“Əgər insanlar eyni tərzdə dəli olsaydılar, o zaman çox yaxşı yaşayardılar”
(Frensis Bekon)
Bakı Şəhər Səhiyyə İdarəsini ləğv elədilər, bu, yaxşı islahat oldu. Çoxdandır bu idarənin nə iş gördüyünü heç kim bilmirdi. Əslində Bakı şəhəri üzrə ləğv ediləsi belə idarələr çoxdur. Biri də Bakı Şəhər Təhsil İdarəsidir. Təhsil Nazirliyi var, hər rayonun öz təhsil şöbəsi varsa, ayrıca paytaxt təhsil idarəsi nə üçündür? Nəsimi rayonunda yerləşən məktəblə Xəzər rayonunda yerləşən məktəbi, qaradağlı şagirdlə Əhmədlidəki məktəblini hansı məntiq və məna ilə bir damın altına toplamaq olar? Heç bir əhəmiyyəti yoxdur, büdcəni sümürməkdir.
Özü də maraqlıdır ki, Bakı bütün Avropa məkanında böyük şəhər bələdiyyəsi olmayan, yəni mer seçkiləri keçirilməyən yeganə paytaxt şəhəridir. İqtidar hər üsulla çalışır paytaxtın özünü idarəetməsi olmasın. (Doğrusu, bunun müsbət və ya mənfi hal olması məsələsini şəxsən mən özümçün tam dəqiqləşdirməmişəm. Dünya praktikasında müsbətdir, ancaq ölkəmizdə nə cür alınar, proqnoz etmək çətindir. Çünki bizim camaata azca sərbəstlik verəndə hamı ictimai əraziləri zəbt eləməyə, çoxbloklu binanı çəpərləyib orda xiyar ləki əkməyə, nə bilim, balkonu qabağa uzatmağa çalışır. Bir gün bu mövzuya ətraflı qayıdarıq). Özünü idarəetməsi olmayan şəhərdə ayrıca təhsil, səhiyyə və sair idarələrin varlığı şübhəlidir.
Lakin Bakı Səhiyyə İdarəsi müqəddəs yer olduğundan, iqtidar onu boş qoymaq istəmədi, yerində İlkin Səhiyyə Xidməti Tibbi Mərkəzi (İSXTM) adında təzə zad düzəldiləcəkdir. İş gedirmiş. Əcəbdir. Sanki yuxarıda oturanlar ipləri qəsdən dolaşıq salırlar, camaat tutub bataqlıqdan, quyudan, mağaradan qırağa çıxmasın deyə. Səhiyyə Nazirliyi var, TƏBİB var, Tibbi Sığorta var, indi bu İSXTM kimə tabe olacaq? Hələ hamısı da yarımçıq, ala-bula şeylərdir. Əks halda günaşırı “hansısa xəstəxanada yemək zaydır, baş həkimi tutdular, tibb bacısı peyvəndi yerə tökdü” başlıqlı xəbərlər almarıq. Bizim səhiyyənin indiki durumunu tam ifadə edən ata sözümüz budur: keçi can hayındadır, qəssab piy axtarır. Burada keçi kimdir, qəssab kimdir, yəqin izah eləməyimə ehtiyac yoxdur.
Biz xəstəxana qapılarında mələr qalarkən azərbaycanlı həkimlərin qürbət ellərdən xoş sorağını alırıq. Görürsən biri Danimarkada hansısa beynəlxalq baş ağrısı təşkilatına sədr qoyuldu. Ayrısı Amerikada ürək cərrahı oldu. Üçüncüsü Türkiyədə (bunu qürbət saymıram, əlbəttə) ürəyinə dəmir batan uşağı xilas edib alqış qazandı. Deməli, həkimlərimiz var. Bəs bu adamları niyə itiririk? Nədən onları yaxşı maaşla, yaxşı şərait yaratmaqla öz ölkəmizdə saxlamaq istəmirik? Sanki Azərbaycandan xaricə neft-qazla yanaşı beyin axını kəməri də var. Bacarıqlı insanlarımızı sözün əsl mənasında ölkədən qovurlar, yerində hırla zırın fərqini bilməyənlər qalır.
Söhbət elmdən düşmüşkən… Hazırda AMEA şefimiz Ramiz Mehdiyev yenidən gündəm olubdur. Gah hansısa tanışı avtoşluq edir, gah gizli səs yazısı yayılır. Deputatlar onu istefaya səsləyir. Akademiyadan elm xəbərləri yox, kimin neçə sot torpaq satması xəbərləri çıxır. Elə bil elm ocağı yox, ev alqı-satqı bucağıdır. Bəs bu adamı orada müdir saxlamaq kimə lazımdır? Mənası nədir? Təsəvvür edin, Ramiz müəllim Bakı Dənizçilik Məktəbinin məzunudur, yəni, rəsmən matrosdur. Lenin hər bir matrosun dövlət işində çalışmasının mümkünlüyünü söyləmişdi, ancaq indi müstəqillik dövründəyik. Hələ Ramiz müəllimin doktorluq mövzusuna baxın, Lenin demişkən: “Lenin opportunizm və millətçiliyin qarşılıqlı əlaqəsi haqda”. Dəhşətdir. Bu mövzuda elmlər doktoru adı alan adam niyə ilin-günün bu vaxtı bizim əsas elm idarəsinin müdiri olmalıdır? Sizə Lenin lazımdır? Kimə lazımdırsa, Moskvaya gedəndə Mavzoleydə mumiyasını ziyarət eləsin.
Biz yəqin AMEA-nı ləğv edib onun yerində İlkin Elmi Xidmət Mərkəzi qayırmalıyıq. Müdir qoymağa mumiya da taparıq.