“Gedək gəzək, qalma yalqız, bakılı qız”

(naxçıvanlı İslam Səfərlinin yazdığı şeir)

Bu saat təbrik eləmək moddadır, ona görə yazıma Əlcəzair xalqını qutlamaqla başlayıram. 1962-ci ilin bu günündə – 3 iyulda onlar qəddar fransızların əlindən qurtulub öz müstəqilliklərini elan etmişlər. Emmanuel Makronun vaxtı varsa buna görə xəcalət çəksin, yoxsa bizə Qarabağda necə yaşamağı öyrədir.

1 iyulda isə bütün camaat qəribə “Bakılılar günü” adlı bayramı qeyd eləyirdi. Hara baxırdın “Əziz bakılılar…” (yenə dalıyca “ və şəhərimizin qonaqları” olsaydı) müraciətiylə başlanan bambılı, mənasız, sarsaq təbriklər görmək olardı. Hətta bir nəfər kababçı dostum “Vatsap”da belə bir heyrətamiz cəfəngiyyat yazmışdı: “Hər zaman dediyim söz. Yeraza, naxçıvanlıya, keçmiş köçkünə, rayon əhlinə mehribanlıq göstərib ruzi qazanmağa vasitəçi olan mehriban bakılılar, Allah mehribanlığınız qədər ruzinizi bol etsin, gününüz mübarək olsun, var olun”.

Seymur Baycanın çox bəyəndiyim “Elm və həyat” hekayəsində bir kabab bişirən robot var, əsərin qəhrəmanı yadımda səhv qalmayıbsa axırda şişi robotun qarnına soxurdu. İndi bu dostum da həmin statusdansa qarnımıza şiş soxsa yaxşıydı. “Rayon əhlinə mehribanlıq göstərib ruzi qazanmasına vasitəçi olan mehriban bakılılar”… Bunu necə fikirləşibsə, düşünürəm beyni yanıb. Ya da kababı yandırıb.

Bütün dünyada təxminən oxşar şəhər günləri olur. Ancaq şəhər günləri! Ta şəhərli günü olmur. Bizdə isə “Bakı günü” qeyd eləmək, həmin gün şəhərdə nəsə bayramlar, yarmarkalar düzəltmək, yeyib-içmək, oynamaq, nə bilim, küçələri zibildən təmizləmək əvəzinə xalqı bölücü “bakılılar günü” uydurublar. Çünki şəhər günü keçirmək bizə yaraşmır. Biz parçalanmağı sevirik. Adamlar “öz həyətim, öz həyatım” prinsipiylə yaşayır. Məhəlləçilik, regionçuluq, mağaraçılıq bizə qəsdən, daha kəskin şəkildə, damarımıza yeridilir.

Alman tarixçi Yorq Baberovski-nin araşdırmalarına görə Bakı şəhərinin 1843-cü ildə cəmi 2150 nəfər əhalisi olub, onun da 20 faizi xristian idi. 1851-də 7400 nəfər, 1897-ci ildə – neft bumu başlayanda isə 114 min nəfər “bakılı” olub. 1926-cı ildə isə Bakı əhalisinin çoxu ruslar idi – 160 min nəfər. Azərbaycanlılar, yəni türklər 119 min nəfər idi. Şəhərin ümumi əhalisi o zaman 453 min nəfərə çatırdı. Bəs indi bu qədər “bakılı” görəsən hardan çıxıb? Axı 19-cu əsrdəki həmin o 2 min nəfərin artıb indiki rəsmi 2 milyon yarıma heç yaxınlaşması mümkün deyil, əlbəttə, hər ailədə 15-20 uşaq olsa bəlkə… (Bunun riyazi silsiləsini hesablamağa həvəsim olmadı). Kim ağzını açır, “biz neçə nəsil köklü-şəcərəli bakılıyıq, qədeş” deyir. Təbii ki, yalandır, saxtakarlıqdır. Görkəmli tarixçi alimimiz Eldar İsmayılovun da Bakı şəhər əhalisinin etnik tərkibi, sovet dövründə bolşeviklər tərəfindən necə qəsdən ruslaşdırılması temasında mükəmməl elmi araşdırmaları var, məsləhət görürəm tapıb oxuyasınız. O zaman bəlkə camaatımızın çoxuna əyan olar ki, əslində biz Bakını təkcə 1918-də yox, 1988-ci ildə də qurtarmışıq. Paytaxtın adı bizim, dadı yadların idi. Ən yaxşı məhəllələrində ermənilərə yer vermişdilər, türklər isə Keşlənin, Böyükşorun, Alatavanın “naxalstroylarında” çürüyürdü. Qəribədir ki, o gecəqondularda ermənilərə, başqa etnik azlıqlara rast gəlinmirdi.

Əlbəttə, mən indi burda “Bu şəhərin ən məşhur şairi, ən ünlü bəstəkarı, dirijoru, yazıçısı, siyasətçisi, alimi, artisti, hətta ən yaxşı şəhər başçısı da başqa rayonda, regionda doğulan şəxs olub” yazıb, dəlilərin atdığı quyudan daş çıxarmaq kimi səmərəsiz fəaliyyətlə məşğul olmaq istəmirəm. Azərbaycanın hər yerində yaşayan insan bizə əzizdir. (Hətta mənə kainatda bütün varlıqlar əzizdir, ancaq bu ayrı temadır). Biz “bakılı” yox, Bakı günü keçirməliyik. Şuşalı yox, Şuşa günü qeyd etməliyik. Kürdəmirli, laçınlı, şəkili, zəngəzurlu və sairə də onun kimi. Regionçuluq çağdaş dünyada ən mənasız hərəkətdir, camaat qızını Van Damın oğluna verir e! Durun, çıxın fil qulağından.

Bu yazını yazmaqda məqsədim isə qazın qiymətinin artmasında Bakıya axışan rayonluların mənfi rolunu qeyd etməkdir. Onlar gəlib qazı yandırır, nəticədə qiymət qalxır. Rayonlu nə bilir qaz nədir? Gedib peyin yandırsınlar, qaz otarsınlar… Tarif Şurasında günah yoxdur.