“İnsan ən böyük sevinci qadağaları pozarkən yaşaya bilər”
(Ziqmund Freyd)
COVİD-19 pandemiyası səbəbindən 1 ildən çox idi toylar dayanmışdı, nəticədə vətəndaşlarımız narahat olmuşdu. Hətta bəzi deputatlar ağlaşma qururdu, deyirdilər gələcəkdə torpaqlarımızı qorumağa əsgər tapılmayacaq. İndi toylara pis-yaxşı icazə verilib, qurbağa gölünə daş atılıb.
Ancaq faktlar xalqımızın əslində toy mərasimlərinə o qədər önəm vermədiyini də ortaya çıxarır. Ədliyyə Nazirliyi təzəlikcə rəqəm açıqladı: bu ilin ilk altı ayı ərzində 22 minə yaxın nikah qeydə alınıb. Bu isə keçən ilin uyğun dövrünə nisbətdə 20 faiz çox imiş.
Deməli, bir çox “milli mentalitet”, “əxlaq” demaqogiyalarına baxmayaraq, camaatımızın insan azadlıqlarına münasibəti çox sivil və inkişaf etmiş səviyyədədir. Toy eləmədən evlənirlər, özü də əvvəlkindən iyirmi faiz çox! Şəxsən mən bunu alqışlayıram. Bu cür toy, mərasim kultlarını bitirib gənclərə, elə hər yaşdan olan insanlara sərbəstlik tanımalıyıq.
Yeri gəlmişkən, bayaq yazdığım “tanımalıyıq” sözü əslində mənasızdır, faktlar deyir ki, xalq özü azadlığın yanındadır. Məsələn, 2016-cı ildə nikahdankənar doğulan uşaqların sayının 26 mindən çox olması haqda xəbər yayılmışdı. Doğrudur, belə uşaqların maddi-mənəvi problemlərlə üzləşməsi də mümkündür. Həmçinin belə rəsmi nikahların azalması uyğun olaraq dini nikahların artması ilə müşayiət olunur. Ancaq bütün hallarda insanların ailə qurmaq kimi şəxsi, intim hadisəni dövlətdən kənarda, öz aralarında həll etməsi müsbət haldır. Camaat arasında vətəndaş nikahının pislənilməsinə, müxtəlif qeybət və şayiələrə baxmayın. Biz bu cür işlərdə Qərbi nə qədər söysək də, bəzən Qərbdən də qabağa gedirik. Belə də olmalıdır, çünki iki insanın şəxsi münasibətlərinin heç bir nazirliyə və mentalitetə, xüsusilə tində durub qeybət edən tiplərə dəxli yoxdur. Bir ata sözümüzdə bu münasibətlərin formulu möhtəşəm şəkildə cızılmışdır: “İki könül bir olsa, samanlıq seyranlıq olar”. Xalq hər cür insan azadlığına açıqdır, hazırdır, ancaq hərdən bundan sanki utanır. Bunun da səbəbləri çoxdur. Din bir yandan, DİN (hökumətin ümumi şəkli olaraq) bir yandan…
İslahatlar gedir, hər şey axırda lap yaxşı olacaqdır. İnanmırsınızsa, gəlin sizə 2 iyuldan bir sitat yazım: “Vəkil gecikdirmələrə görə cərimə olunur, həmçinin lüzumsuz müdaxilələrə görə. Bəs məhkəmə lüzumsuz müdaxilələrə görə niyə cərimə olunmur? Bəzən məhkəmələr məqsədli şəkildə qərarları qarşı tərəfə vaxtında təqdim etmir ki, yuxarı instansiyalara müraciət edilməsin. Məhkəmə düzgün qərar çıxartmırsa, o halda niyə cərimə olunmur? Avropa Məhkəməsinin qərarlarına baxırıq. Oradakı qərarların hamısı Azərbaycan məhkəməsinin prosedur qaydalara əməl etməməsilə bağlıdır və nəticədə Azərbaycan dövləti cərimələr ödəməli olur. Bu gün biz qəbul etdiyimiz qərarla ancaq və ancaq məhkəmələri müdafiə ilə məşğuluq, vəkilləri yox”. Sitatın sonu.
Mükəmməl iraddır. Adam deyir ki, gündə vəkillər əleyhinə bir qərar, qanun qayırırıq, hakimlər isə qanunsuz işlər görür, lakin heç cərimə də olunmurlar. Mən sitatın üstündə onun müəllifini yazmadım, sizcə, bunu kim söyləyib? Bəlkə hansısa müxalifət lideri? Yaxud Avropa Şurasından gəlmiş qəmişqoyanlardan biri? Tanınmış vəkil? Günahsız mühakimə edilən hər hansı siyasi dustaq? Yox. Tapmadınız. İnanılmaz da olsa, bu sözlərin müəllifi Səyavuş Novruzovdur. YAP üzvü, deputat. Novruzov qanunsuz qərar verən məhkəmə hakimlərini cəzalandırmağa çağırır. Əsl millət vəkili kimi danışır. Seçki də yaxınlaşmır deyək bəlkə xal qazanmaq istəyir.
Deməli, çıxmayan cana həmişə ümid eləməliyik. Azərbaycanı parlaq gələcək gözləyir, nəyə inanırsınızsa, ona and içirəm.