Şəmkirdə kürəkən qayınanasını və arvadını bıçaqlayıb öldürdü, mənim diqqətimi çəkənsə ər-arvadın əmiuşağı olmasıydı. Yəni bu əhvalatda kriminalın kökləri lap əvvəldən qoyulmuşdu. Axı bütün tibb alimləri, dünyanın elmi təşkilatları neçə illərdir boğazlarını cırırlar, əmi uşaqlarını evlənməsi məsləhət görülməyən qohumlar arasında birinci sıraya qoyurlar. Belə evlilikdən xəstə, problemli uşaqlar doğulması ehtimalı çox yüksəkdir – o səbəbdən. Bizdə isə bəzi hesablamalara görə əhalinin 55 faizi qohum evliliyi məhsuludur. Hələ bu cür əməlləri “Əmioğlu ilə əmiqızının nikahı göydə kəsilib” kimi idiot məsəllə süsləyənlər tapılır. ABŞ-ın bəzi ştatlarında qohum evliliyinin bu növü insest sayılır, qanunla qadağandır.
Dini fanatizmin də qohum-əqrəba evliliyi, nəticədə problemli, xəstə uşaqlar doğulmasında rolu böyükdür. Elə bu yazını hazırlayanda internetdə sarsaq “araşdırma” ilə rastlaşdım. Başlığı belə qoymuşdular: “Əmioğlu ilə əmiqızı görüşəndə ehtiras hiss etmədən öpüşə bilərlərmi?” Təsəvvür edin. Milləti narahat edən problem budursa, niyə biz ölmürük? Əslində düşündürücü sual belə olmalıydı: “Əmioğlu əmiqızı ilə evlənəndən sonra qayınanasını doğraya bilərmi?”
Ailələrimiz bu cür mənəviyyatsız və elmsiz özüllər üzərində qurulduğu üçün evlərdə qara qüvvələr hökmranlıq edir. Son vaxtlar bir dələduzluq forması geniş yayılıbdır: falçılar evlərə gedir, xüsusən evdar qadınları tora salır və iddia edirlər ki, guya bu evdə şər qüvvələr məskunlaşıbdır, yaxşı pul, qızıl verilsə onları qovarlar. Adamlar soyulandan sonra hadisəni başa düşür, polisə şikayətlənir. Ancaq burada səbəb və nəticə ardıcıllığına diqqət etməliyik. Əgər həmin qadınlar xoşbəxt yaşasalar, heç evlərində hansısa mistik şər qüvvənin, cinin, qulyabanının, halarvadının, nə bilim, poltergeystin yaşadığını düşünər, şübhəyə düşərdilərmi? Qısaca yazsaq, yox. Şər qüvvə o yazıq qadının əslində əridir. Narkotikə qurşanan uşağıdır. Ömrünü çürüdən qayınanasıdır. Qeybətini qıran baldızıdır və sairə. Bunu özünə etiraf eləməyə və taleyini dəyişdirməyə qorxur, falçının köməyi ilə uzaqlaşdırmağa ümid edir.
Sözgəlişi, bizdə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi tipli bir dövlət idarəsi vardır, buradan onun təzə müdiri Bahar Muradovaya salam yollayıram. Yenə parlamentdə oturanda hərdənbir səsi gəlirdi, məsələn, Əli Kərimlini və cəbhəçilərin kölgəsini taxta qılıncla doğrayırdı, indi heç bu da yoxdur. Xalq fəaliyyət tələb edir. Qohum evlilikləri, ailə münaqişələri, məişət zorakılığı mövzularında tədbirlər görülməlidir. Yoxsa bu gedişlə camaat bir-birini qırıb qurtaracaqdır.
Ən azından AMEA şefimiz Ramiz müəllimdən örnək götürə bilərdi. Məsələn, keçən həftə orada məsul yoldaşlar toplaşıb akademiyanın balansında qalan axırıncı torpaqları da satdılar… Zarafat edirəm, bizim alimlər torpaq alveri ilə məşğul olmur. AMEA Rəyasət Heyətinin 9 iyulda keçirilən geniş iclasında (əgər masa və kətillər sıx qoyulursa, bu, dar iclas adlanır, hazırda pandemiya səbəbi ilə OQ tərəfindən qadağandır) Riyaziyyat və Mexanika İnstitutunun adının dəyişdirilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıbdır. Alimlərimiz idarədən xahiş edir ki, indən belə bu elm ocağı Riyaziyyat, Mexanika və Tətbiqi Tədqiqatlar İnstitutu adını daşısın. Sən demə, hazırda alimlərimiz orada cürbəcür kəşflərə imza atır, teoremləri isbat edir, tənliklərdə iks və iqreki tapırlar, lakin bu tədqiqatları həyatda tətbiq eləməkdə acizdirlər, çün, tətbiq eləsələr qanunu pozarlar.
İndi söz əlaqədar təşkilatlarındır – Əli müəllimə (Əsədova) yazın, sizə də Əlaqədar və Tətbiqi Tədqiqatlar Təşkilatı adı qoysun.