaq nə işlə məşğul olurlar, nəyə atveçatdırlar, heç kimə məlum deyildir. İnternetdə bu mərkəz haqda axtarış verəndə qabağıma belə plakat çıxdı: “Dil Monitorinq Mərkəzi Azərbaycan xalqını Qurban bayramı münasibətiylə təbrik edir”. Atam-anam, bu axı sizin işiniz deyil. Siz dilimizə qurban olmalısınız, dini bayramlarla nə əlaqəniz? Bircə o qalıb ki, Allahşükür müəllim də QMİ-də “Azərbaycan dilinin orfoepiya lüğətini” düzəltsin.
Lüğət demişkən, bizim bu sahədə işimiz də yaşdır. Gündə bir lüğət çıxır, özündən qabaqkını inkar eləyir. Baş nazirin sərəncamıyla qüvvəyə minirlər, özü də. Yoxsa kefimiz istəyən kimi yazardıq. Məsələn, qabaqlar biz elə bu “baş nazir” sözündə hər iki sözü kiçik hərflə yazırdıq. Sonra qərar çıxdı ki, “Baş Nazir” yazın, yəni, hər ikisi böyük olmalıdır. Hazırkı fərmanda isə “Baş”ı böyük “naziri” dıqqılı yazmaq tapşırılıb. Yaxud, bir gün deyirlər stressi iki s ilə yazın, bir gün deyirlər bir s ilə. Belə temalar çoxdur. Beş-altı ildə dilin başına bu cür oyun açanda, camaat o dildə necə danışıb, yazsın?
Nəinki rəsmi qurum, monitorinqlə məşğul olan QHT-lərimiz də var, bunlardan birinə hörmətli Vasif Sadıqlı başçılıq edir. Vasif müəllim uzun zaman paytaxtda dilimizin qorunması üçün dava apardı, axırda Bakı ŞİH aparatından cupbulu bir görüş almaqdan başqa deyəsən heç zada nail ola bilmədi.
Hələlik bu qədər. Yazının toçkasını qoyuram.