Yaxud uşaqların incidilməsi haqda
Adam otuz il baş nazirin müavini vəzifəsində çalışıb, lakin çalışdığı sistemdə o qədər problemlər var ki, indi deyir ağır xəstə olsam da xəstəxanada qalmıram. Daha doğrusu, aparıblar xəstəxanaya, orada çoxlu “kovidli” xəstələr qaldığını görüb, baş götürüb qaçıbdır. Belə başa düşdüm yoluxmaq istəməyib. Nə yaza bilərik? Yalnız Allahdan şəfa diləyirəm. Çünki adamın qulluğunda durduğu sistemdə başqa çıxış yolu da yoxdur. Bizim hamımız elə “Allaha əmanət” vəziyyətindəyik.
Bəlkə bu səbəblərdən Tarif Şurası da hər dəfə kommunal xidmətlərin qiymətlərinə barmaq eləyəndə eyni zamanda dərmanların yeni qiymətini açıqlayır. Xalq dərdə düşübsə, dərman niyə ucuz olsun? Buradan mütləq babat pul-para çıxmalıdır.
Hətta Milli Məclisdə bəzi deputatlar təyyarə biletlərimizin dünyada analoqu olmayan şəkildə bahalığından şikayətləndilər. Xeyri oldumu? Olmayacaq. Yalan olmasın, Bakıdan İstanbula uçmağın puluyla xaricdə camaat Texasdan Marsa uçur. İqtisadiyyatımızın mina xəritələrindən ibarət bu monopoliyaları açmaq, ifşa etmək, zərərsizləşdirmək üçün görəsən, biz nə etməliyik? Lap hər şeyi – qazı, suyu, işığı-filanı qoyaq bir tərəfə, axı bu təyyarə biletinin bahalığına haçansa, kimsə izahat verəcəkmi? Bir neçə il qabaq Türkiyəyə uçmaq üçün öncə avtobusla Tiflisə getməyimi heç unutmuram. Məcbur olmuşdum, çünki qiymət az qala 2 dəfə ucuz alınmışdı. Ancaq özümü təhqir edilmiş hiss eləmişdim. Bu hiss də yadımdan çıxmır.
Əhaliyə qarşı bu qədər hörmətsizlik etməyin. Sabah onlar yenə hansısa dava üçün sizə lazım olarlar. Özünüz də görürsünüz, hətta 75 min medal kəsirsən, bəzən razı qalmırlar. Deməli iş təkcə dəmirdə deyil. O köhnə sovet kinosunda deyilən kimi, “vnimatelni” olmaq lazımdır.
Sözgəlişi, sovet vaxtı “Kommunist” adlı qəzet vardı, ölkəni idarə edən Kommunist Partiyasının əsas mətbu orqanı idi. Məktəbdə uşaqlar bunun hərflərindən söz oyunu düzəltmişdilər, guya “KOMMUNİST – Köpək Oğlu Mürsəl Müəllim, Uşaqları Niyə İncidirsən, Səni Tutarlar” deməkdir.
Bu haradan yadıma düşdü, heç bilmirəm. Yəqin çoxdandır tutulan yoxdur, tamaşalar üçün darıxmışıq. Olmayan yerdə millət çoxlu pul görürdü. İcra hakimlərinin, nazir müavinlərinin yeşiklərindən çıxarılan topa-topa pulların üzərində ultrabənövşəyi mürəkkəblə “rüşvət” yazısı olurdu. Biz bu mürəkkəbi bir də seçkilərdə çox görürük. Bəlkə barmağımıza da orada “rüşvət” yazıb milləti korlayırlar? Nə biləsən. Gözlə görünmür andıra qalmış…
Hələ bu gecə-gündüz işığı tarifləri nə qəşəng mövzudur… Adam az qalır idarənin şərəfinə qəzəl oxusun: “Əfsuz ki, yarım gecə gəldi, gecə getdi, Heç bilmədim işıq üçün verdiyim pullar necə, kimin cibinə getdi”. Lazım gəlsə burada yaltaqlar üçün yaxşı tema da var. Bəs necə, gör hökumət bizim qayğımıza necə qalır: işığı axşam saat 10-dan səhər saat 8-ə qədər işlədəndə qiymət yarıbayarı düşür. Deməli, gecələr hər yan çıraqban olacaq, oğrular hərəkətdə çətinlik çəkəcək, millət vaxtında yatıb, vaxtında duracaqdır.
Qonşuda bir xoruz var, Tarif Şurası onun banlama vaxtına da nəsə sayğac qoşa bilsə sonsuz minnətdar olardım. Bezdirib, nə gecəmiz var, nə gündüzümüz. Bivaxt banlamaqla məşğuldur. Qəzet vasitəsilə qonşudan xahiş edirəm onu, nəhayət tutub kəssin.