İngiltərəli yazıçı Frederik Forsaytın “Savaş köpəkləri” adlı bir romanı var, muzdlu döyüşçülərin iştəklərindən bəhs edir. Dünənəcən o roman oxucuların gözünə siyasi detektivdən çox, fantastika janrından olan əsər kimi görünə bilərdi.
Bu gün isə “Savaş köpəkləri”nə yanaşma dəyişmiş ola bilər. Çünki Haitinin prezidenti Jovenel Moiz öz ömür-gün yoldaşıyla birlikdə prezident iqəmatgahında öldürülüb və ilkin versiyaya görə, qətli əcnəbi muzdlular, yəni “savaş köpəkləri” törədib.
Öncə onu deyim ki, Frederik Forsayt hazırda sağ-salamatdır, 83 yaşı var. Adam 20 ildən artıq müddətdə İngiltərə kəşfiyyatı Mİ-6-nın agenti olub, bütün dünyada bəzəmədiyi kol dibi qalmayıb, hətta orden-zad da alıb. Yəni sabiq həmkarımızın (Fred gəncliyində reportyor olub) yazdıqları nə qədər ağlasığmaz görünsə də, içində qaynadığı qazanın dibindən yazıb, bir az gopa bassa da, əl-əlbət, yazdıqlarının çoxu real faktlara əsaslanır.
Onun məşhur əsərlərindən biri də “Çaqqalın günü”dür, filmi də var, baxmış olarsınız. Elə 1974-cü ildə Forsaytın qələmindən çıxan “Savaş köpəkləri” də ekranlaşdırılıb, Youtube-də The Dogs of War, ya da Psı voynı yazın, axtarış verin, baxın.
Demək, romanda göstərilir ki, qlobal və milyarder holdinqlərdən birinin rəhbərliyi platin yataqları ilə zəngin Afrika respublikası Zanqaroda (uydurulmuş ad) hakimiyyəti dəyişmək, yataqları istismar etməyə icazə verəsi oyuncaq rejim qurmaq istəyir və bu işi muzdlulara tapşırır. (Əslində Zanqaro adı altında Ekvatorial Qvineyada baş vermiş hadisə nəzərdə tutulub).
Uzun sözün kəsəsi, bir dəstə başıxarab muzdlu döyüşçü qayıqlarda gecəylə respublika ərazisinə daxil olur, prezident iqamətgahını minaatanlarda atəşə tutur, müqavimət göstərənləri məhv edir, axırda iki nəfər itki verərək, Zanqaroda hərbi çevrilişi həyata keçirirlər.
Romanı oxuyanda deyirsən, belə şey olarmı, hanı bəs bu dövlətin hüquq-mühafizə orqanları, ordusu-filanı. Amma baxaq görək, söhbət haradan gedir? Dünyada “banan respublikası” kimi tanınan ölkələrin birindən.
Ömrü boyu İngiltərənin, Fransanın, İspaniyanın müstəmləkəsi olmuş ölkələrdə nə olacaqdı ki? Dövlət oyuncaq, hakimiyyət oyuncaq, hər şey əldəqayırma. Ona görə də “savaş köpəkləri” az qüvvə ilə Zanqaroda çevriliş edə bilir.
İndi baxın, real həyatda elə bir hadisə olub: bir dəstə muzdlu əcnəbi gecəylə hücum edib Haitinin prezidentini öz iqamətgahında öldürüb.
Haiti deyəndə gözünüzə yekə bir yer kimi görünməsin, bir adadakı iki dövlətdən biridir (o birisi Dominikandır – tanıyırsınız: “Survivor”, Acun, İsmayıl Balaban). Başqa sözlə, bizim Dağlıq Qarabağ (Şərqi Zəngəzur və aran Qarabağ xaric) boyda bir yerdir Haiti, amma əhalisi Azərbaycanınkından 1,5 milyon nəfər çoxdur – 11 milyon 500 min nəfər. Nəyi var, doğub-törəyiblər. Di gəl, prezidenti qorumaq üçün 1500 əsgərlik qvardiyaları yoxmuş. Bəlkə də varmış, sadəcə, Zanqarodakı kimi imiş.
Yaxşı, Zanqaroda hakimiyyəti platin yataqlarına görə devirdilər, bəs Hatinin başına bu oyunu niyə açdılar?
İndi belə bir versiya var ki, mərhum prezident Moizi narkobaronlar aradan götürdüb. Guya ki, Moiz narkotik maddələrin istehsalına, satışına qarşıymış, mafiozları dolanmağa qoymurmuş.
Ola bilər. Bu işdə milyardlar var, milyonlarla adamın çörəyi bu işdən çıxır. Haiti elə bir yerdir ki, orada avakado, portağal, manqo kimi tropik və subtropik meyvələr bitdiyi kimi, Hindarx, Masallı, Şəki çətənəsi də yaxşı cücərir. Bir azca da qulluq edəndə, hektardan filan qədər məhsul əldə etmək olur. Amerika bazarı da qulağının dibində.
İntəhası, prezident bu işə mane olanda, olmur, əziyyətinə dəymir, məhsul əldə qalır, zay olur. Düzdür, narkotik maddə gömrük-keçid məntəqəsində gün altında qalıb qıcqıran pomidor kimi deyil, amma yenə də istehlakçıya vaxtında çatdırılmayanda, ziyan olur.
Ona görə də Moizi narkotik məsələsinə görə vura bilərdilər.
Hərçənd intuisiya deyir ki, bu işi Haitinin baş naziri vəzifəsini icra edən Klod Jozefdən də soruşmaq lazımdır, bəlkə prezidenti gerçəkdən kimin vurdurduğunu o, daha dəqiq bilir.
Bu işləri Frederik Forsayt qədər bilməsək də, uzun illərin təcrübəsi deyir ki, cənab Jozef bu söhbəti bilər. O boyda baş nazir əvəzidir, bu gün-sabah prezident olacaq.
O vaxt (1963-cü ilin noyabrında) ABŞ prezidenti Kennedi Dallasda vurulanda vitse-prezident Lindon Consondan “Kennedini kim vurdurdu” deyə soruşmadılar, elə təyyarədəcə Consonu prezident elan elədilər, o da dedi ki, “50 il heç kəs bu barədə danışmasın”, beləcə söhbət bağlandı.