7 ay öncə işğalçı millətin başına endirdiyimiz “Dəmir yumruq”un “müalicəvi” təsiri deyəsən azalıb. Belə getsə, payızda birini də ilişdirmək lazım gələcək ki, “sağalma” sürətli getsin və yarımçıq qalmasın.
Söhbət ilk növbədə qonşu toplumun hələ də “çəhrayı arzularla” yaşayan kəsimindən gedir. Çünki xalq olaraq ermənilər 20 iyun parlament seçkilərində əslində sülhə səs verib, müharibəyə yox. Bu da o anlama gəlir ki, Nikol Paşinyan tezliklə Azərbaycanla anlaşmaya getməlidir.
Anlaşma isə iki ölkə arasında sülh müqaviləsini zəruri edir ki, orada da bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı şəkildə və qeyd-şərtsiz tanınması ilk abzasdaca əksini tapacaq. Bununla da Azərbaycanla Ermənistan arasında, bütövlükdə bölgədə yeni müharibə riski zəmanətli şəkildə aradan qalxmış olacaq.
Hər halda sağlam məntiq belə deyir. Amma siz baxın görün, Nikolun “Mənim addımım” blokunun üzvü, parlamentin xarici əlaqələr komissiyasının sədri, sülh istəyən xalqından təzəcə deputat mandatı almış Ruben Rubinyan bütün həya-abır etalonları aşaraq nə deyir.
Sitat: “İrəvan Bakı ilə sülh sazişi imzalamaq niyyətində deyil. Əgər münaqişə “artsax xalqı”nın öz müqəddəratı təyinetmə hüququ əsasında həllini taparsa, o zaman Ermənistan məmnuniyyətlə Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalayacaq”.
Yəni ki, “Dağlıq Qarabağı bizə verin, nə istəyirsiz imzalayaq, barışaq”.
Görəsən bunun ağzının dediyini qulağı eşdirmi? Nə çərənləyir belə? Hansı “müqəddərat”, hansı “artsax xalqı”? Yəqin Rubinyan 2020-ci ilin 27 sentyabr-10 noyabr aralığında 44 günlük dərin yuxuya gedibmiş. Paşinyanın imzaladığı 10 noyabr kapitulyasiya sənədindən yalnız bu səbəbdən o, bixəbər qala bilərdi – harada ki, statusun izi-tozu da yoxdur!
Ən əsası, bu taxta başa hələ də çatmayıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad eləmək üçün 3 mindən çox şəhidi ona görə verməyib ki, “Dağlıq Qarabağı” indi də məcməidə Ermənistana bağışlasın və ağlının “rubilnik”ini itirən Rubinyan kimilər də durub bizimlə belə hərzə-mərzə, şərtlə danışın!
Bəs Paşinyanın komanda üzvünün sözlərini Bakının son vaxtlar İrəvana sülh müqaviləsi imzalamaqla bağlı ard-arda elədiyi çağırışlarına rədd cavabı saymaq olarmı? Olar. Birinci o səbəbə ki, bu fikri ifraz edən zat Paşinyan komandasının tanınmış üzvüdür, üstəlik, seçkilərdən sonra, xalqın əsas kütləsinin rəyini bilə-bilə (!) bunu söyləyir.
İkincisi, erməni mediasının yazdığına görə, Ruben Rubinyan Ermənistan XİN başçısı postuna namizədlərdən biri, bəlkə də yeganə namizəddir. Və belə anlaşılır ki, o, radikal Ara Ayvazyandan “bir çömçə” artıq olacaq.
Nəhayət, üçüncüsü, üstündən günlər keçsə də, Paşinyan Rubinyanın “barıt qoxusu” verən açıqlamasına reaksiya verməyib, onu təkzib eləməyib. Susqunluğu razılıq əlaməti saysaq, deməli, o özü də bu avantürist, erməni xalqına yalnız yeni fəlakət vəd edən mövqeyi bölüşür.
Əgər Paçinyan bunun üstündən heç nə olmayıbmış kimi Rubinyanı XİN rəhbəri təyin eləsə, bilin ki, o artıq öz xalqının seçkilərdəki iradəsinə arxa çevirib və doğrudan da növbəti “Dəmir yumruq”umuz qaçılmaz olacaq…
Hərçənd, belə təxribatçı açıqlamalara diqqət yetirməmək də olardı. Çünki savaşdakı acınacaqlı məğlubiyyətin ardınca Ermənistanın nə bölgədə, nə də dünyada söz sahibliyi, nüfuzu qalmayıb. Kimdir İrəvan rəsmilərinin şərtini, iradəsini ciddiyə alan? Ermənistanı dövlət kimi saya salan kimdir? “İt hürər, karvan keçər”.
Yeganə narahatlıq məhz “itləri” hürdürən yiyələrlə – Rusiya ilə, Qərblə bağlıdır. Suyu bulandıran da daha çox onlardır. Azərbaycan yaratdığı yeni və sərt reallığı qəbul edə bilmədikləri üçün vaxtaşırı erməni radikallarını altdan-altdan şirnikləndirənlər, onlara belə arsız bəyanatlar verdirənlər, onlardan hələ də maşa kimi yarananlar! Əntiqə şəkildə bilə-bilə ki, status qatarı da, “miatsum” qatarı da çoxdan gedib, bir daha qayıtmayacaq…