Yaxud qonşuda keçirdiyimiz demokratik seçkilər haqda
Paşinyanı mələk saymaq olmaz, onun da əli Gəncədə, Bərdədə, Tərtərdə günahsız dinc sakinlərin qanına batıb, ancaq hər halda, müharibə canisi Köçəryan-Sərkisyanlardan müsbət siyasətçidir. Bu mənada erməni xalqının Paşinyanla yola davama “ayo” (ermənicə “hə” – dostumuz Rasim Qaracanın gözündən uzaq) deməsi yaxşı oldu.
Onun təkrar seçilməsində bizim də böyük rolumuz var, gərək Paşinyan bunu yaddan çıxarmasın. Bugünlərdə bir çox erməni ekspertləri və xarici müşahidəçilər seçki öncəsi Azərbaycanın apardığı mükəmməl diplomatik-hərbi gedişlərin seçkinin taleyinə təsirini etiraf edirlər. Örnək üçün, Zəngəzur sərhədindəki “dəmir yumruğ”un ardınca 15 əsirin qaytarılması jesti Ermənistan elektoratına açıq mesajlar idi. Deyəsən, bunu başa düşmüşlər. Əks halda, Paşinyanın ən çox səs topladığı bölgələrdən biri (65 faiz) Şirak regionu olmazdı. Axı indi Bakıda məhkəməsi gedən ermənilərin çoxu (bəzi mənbələrə görə 160 nəfərə yaxın) məhz şiraklıdır. Deməli, şiraklılar Azərbaycanla gərginlik yox, mina xəritələrini verib, əsirlərini geri almaq yolunu qəbul edirlər. Həmçinin sərhəddə gərginliklər yaşanan Zəngəzur (Sünik) bölgəsində də Paşinyan Köçəryan kimi radikallardan çox çəs toplamışdır. Bunu da çoxları gözləmirdi. Necə ki, Azərbaycanın keçən il ildırım sürətli əməliyyatla qalib gələcəyini gözləmirdilər.
Əlbəttə, Azərbaycan iqtidarının bir çox siyasi hərəkətlərini bəyənməsəm də, regionda dövlətimizin təsir gücünü artırması alqışa layiqdir. Kim bilir, bu minvalla bəlkə gələcəkdə öz evimizin içində də demokratik parlament seçkiləri keçirməyə təsir edərik. Görünür, geopolitikada “əvvəl evin çölü, sonra içi” tezisi keçərlidir.
Eyni zamanda tarixi təcrübəmizi yada salanda “bənzər münasibəti biz də 1993-də, davanı uduzan Elçibəyə qarşı göstərə bilərdikmi” tərs sualı şapalaq kimi qarşımızda durur. Bu yaxında bir dostum Elçibəylə Etibar Məmmədovun 90-cı illərin ikinci yarısında haradasa “Ayna” qəzeti redaksiyasının qarşısında çəkilən şəklini mənə yollamışdı. O fotoda Elçibəy əl-qolunu ölçərək Məmmədova nəyisə başa salmağa çalışır. Gec də olsa. Belə fotolara baxanda 90-larda ömrümüzü hansı karikatur liderlərin yolunda mənasız işlərə sərf elədiyimizi xatırlayıb təəssüf hissi keçirirsən. Azərbaycan xalqı bu Etibarı Lefortovodan buraxdırmaq üçün 1 milyon imza toplamışdı. Hələ Elçibəy… Adam o boyda xalq hərəkatının fonunda Nizami Süleymanov kimi lotunu güc-bəla ilə udmuşdu. Gəl gör Paşinyan kimi təkrar seçkiyə risk edəydi… Çünki bizə nə qədər demokrat lider kimi sırısalar da, Elçibəy demokrat deyildi. Xalq adamı heç deyildi. Əks halda, xalq onun siyasəti, apardığı gizli danışıqlar haqda indi də fərziyyələr qurmağa məcbur olmazdı. Paşinyan sosial şəbəkədə az qala hər gün canlı yayım edir, bizim “demokrat” isə Gəncədə hərbi qiyamın baş verdiyini uzun müddət xalqa deməmişdi. Elə ətrafı da onun tayı idi, məsələn, İsa Qəmbər düz 1 il oyuncaq, Ali Sovetin quyruğu olan Milli Məclisin başında durub zaldakılarla guya məzələnmək yolu tutdu. Siyasi iradəsi çatmadı ki, Elçibəyin prezident seçkilərindən dərhal sonra o məclisi buraxmağa və yeni parlamentə israr etsin. Hesab edək, siyasi təcrübəsiz olublar – yumşaq yazaq, özümüzünkülərdir necə olmasa…
Mövzu açılmışkən, bu yaxında, iyunun 4-də bədnam Surət Hüseynovu yenə gündəmə gətirmişdilər, işğalla nəticələnən o hadisələri önləmək olardımı-olmazdımı boyat söhbətləri yenə getdi. Mən isə bir başqa detalı xatırladım.
Surət Hüseynovun məhkəməsində vəkillərdən biri onu hərbi cinayətlərdə suçlamağın əslində qanunsuz olduğu haqda vəsatət qaldırmışdı. Maraqlı arqumentlə: Surət Hüseynovun heç vaxt hərbi mükəlləfiyyətli olmamışdı! Sən demə, o, hərbi and içməyibmiş, qanuna görə and içməyən adamı hərbi cinayətdə suçlamaq olmazmış. Doğrudan da orduda adama adi tüfəngi belə yalnız and içəndən sonra verirlər. Elçibəy isə Surəti Qarabağ üzrə səlahiyyətli nümayəndə və korpus komandiri qoymuşdu.
Şərhsiz.
P.S. Bu yazının çapının 24 iyuna – Elçibəyin doğum gününə düşməsi sırf təsadüfdür, heç bir çirkin məqsədim yoxdur.