Qarabağda işğaldan təzə azad olunan şəhərin icra başçısının 100 minlik avtomobil sürdüyü deyilir. Onun həmin avtomobilə taxdığı nömrə də elə-belə, ucuz mal deyil, qara bazarda haradasa 10 min manata satılırmış. Siz hələ gəlin bizdə maşın nömrələrinin qara bazarı haqda da sual verin…
Ancaq mən yay gəldiyini, ali məktəblərimizə şıdırğı qəbul imtahanlarının getdiyini nəzərə alaraq sarıdimdik abituriyentlərimizə bir hesab dərsi sualı yönləndirmək istəyirəm: “Əgər hansısa məmləkətdə icra başçısı 110 min manatlıq maşın, o başçının müdir olduğu şəhərin alınmasında yaralanıb qazi olan əsgər isə dövlətin verdiyi 14 min manatlıq avtomobili sürürsə, icra başçısının avtomobilini satsaq, neçə qaziyə maşın almaq olar?” İkinci sual da var: “Bu gedişlə qazilər neçə ildən sonra icra başçısı olacaqdır?”
Əlbəttə, vətən məhəbbəti avtomobillərin dəyəri ilə ölçülmür. Bizim camaat da, həmçinin, insanlara var-dövlətinə, bər-bəzəyinə görə yox, əməllərinə, mənəviyyatına görə qiymət verir. Kasıb və mərd adamı həmişə süfrəmizin başında oturduruq, varlı və lotu isə ayaqda qalır. Analar körpələrə oğurluğun bəd əməl olduğunu layla ilə, südlə əmizdirir, atalar oğullara “bala, birdən çaşıb korrupsiyaya girişərsən, nəslimizin adını batırarsan” öyüdü verir. (Əgər müəllif Buratino olsaydı, bu məqamda burnu yarım metrə qədər uzanmalıydı, o üzdən əl saxlayıram. Həm də yayın günündə daha çox gopa basmağa həvəs olmur. Nağıllar, əfsanələr uzun qış gecələrinin malıdır).
Yaxşısı budur ötən yazılarımdan birinə oxucumuz, hörmətli Hətəmxan ağanın reaksiyasını dərc edim. O yazıda Ucarda stadionun olmadığı, eks nəqliyyat naziri Ziya müəllimin rayona pul buraxmadığı kimi aktual mövzular qaldırılmışdı. Hətəmxan ağa isə yazır ki, Ziya müəllim nazir olanda Ucar Gənclər evi ölkəmizdə ən yüksək səviyyədə təchiz edilmiş əyləncə mərkəzi idi. Az qalır yazsın xaricilər Las Veqası, Disneyləndi-zadı qoyub Ucara gəlirmiş: “Orada 7D kino salonundan tutmuş, professional avtotrenajora qədər hər şey vardı. Bilyard, avtodrom kimi primitiv şeyləri heç sadalamağına da dəyməz. İndi baxımsızlıqdan yaman kökdədir. Ata baxarsan at olar, baxmazsan… (bundan sonra oxucumuz Avropa Şurasının bütün gender konvensiyalarını ayaq altına salan müqayisə aparıb, yazmağı məsləhət bilmədim – Z.H.) Və nə qədər ki, Ucar pambıq zavodunun hələ sovet vaxtından direktoru Şaban məllim sağ idi, Ucar stadionu da olduqca gözəl vəziyyətdə idi. Bəli, bəli, Ucarda stadion da var, hələ ki. Çünki stadion pambıq zavodunun balansında idi, rəsmi şəkildə zavodun vəsaiti ilə tikilmişdi. Bir neçə dəfə rayon rəhbərliyi stadionu rayonun balansına keçirmək istəmişdi. Lakin Şaban məllim bildirmişdi ki, onun bu işi etməyə ixtiyarı yoxdur. Zəhmət çəkib şəxsən (bu yerdə isə Hətəmxan ağa elə zati-alinin ismi-şərifini yazıb ki, bunu da yazsam gərək sonra Avropa Şurası mənim haqqımda xüsusi bəyanat versin – Z.H.) Filankəs müəllimdən icazə alsınlar və o da Şabana icazə versin. Pambıqçılıq sahəsinə nəzarətin Filankəs müəllimə həvalə edilməsindən isə xəbərsizəm demə, ayıb olar sənə”. Məktubun sonu.
Yazı isə Şuşadan başlayıb Ucarla davam etdiyi üçün Şəkidə tamama yetməlidir. Deyir bir gün bir dəstə şəkili cənnətin qapısını aralayıb içəri keçmək istəyir. Qapıda duran qarovulçu soruşur haradan gəlmisiniz, deyirlər Şəkidən. Qarovulçu deyir burada sizə yer yoxdur. Şəkililər əsəbləşir: “Cənnətə gedirox, diyillər yer yoxdu, cəhənnəmə gedirox, buraxmıllar. Hayındı təzədən Şəkiyə qayıdax?”