Hər dəfə şəhərli-kəndli, rusdilli-türkdilli, elita-qara camaat, qlamurlar-natarazlar davası düşəndə ağlıma gəlir ki, bu köhnə lətifəni yazım, məsələyə mövqe bildirim, amma lətifə bir balaca biədəb səciyyəli olduğu üçün əlimi saxlayıram.
Yaxşı, nə vaxtacan? Bu dəfə ünlü musiqiçi, ən azı 41 ildən bəri tanıdığım Sərxan Sərxanın bais olduğu (indi özü deyir ki, elə söz deməyib) hadisə sövq etdi ki, həmin lətifəni yazım.
Deməli, gey olduğunu gizlətməyən, hətta bununla qürur duyan bir musiqiçi-dirijora konsertdən sonra iki nəfər yaxınlaşır, biri astadan pıçıldayır ki, mayestro, biz də geyik.
Mayestro yaxınlaşanları süzür, soruşur: “Siz sənətçisiniz?”
Adamın biri cavab verir: “Sayılırıq. Mən özüm santexnikəm, amma Vasya çilingərdir, əsl sənətkardır”.
Dirijor soruşur: “Siz harada görüşürsünüz? Şəhərkənarı villada, yoxsa şəhərin mərkəzindəki penthausda?”
Vasili deyir, yox, biz Fedyanın birotaqlı mənzilində görüşürük.
Mayestro yenə dəqiqləşdirici sual verir: “Bəs siz görüşəndə nə içirsiniz? Viski, tekila, rom, cin, ya nə?”
Bu dəfə Fyodor cavab verir: “Araq, çaxır, pivə, nə olsa”.
Elit musiqiçi üzünü bozardır: “Məni bağışlayın, siz gey deyilsiniz, siz petuxsunuz”.
İndi hər dəfə ortaya həmin o qlamur, elit musiqiçi kimi biri çıxır, eyni ölkədə, eyni şəhərdə yaşayan, eyni havanı udan, eyni suyu içən, eyni yollarda maşın sürən, eyni bazardan alış-veriş edən adamlar arasında fərq qoyur, özlərini onlardan fərqləndirir. Guya bunlar bu ölkədən deyillər, bu xalqa aidiyyətləri yoxdur, bunları başqa yerdən bir-bir seçib gətiriblər.
SSRİ dağılandan bu günə qədər rusdillilərin kaprizi davam edir, oturub-durub özlərini elə aparırlar ki, sanasan, bunlar nəsə başqa kateqoriyalı insanlardır. Bir neçə epizodda şahidi olmuşam ki, həmin o “rusdillilər” rus dilində tərcümeyi-hallarını yaza bilmirlər, çünki “russki sektor”u güzəştli 3-lə bitiriblər, amma “kəndçi” deyib bəyənmədikləri adam rus dilindən ana dilimizə 5 kitab tərcümə edib.
Adamlar nəhayət anlamalıdırlar ki, o qatar gedib artıq, indi “russkoyazıçnı” olmaq nə üstün savad-təhsil göstəricisidir, nə də mədəni-elit təbəqəyə mənsubluq göstəricisi.
Hərdən tələbə gənclər rast olur, hamısından soruşuram: “Rus dilini bilirsiniz?” Hamısı “xeyr” deyir. Bir daha soruşuram: “Bəs ingilis dilini?” Yenə hamısı “of course” (yəni “əlbəttə”) deyə cavab verir. Ölkədə böyük bir ingilisdilli gənclər təbəqəsi əmələ gəlib, xarici ölkələrdə seminarlara, forumlara qatılır, intensiv yazışmalar aparırlar.
Bəziləri də yapışıb qalıblar köhnə əyyamlarda, sovet dövrünün son illərində yaranmış süni elitar zümrənin əldən çıxmış dövranın xiffətini edirlər, söz sözü gətirən kimi, deyirlər, şəhər camaatı elə, kənd camaatı belə.
Söz yox, belə haqq-hesablar dünyanın hər yerində var. İnsan oğlu özünü zümrələrə bölməyi sevir, öyünür ki, bu, Motsartı, Van Qoqu, Sartrı tanıyır, ona görə də başqalarından üstündür.
Amma o fikir həqiqətdir ki, rayon yerlərində opera-balet hərləmirlər. Onlarınkı isti yay günlərində hündür və enliyarpaq ağacların böyük çətirinin altında tikdikləri talvarda qalın döşək üstündə dirsəklənib radioda “Muğam saatı”nda “Segah-Zabul”a, “Mənsuriyyə”yə, “Rast”a qulaq asmaqdır.
Yadıma gəlir, hər dəfə məhsul toplanışı zamanı televiziya ilə dövlət simfonik orkestrinin 70-80 nəfərlik heyətinin konserti veriləndə mütləq kimsə deyirdi ki, buna bax e, bir kolxozun fəhləsi yığışıb orda, züy-züy edir, məhsul tarlada batıb gedir.
Əslində heç Milandakı “La-Skala” teatrının qabağında da operaya baxmaq istəyənlərin növbəsi olmur. İtalyanlar o vaxtlar Toto Kutunyonun, Al Banonun, indi də təzə “ulduz”ların konsertinə kütləvi şəkildə gedirdilər, amma Pavarottini saya salmırdılar. O biri ölkələrdə də eləcə. Pop musiqi başqa, klassik musiqi başqa.
Dediyim odur ki, qaşınmayan yerdən qan çıxarmaq, vannada sunami yaratmaq lazım deyil. O qədər aktual problemlər dura-dura ayda bir dəfə “şəhərli-kəndli”, “rusdilli-türkdilli” davası etsək, bizdə can qalmaz. Bu ölkədə şəhərli və kəndli olmağın elə bir fərqi yoxdur.
Yazının əvvəlində sitat gətirdiyim lətifənin qəhrəmanı Fyodorla Vasili də qayıdıb mayestroya “yox, aramızda fundamental fərq yoxdur” desəydilər, bəlkə də lətifə gülməli olmazdı, amma həqiqəti əks etdirərdi.