“Demin Məcnunə aşiq kim, başında quş yuva tutmuş,
Mənəm aşiq ki, seyli-çeşmimi başımdan aşurdum”
(Füzuli)
Dünyanın başqa ölkələrində neftin qiymətinin qalxmağını camaat necə öyrənir? İlk növbədə, benzin stansiyasına gedib yanacağı daha yüksək qiymətə alarkən (zəhləmgetmiş, uzunluğu Ceyhan limanına çatan “yanacaqdoldurma məntəqəsi” ifadəsini, nəhayət, nəsə bir qısa sözlə əvəz etməliyik, məncə, neft şirkəti bunun üçün dillər institutuna çoxlu pul ayırsın – şərait yaranıb). Ya da hansısa dünya birjasının açıqlamaları əsasında.
Biz azərbaycanlılar isə neftin, daha doğrusu, Hacıbala müəllim demiş, “neftimizin” bahalaşmasını… səkidən və parkdan öyrənirik. Bəli, burada təəccüblü heç zad yoxdur. Əgər sən həmişə keçdiyin səkinin qəfil bağlanıb, təzə qranitlərin lap qəttəzə qranitlərlə əvəzlənməyə başladığını görsən, bulvarın, parkın hansısa adam ayağı dəyməyən daşlarının yenilənməsinə şahid olsan dərhal barmağını dişləyirsən: “Aha, deməli, neftimiz təzədən bazburuta minibdir”. Bu, havadan yazılan sözlər deyil. Uzun illərin təcrübəsidir. Biz neftin qalxan-enən, Elman müəllim demiş, üzən məzənnəli qiymətlərinə bir növ adətkərdə olmuşuq.
Maraqlıdır ki, hər dəfə belə bahalaşma yeyintilərlə, ucuzlaşma isə həbslərlə müşaiyət olunur, yekunlaşır. Neft baha olanda hökumətin elan etdiyi zırpı projelərdə pul silənləri kasıb vaxtımızda tutub sıxırıq. Sanki bordaqda dana yetişdirib kəsirsən. Bəzən Cahangir müəllimin zövcəsi kimi aradan çıxanlar da olur. Ancaq maşallah, heç türmələrimiz burjuy üzünə həsrət qalmadı.
Bu yaxında hökumət tərəfindən Ələt Azad İqtisadi Zonasının yaradıldığı elan olundu. Doğrusu, mən elə bilirdim o zona çoxdan fəaliyyət göstərir, çünki Ələt AİZ şəxsən mənin nəzərimdə Mirzə Cəlilin ünlü hekayəsindəki quzu kimi bir zada dönmüşdür. Axı yadımızdadır, bir zamanlar bu AİZ açılmışdı! Bəs indi təzədən niyə açırıq? Neftin qiyməti qalxıb, xaricilərin gözünü qamaşdırmaq fikri yaranıb? Elə isə Hacı İbrahimin burnunu sildiyi salfetkada çəkdiyi “Xəzər adaları”nı da təzədən xoddayın. Vallah. Qəşəng pul batırmaq yeridir. Beynəlxalq Bank da durur yerində. 1 milyard kredit verər. (Neçənci dəfədir bu idarənin adını yazanda çaşıb “beyin, əxlaq” kimi bir şey cızmaqara edirəm. Möcüzədir. Gərək banka nəzir verim).
Bu arada rəhmətlik Fikrət Sadığın qısa şeiri də haradansa yadıma düşdü: “Qabaq Ələt var idi, Ələtə gedə bilirdik. İndi ”Elit” var, “Elit”ə gedə bilmirik”. Hərçənd şair rahat uyusun, indi heç “Elit”dən də əsər əlamət qalmayıbdır, Allahşükür müəllimin qohumları buranın başını buraxıb qaçmışlar. Ümumiyyətlə, bizim elita sarıdan bəxtimiz heç vaxt gətirməyibdir, bir ara Rüstəm müəllim də “elita problemimiz var” deyib hökumətlə nahaq yerə düşmən oldu, ara yerdə çaxır sexini bağladılar. İnşallah, təzədən açılar. Neft mistik sərvətdir. Özünüz baxın, hətta İsraildə Netanyahu kimi siyasət əjdahasının 15 illik baş nazirliyini yıxan adamın adı da Naftali-dir. Yəni bizim dildə yazsaq Niftalı. Bu söz qədim “Neft əli” sözlərindən yaranmışdır.
Lakin mövzudan poetik şəkildə uzaq düşməyək, bizə yaraşmaz, oxucular da zənn edər ki, müəllif artıq neftin bahalaşmasından qudurubdur, klaviaturası fontan vurur, ağzına gələni qara-qura edir. Bugünlərdə daha bir gözəl sərəncam verildi, iqtisadi rayonlarımız yaradıldı. Örnək üçün, indən belə bizim Qarabağ, Şərqi Zəngəzur kimi iqtisadi rayonlarımız olacaqdır. Ümumilikdə 14 iqtisadi rayonumuz varmış.
İşğaldan təzə azad olunanları saymıram, bəs o biri iqtisadi rayonlarımız görəsən hansı məhsulu, hansı iqtisadiyyatı ilə tanınır? Əgər hələ də ölkədə de fakto bircə iqtisadi rayon varsa (Bakı və Abşeron yarımadası), qalan bütün regionlar bu yarımadada çıxan karbohidrogen ehtiyatları hesabına, dotasiya, yardım alaraq, dilənçilik edərək yaşayırsa, biz özümüzü niyə aldadırıq?