“Əyninə geyinib şilə,

Bizi tutub şirin dilə.

Zər kəmər çək incə belə,

Yaxan düymələ-düymələ.”

(“Əsli və Kərəm” dastanından)

Ermənistanın keçmiş və indiki başçıları bir-birinə seçkiqabağı təhqir yağdırmaqda davam edirlər. Sərkisyan deyib ki, mən Paşinyanın yerinə olsam təpəmə bir güllə çaxardım. Paşinyan isə cavabında sazı sinəsinə basıb (orada ona “türk” deyirlər, güman edirəm saz çalmağı bacarmalıdır) Sərkisyana bir hərbə-zorba tolamazdayıbdır: “Düzdür ki, Murovda daim qar olar, Yolun azanlara atəş-nar olar, Bu mahalda sənə meydan dar olar, Götürüb qaçarsan para canı sən”. Sazı yerə qoyandan sonra isə ərz edib ki, Sərkisyan gərək indiyə qədər özünü vurub öldürəydi.

Belə görünür orada bizim rəhmətlik Rəhim müəllimin başına uzun illər açdığımız oyun təzə-təzə baş qaldırmışdır: “Şuşa alınsa təpənə bir güllə çaxacaqdın, bəs nə oldu?” Rəhim müəllim and içirdi, söyüş qoyurdu, hətta o məlun çıxışın videosunu tapıb paylaşırdı, lakin kimsəni inandıra bilmədi. İndinin özündə Rəhim müəllim küçədə gedəndə dalıyca bir sürü avara uşaq qaçıb qışqırır: “Nooldu, niyə başına güllə vurmadın?” Böyük dərddir. Yadullanın müsibəti kimi şeydir.

Ancaq məni düşündürən Ermənistan daxilindəki problemlər deyil. Şərurlu İsfəndiyarın keçmiş deputat, hazırda dustaq Rafael müəllimə verib ala bilmədiyi 200 min daha düşündürücüdür.

İsfəndiyar müəllim pulun manatla, yoxsa dollarla verildiyini açıqlamayıb, o üzdən biz də valyutanın növündən xəbərsizik, üzürlü sayın. Hər bir halda, istənilən valyutada 200 min az pul deyil. Ta güman etmirəm İsfəndiyar müəllim Rafael müəllimə 200 mini Zimbabve dollarıyla versin, baxmayaraq ölkəmizi bəzi media azadlığı, korrupsiya reytinqlərində xaricdən maliyyələşən düşmən qurumlar Zimbabvenin yanına qoyarlar.

Borcun yaranma tarixçəsini İsfəndiyar müəllimin təsviri isə ayrı aləmdir. Ümumiyyətlə, bu savadsız iş adamı (yanılmıramsa özü bir dəfə demişdi ki, orta məktəbi yarımçıq buraxıb – bizim universitetlər üçün əsl antireklam adamdır) daim koloritli çıxışlarıyla seçilir, indi də yaxşı mənada fərqlənib. Sitat: “Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm… Baxırsan ki, qəşəng qalstuk, kostyum geyinib və savadlı adamdır. Özünü çox yaxşı, mədəni, tərbiyəli aparırdı. Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım verdim. Nə biləsən ki, bu, belə olacaq”. Sitatın sonu.

Doğrudan da bizdə hansı rüşvətxoru, korrupsiyaçını, dələduzu tutublarsa, onun kostyumu, qalstuku olubdur, həmişə savadlı çıxışlar edibdir. Hazırda türmələrdə olan bir sürü icra başçısı, nazir, nazir müavini, rəis, idarə müdirini yadınıza salın. Hələ olmayıb ki, onlardan hansısa idman paltarında ələ keçsin. Kostyum-qalstuk millətimiz üçün də ciddi koddur, yanaşma, münasibət göstəricisidir. Atalar sözümüz bunu sübut edir: “Adamı geyiminə görə qarşılayıb, yeyiminə görə yola salarlar”.

Banditlər bunu bildikləri üçün xalqı soymağa kostyumda gedirlər. Hindistanda ovsunçu tütək çalıb ilanı necə torbadan çıxarırsa, bizdə müdirlər də kostyum-qalstukla camaatın cibindən son qəpiyi o cür çıxarırlar.

Buna son qoymaq lazımdır. Təklif edirəm, deputatlar təzə qanun düzəltsinlər və orada məmurlara kostyum geyinmək qadağan edilsin. O cümlədən qalstuk. Enerjiyə qənaət üçün də lazımdır – yayda sərin, qışda isti olarlar. And içirəm ki, bircə ilə korrupsiya səviyyəsində ciddi eniş əldə edərik.

Sözgəlişi, bir ara keçmiş MTN şefimiz Eldar Mahmudovun şirkətləri tez-tez ləğv olunardı. Axırıncı dəfə mayın əvvəlində vergi xidmətinin qəzetində “Kristal” şirkətinin başını buraxdığı elan olundu. Ta o gündən bəri Eldar müəllimin hansısa başqa şirkəti ləğv edilmir. Bunu necə başa düşək? Şirkətlər qurtardımı? Alp Ər Tonqa öldümü? Pis dünya qaldımı?

İndi ürək yırtılır.