“Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür
Kim, qəbuli-sihhət etməz, böylə bimar, ey həkim!”
(şair vaksinasiya haqda)
Hökumət COVİD-19 virusuyla mübarizədə guya böyük uğurlar əldə edəndən sonra, əslində isə camaatın yetişən etirazlarını önləmək üçün karantində bir çox yumşalma hərəkətlərinə məcbur oldu, bu sırada ən önəmlisi toylara icazə verilməsi idi. 50 nəfərə qədər hər cür adam, 150 nəfərə qədərsə COVİD-19 pasportuyla, rəqs edəndə maska taxılacaqmı, toya gələnləri kim yoxlayacaq, qız evindən gələnlər oğlan evini yoluxdursa məsuliyyət kimin üzərinə düşəcəkdir, yengə maska taxmalıdırmı və sairə – son günlər cəmiyyətimizdə əsas müzakirə mövzuları bunlar olmuşdur. Operativ Qərargahın şanlı qərarı sayəsində. Buna görə uca millətimiz orda toplaşan məsul şəxslərə dərin minnətdarlıq edir.
Axı toylar hər bir azərbaycanlının həyatında ən vacib, ən dəyərli, ən mühüm hadisədir. Hər birimiz anadan olandan evlənəcəyimiz günü gözləyirik. Toy həyatımızın bir növ Everest zirvəsi, kulminasiya nöqtəsidir. Evlənməyənə pis baxır, onu qara çadıra basırıq. Prinsipcə, bir insan evlənmirsə, o niyə yaşayır? Nəslini hansı yolla artırır? Əsas sual budur. Toy eləməsə, təbiətə qarşı çıxır. Toy olmadan nəsil artırmaq ən ağır cinayət sayılır. Hər kəsin borcudur belə adamı tutub öldürsün, ən azı ictimai nəqliyyatda üzünə tüpürsün. Nəsə, çox dərinə getməyək, mövzumuz başqadır.
Prinsipcə, açılımlar üçün COVİD-19 pasportunun önəmi birinci sıraya çəkilib, deməli, hər kəs bu sənədi almaq uğrunda, yalan olmasın, bir zamanlar xarici pasport almaqdan ötrü OVİR-in qabağında qurduğumuz növbələrdən düzəltməli idi. Ancaq statistika tamam əks, necə deyərlər, diametral tərs münasibətin olduğunu ortaya çıxarır.
Buyurun, 28 iyunda peyvənd olunanların sayına baxaq (OQ məlumatıdır): “Son sutkada 608 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 317, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291 nəfər təşkil edib”.
Bu boyda vurhavur, qırğın-dava, ölüm-itimdən sonra, həmçinin toylardan qabaq cəmi 608 nəfər vaksin edilirsə, deməli, camaat hökumətə inanmır. Məcburiyyət qarşısında bu qədərdirsə, könüllü olsa neçəyə düşərdi? Hələ bir ara çoxlu sayda saxta peyvənd arayışları verənləri tutdular, işdən çıxardılar. Yəni, hökumət prosesə nəzarət elədiyi görüntüsü yaratmaq istəyir, lakin alınmır.
Həmişə yüksək tribunalardan xüsusi reklam edirlər ki, Azərbaycan peyvəndi ilk alan dövlətlər arasındadır, pulumuz çoxdur, nə qədər lazım olsa yenə alarıq və sairə. Bəs nəticələr niyə belə bərbaddır? Rəsmi məlumata görə bizdə COVİD-19 əleyhinə peyvəndləməyə bu il fevralın 6-dan başlanıb. 28 iyuna qədər vurulan vaksinlərin ümumi sayı 3 349 035, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 139 001, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 210 034 nəfər olub. Əhalinin ümumi sayını nəzərə alanda (10 milyon 230 min) belə çıxır bizdə tam peyvəndləmə cəmi 11,83 faizdir. Lap yuvarlaq olsun deyə 12 faiz götürək. İnkişaf eləmiş Qərb ölkələrində tam peyvəndləmə 30-65 faiz arasında dəyişir. Üstəlik, onlar bizdəki kimi şübhəli Çin və Rusiya vaksinləri istifadə eləmirlər. Bu mənada 12 faiz 5 aylıq fəaliyyət üçün çox azdır. Yenə xüsusi qeyd edirəm, məcburiyyətin bir çox sahələrdə qüvvəyə minməsi baxımından peyvəndlər artmalı idi, ancaq artmır. Necə anlayaq, məlum deyil. Həmişə olduğu kimi, bizim sosial-iqtisadi proseslər hər hansı qanunauyğunluğa tabe deyildir.
İnsaf naminə qonşularımız Ermənistanda (2 faiz) və Gürcüstanda (2,3 faiz) tam peyvəndləmənin bizdən dəfələrlə az olmasını qeyd etməliyik. Ancaq onlar bizdən kasıb dövlətlərdirsə, niyə müqayisə obyekti olaraq seçək? Bəlkə onların peyvənd almağa pulu yoxdur. Bizimsə var, peyvəndi də alıb gizlincə yerə tökürük.