Günah kimdədir, əlbəttə, öləndə. Bilmirəm bu yetərincə populyar məsəlimizi kim fikirləşib tapıbdır, ilk dəfə hansı kontekstdə işlənibdir, hazırda cəmiyyətimizi birləşdirən əsas leytmotivlərdən biri bu məsəlin altında gizlənir. İstər hökumət olsun, istər cəmiyyət, həmişə günahı günahkarda yox, cəza çəkəndə aramağa üstünlük verir. Ən yaxşı yoldur axı. Diridə günah axtarmaq bahalı işdir. Axırı yaxşı olmaz birdən, lakin ölülərdən kim zərər görübdür? Dünyanın ən sakit, stabil, sabit məkanı qəbiristanlıqdır. Rəhmətliklər uzanıblar özləri üçün, istirahət eləyirlər.
Respublika təbabət jurnalının baş redaktor müavini gözəl açıqlamalar vermişdir, yəqin bir gün bunları öz jurnalında da dərc edəcəkdir. Deyir, ay avam camaat, nə üçün viruslara şübhə edirsiniz, şayiə yayırsınız, bəs sizin ağlınız haradadır? Maraqlı rəqəmlər gətirir, keçən il respublika üzrə ölü sayını (76 min) göstərir, deyir vətən savaşında rəhmətə gedənləri və COVİD-19-dan rəsmi şəkildə ölənləri çıxanda əvvəlki illərin orta sayından azı 15 min çox alınırmış.
Pis rəqəmdir, yəni keçən il bizdə ölü sayı 15 min çox olub. Hörmətli təbib-jurnalistin iddiasına görə, camaat bu 15 minin COVİD-dən öldüyünü gizlədibdir. Hökumətə qalsa hamısını sayarmış.
Əcəb işdir. 15 min nəfər ölü çox çıxır, lakin bunu hökumətdən gizli saxlamaq mümkün olur. Bir deyil, beş deyil… Bəs bu gizli ölümlərin, bərbad səhiyyə xidmətinin günahı kimdədir? Əlbəttə, ölənlərdə. Yuxarıda yazdım axı. Necə deyərlər, bax, yuxarı. Şəkil A-da göründüyü kimi. Məhz bu cür dərin və dəyərli fəaliyyətinə görə sağlamlıq durumuna cavabdeh keçmiş bakanı dünən diaqnostika mərkəzinə baş həkim qoydular. Diaqnozumuzu ondan yaxşı kim bilər? Hə, bir də jurnalın əməkdaşlarını yaddan çıxarmayaq. Allah hamısının canını sağ eləsin. Dadaloğlu necə söyləmişdi: “Ölən ölür, qalan sağlar bizimdir”. Böyük ozan olmuş, rəhmətlik. Qabaqkı sətirləri də möhtəşəmdir: “Dadaloğlu, yarın kavğa kurulur, Ötər tüfək, davlumbazlar vurulur, Neçə koç yigitlər yerə sərilir”…
Davlumbaz vuranlar vacibdir, aşıq buna işarə edibdir. Pandemiya başlayandan var qüvvəsi ilə çalışan, lakin dəyərini almayan, qiymətləndirilməyən həkimlərin orada-burada qışqırışmasına da gərək biz çox fikir verməyək. Medal verilməyib? Adi kağız diplomdan, təşəkkürnamədən-zaddan almayıblar? Maaşları azdır? Günah özlərindədir.
Yol idarəsinin müdiri də xordan qıraqda qala bilməzdi, sazı sinəsinə basıb görək nə dedi: “Bizdə problemli yollar yoxdur. Problemi ictimaiyyət özü bilmədən yaradır”. Gözəl fikirlərdir. Hər bir hərfin altından xətt çəkirik, imza atırıq. Azərbaycanda bütün yollar Romaya aparır. Yeganə problemimiz odur ki, ictimaiyyət belə mədəni yolları getməyə layiq deyildir. Şair bu məqamda demişdir: “Qoynunuzda dolaşmışam, Tozunuza bulaşmışam, Sinənizdə qalan daşam, Yollar, məni unutmayın”. Təmiz söhbətdir. Azca tozunu silsən, lap dolaba qoy, tamaşa elə.
Vəziyyət o dərəcədə yüksək səviyyəyə çatıb ki, hökumət jurnalistlərə ev qayırır, lakin jurnalistlər evi şəhid ailələrinə bağışlamaq üçün müraciət toplayır. İmza atanların hamısı gözü, könlü tox redaktorlar, ağsaqqallar imiş. Mən qorxuram bu minvalla o evlər boş qalsın, çünki şəhid ailələri imtina elədilər, dedilər bizə kiminsə haqqını yemək yaraşmaz.
Nazirə maaş verirsən, Qarabağa yardım fonduna keçirdir. Məmurlara rüşvət vermək imkansız hala gəlibdir. Biz görmüşdük mətbuat xidməti idarəni xalqa təqdim eləsin, dünən müdir mətbuat xidmətinin təzə başçısını ictimaiyyətə təqdim edirdi. Klassikaya çevrilən filmimizdəki durumdur: “Mən qazıram, bu isə qazmır, bu, montajlıyır”.
Yaşamağı bacarmalısan. Şair demiş, hər kim yüz il yaşamasa, günah özündədir. Bu yazının şeir suyu çox oldu elə bil, üzrlü sayın. Saymasanız, vurun məni öldürün, yoxsa diri halda kim günahını boynuna alır?