Adam nə olursa, olsun, amma gərək, bir rəy, bir fikir bildirərkən qərəzli olmasın, hirs-hikkəsindən, kin-küdurətindən çıxış etməsin.
Dünyanın ən pis siyasətçiləri, politoloqları, jurnalistləri qərəzli olanlardır. Onların doğru-dürüst şərhləri ilə yalan-yanlış mülahizələri həmişə bir-biinə qarışmış olur.
Məsələn, tutaq ki, bir jurnalistdir, amma hansısa səbəbdən qonşu dövlətlərdən biri ilə ləj düşüb, ona mənfi münasibətdədir. Vaxt olur, həmin dövlət öz qonşusuna qarşı nəsə bir qəbih hərəkətə yol verir, tutaq ki, o dövlətin qonşusunda şiddətli yanğın olur, amma bu, kömək etmir və jurnalist dərhal onu “vurur”, yazır ki, bu, düzgün qonşuluq siyasəti deyil, o yanğından biri də sabah səndə ola bilər.
Jurnalist burada haqlıdır. Kənardan baxanlar da elə deyir. Amma gün gəlir, qonşuda yenə yanğın olur, bu dəfə həmin dövlət, keçmişdəki səhvindən dərs çıxarır və cəld tərpənir, qonşusuna yardım edir. Amma jurnalist yenə həmin dövləti “vurur”, yazır ki, hansı gününə qonşuya yardım edirsən, özünün N qədər problemin var.
Bax, bu artıq qərəz göstəricisidir. Yəni nə baş verir, versin, həmin o dövlət hansı addım atırsa, atsın, qərəzli jurnalist və ya politoloq əks qütbə keçib deməyə söz tapacaq.
Bu xüsusda ən çox bəxti gətirməyən ölkələrdən biri də Türkiyədir. Nə edirsə, etsin, ona qarşı qərəzli olanları susdura bilmir. Vaxtilə 11 sentyabr teraktının ABŞ-ın özü tərəfindən törədildiyini iddia edənləri ələ salan, “cahil” adlandıranlar indi 15 iyul dövlət çevrilişini Ərdoğanın özünün törətdiyini iddia edirlər və bu fikirlə razılaşmayanları ələ salır, “cahil” adlandırırlar. Baxırsan, ikisi də eyni dərəcədə absurd iddialardır, amma birini cəfəng, digərini gerçək sayırlar. Belə haça-paça mövqe qərəzdən doğur.
1995 və 2000-ci illərdə hökumətin əlindən mandat alıb parlamentdə təmsil olunanlar 2005-də eyni “mükafat”a layiq görülənlərə tənə edir, söyüb-yamanlayır, barələrində qara piar aparırdılar. O da qərəzdən idi. Hər iki halda, özləri haqlı, yamanladıqları haqsız idi.
Odur, Xaçmazda deputat polisi döyüb, indi deputatın mandatının əlindən alınması, özünün də içəri basılması istiqamətində siyasi-hüquqi prosedur başlayıb. Adamlar yenə narazıdırlar, deputatın tərəfini tutmağa meylləniblər, deyirlər, vurulan adam polisdir deyə deputatı cəzalandırırlar.
Bəs əksinə olsaydı, nə deyəcəkdilər? Onda da deyəcəkdilər ki, arxalı köpək qurd basar, deputatın arxa-dayağı güclüdür deyə yazıq polisin qanını batırırlar.
Bir variant da var: polis deputatı döysəydi… Bu halda polis cəzalandırılsa, deyəcəkdilər, polis deputatı düz eləyib döyüb, görəsən, nə tort yeyib ki, ağzının üstünə şillə alıb. Amma deputatı döyən polis cəzalandırılmasa, onda da deyəcəkdilər ki, hərbi polis dövlətidir dəə, xuntadır, hamımızı döyə bilərlər, ona görə də yazıq deputatın qanını batırdılar.
Yəni qərəzkarlar bütün hallarda deməyə söz tapacaq, qəbul edilmiş qərarın obyektivliyini şübhə altına alacaqlar.
Siyasətçilərin belə hərəkətlər etməsi uğursuzluğa, təklənməyə aparır. Politoloq və jurnalistlər isə bu cür mövqelər sərgiləyəndə sözlərinin etibarı azalır, yazı və şərhlərinin mötəbərliyi şübhə altına düşür.
Halbuki qızıl orta deyilən bir şey var: nə hansısa dövlətə, nə iqtidar komandasına, nə müxalifət düşərgəsinə, nə də ayrı-ayrı şəxslərə qərəz prizmasından yanaşmamaq mümkündür, bütün hallarda yaxşı hərəkəti müsbət, pis hərəkəti mənfi qiymətləndirmək olar. Bundan ötrü adamın daxilində ədalət hissi olmalıdır. O olmayandan sonra adam öz aşağı ətrafının kinetik enerjisi ilə göyə qalxsa da, obyektiv ola bilməyəcək.
Biz hələ şükürlüyük, ermənilərdə o hiss yerli-dibli yoxdur və onlar bütün məsələlərdə qərəzli olmaya bilmir, hisr-hikkələrinə, kin-küdurətlərinə əsir düşürlər. Ona görə də artmırlar – nə əhali olaraq, nə dövlət olaraq. Öz kinləri öz içlərini yeyir, bitirir.
Biz gərək elə olmayaq, pisə pis, yaxşıya yaxşı deməyi bacaraq. Bunu bacarmayanda adam reallıq hissini itirir, qərəz cığırı ilə irəli gedir, gedir, bir gün ağzı uçuruma dirənir, geriyə qayıtmağa da yolu olmur.