Keçən il 29 dekabrda “Suqovuşanın azad olunması” medalını 3572 əsgərimiz almışdı. İndi ordu günü yaxınlaşır, yenidən təltiflər var və bu dəfə “Suqovuşanın azad edilməsi” medalıyla… 10 min əsgər təltif olunmuşdur. Belə çıxır ki, həmin yaşayış məntəqəsi uğrunda 14 minə yaxın əsgərimiz döyüşmüşdür. Hər halda, “burada da pripiska var” tipli şər-böhtan, xaricdən maliyyələşən qara qüvvələrə məxsus fikirlər irəli sürməyə haqqımız çatmır. Ya da ola bilər dekabrda siyahı tələsik hazırlanmışdır, sonradan dəqiqləşdirmə aparılıb, əslində kəndi 4 min yox, 14 minlə aldığımız aşkara çıxıb.
Müharibə tarixində belə dəqiqləşdirmələr çox olmuşdur. Əfsanəvi partizan Mehdi Hüseynzadənin igidliyi faşizm üzərində qələbədən çox illər sonra aşkara çıxarılmış, o, Sovet İttifaqı Qəhrəmanı adını 1957-ci ildə almışdı. General Həzi Aslanovun 2-ci “Sovet İttifaqı Qəhrəmanı” mükafatına qovuşması isə paxıl erməni Baqramyanın əməllərinə görə ölümündən yalnız 46 il sonra mümkün olmuşdu. 1991-ci ildə!
Əlbəttə, üçüncü hal da mümkündür: ötən aylarda orada hərbi əməliyyatlar getmişdir, biz Suqovuşanı bir neçə dəfə azad eləmişik. Bədxah qonşularımız mina xəritələrini gecikdirir, cəbhədə gərginlik vaxtaşırı üzə çıxır.
Yeri gəlmişkən, işğalçıların Qarabağa nə qədər mina basdırmasının miqyasını çoxları təsəvvür eləmir, ancaq bu rəqəmlər həddən artıqdır. Ağdamda bizə verilən mina xəritələrinin 97 min minanı (piyada və tank əleyhinə, ikisi bir yerdə) əhatə elədiyi söylənildi. 1993-94-cü illərdə Ermənistan ordusu Ağdam rayonunun ümumi sahəsinin 77 faizini, yəni 847 kvadrat kilometrini ələ keçirmişdi. 97 min minanı bu sahə üzrə böləndə orta hesabla hər 1 kvadrat kilometrə 115 mina düşür! Eni və uzunu 1 kilometr olan sahəyə 115 mina… Bunu zəhmətkeşlərimiz daha yaxşı təsəvvür eləsin deyə, başqa müqayisə aparmaq istərdim. Dünyada ən çox mina basdırılan ərazilərdən biri, bəlkə də birincisi Əfqanıstan sayılır. Oranın az qala hər qarışına, cürbəcür hökumətlər mina düzüblər. Sovet basdırıb gedib, taliban basdırıb gedib, NATO basdırıb, ingilis, ərəb… Qısası, 20-21-ci əsrdə yalnız tənbəllər Əfqanıstanı minalamayıbdır. Və ümumilikdə bəzi hesablamalara görə hazırda Əfqanıstanda 10 milyona yaxın mina var. Dövlətin ərazisi 652 min 864 kvadrat kilometrdir, deməli, mina sayını əraziyə böləndə Əfqanıstanda hər 1 kvadrat kilometrə orta hesabla 15 mina düşdüyünü demək olar.
Fərqə baxın. Ağdamda hər kvadrat kilometrə 115, Əfqanıstanda isə 15 mina düşür. Bu, ermənilərin nə qədər bəd əməl, pis niyyətli olduğunu bir daha göstərir. Fikrimcə, minalı sahələrin bu cür müqayisəsini diplomatlarımız xaricdə hər kəsə çatdırmağa borcludur. Belə ölkədən gəlib ələ keçən təxribatçı-diversantları biz gələcəkdə əsir götürməyib, bəlkə də yerində vurmalıyıq.
Söz Əfqanıstandan düşmüşkən, hazırda orada əfqan komandosları talibançılara qarşı bu siyasəti yürüdür, çünki görürlər başqa üsulların xeyri yoxdur. ABŞ, NATO orada son iyirmi ildə 50 minə yaxın peşəkar əfqan komandos, xüsusi təyinatlılar birlikləri yetişdiriblər. Keçən ildən bəri ABŞ Əfqanıstandan qoşunlarını çıxarır, sentyabra qədər tam şəkildə çıxmalıdırlar və Taliban bundan həvəslənərək terror əməliyyatlarını şiddətləndirib. Ancaq cavabını da alırlar. Son bir neçə ayda Əfqanıstan ordusu 10 minə yaxın talibançını məhv edib! İnanılmaz görünsə də, belədir. Dünyanın hər yerindən cürbəcür radikal dindarlar Əfqanıstana axışır, komandoslar isə bunları tutub dənləyirmiş. Hara qədər bacaracaqlar, dəqiq bilinmir, ümid eləyək, nəhayət, orada xalqın canı dincəlsin.