Yaxud, nicatı vergidən yayınmaqda görən Nicat müəllim
Xətai rayonunda Nicat Səfərov adlı işsizi Vergilər Nazirliyi məhkəməyə veribdir. Çünki onun adına olan 5 şirkətin 261 min manat vergi borcu yaranmışdır.
Tovuz sakini Həmidə xanımın isə 62 yaşı var, pensiyaçıdır, həyət-bacasında toyuq saxlayır, lakin bir gün onu Bakıya, məhkəməyə dəvət etmişlər. Məlum olub Həmidə xanımın da paytaxtımızda… yanacaqdoldurma məntəqəsi vardır. (Xanım telekanalizasiyaya intervüsündə, maraqlıdır ki, Anadolu türkləri kimi “petrol” deyirdi – bu haqda sonra). Və həmin YDM-ə görə Həmidə xanımın vergi borcu nə az, nə çox, 345 min manatdır. Əgər rəsmi hesabatlara inansaq, hazırda bizdə orta aylıq pensiya guya 300 manatdır. Deməli Həmidə xanım yeməyib-içməyib bütün aylıq pensiyasını bu “petrol ofisi”nin borcuna yönəltsə, 1150 ay, yəni, 95 il 8 ay yaşamağa məcburdur. Kiçik riyazi hesablamanı davam etdirsək və pensiyaçı vergi oğrumuzun hazırda 62 yaşda olduğunu nəzərə alsaq o, ümumilikdə 157 il 8 ay yaşamalı olacaqdır. (62+95,8=157,8). İnsanları çox yaşamağa stimullaşdırırlar.
Əhsən. Sovet vaxtının uzunömürlü qəhrəmanı Şirəli müəllim heç bu qədərə çatmamışdı. Oxuculardan üzr istəyirəm, indi dəqiqləşdirdim – çatıb, hətta keçibmiş. Öləndə rəhmətliyin 168 yaşı olmuşdur. Əlbəttə, Şirəli müəllimin yaşı hər beşillik plan dövründə azı 15-20 il artırdı, sosializm yarışının, kapitalist ölkələrini ötüb keçməyin örnəyi idi.
Buradan hansı nəticə çıxır? Deməli vergi idarəmiz, hüquq-mühafizə orqanlarımız hələ tam səmərəli çalışmırlar. Əks halda Həmidə xalaya yazılan vergi borcunun ödənmə müddəti 169 il olmalıydı.
Ümumiyətlə, bu kimi hadisələr ölkəmizdə iqtisadi rifah halının nə qədər yüksəldiyini göstərməkdədir. Özünüz düşünün, əgər bir işsizin, pensiyaçının, çobanın o qədər vergi borcu yığılıbsa, gör işləyənlər hansı töhfələri verirlər.
Çoban peşəsini havadan yazmadım. Bir neçə il qabaq Bakıdakı 3-4 poladəritmə zavodunun lerikli çoban Gəray Məmmədovun adına olduğu ortaya çıxmışdı. Jurnalistlər Məmmədovu Keşlənin “Şanxay” qəsəbəsində (tarixi ironiyanın beynəlxalq miqyasına diqqət edin), gecəqonduda eşələnən durumda tapmışdılar, adamın neçə milyon dollarlıq zavodlarından xəbərsizliyi aşkara çıxmışdı.
Doğrudur, bəzi mütəxəssislər, vəkillər iddia edir ki, bu adamlar fırıldaq qurbanlarıdır, kimlərsə onların adına şirkət təsis edib sonra vergidən yayınırlar. Örnək üçün, çobanın ələ keçirdiyi zavodların əsl yiyəsi akademik Ramiz Mehdiyevin ailəsi imiş. Ancaq bizi buna inandırmaq çətindir. Çörəyi qulağımıza yemirik. Kimin hansı yuvanın quşu olduğuna yaxşı bələdik.
Adamlar gözütoxluq edirlər, şöhrətdən uzaq olmaq istəyirlər, o üzdən şirkətlərini, var-dövlətlərini gizli saxlayırlar. Millətimizin xasiyyətini Allah kəsməsin, hər işdə beləyik. Görürsən birinin arvadı bahalı kürk geyər, tanış arvadlar dərhal ucuz plaşa keçərlər. Çoxu lüt gəzir ki, millət həsəd aparmasın. Kimsə 3 qat villa qayırsa, qonşu çalışar onun villası bir-iki qat aşağı olsun. “Qonşu ürəyi açan” adlı parça var bizdə.
Həmçinin, bizim milyonçular sadə həyat tərzi sürür, öz pullarını xeyriyyəçiliyə, mədəniyyətin, maarifin inkişafına sərf eləyirlər. Məndə dəqiq məlumat var ki, həmin tovuzlu Həmidə xala keçən il Seneqalın Tambakunda, Guinguineo şəhərlərində əhalinin COVİD-19 vaksiniylə təmin olunmasına 5 milyon manat yardım etmişdir. O cümlədən, xətaili Nicat Səfərov ulu Şah İsmayılın və özünün adını yaşatmaq üçün Qvineya, Burkina Faso, Zambiya, Zimbabve bölgələrində artezian quyularının qazılmasına külli miqdarda (təvazökarlıq məbləği müəyyən etməyimizə qəti imkan vermədi) vəsait yönəltmişdir.
Elə yuxarıda yazdığım kimi, Həmidə xanım dünya biznes konyukturundan bixəbər olsaydı, YDM-in bəzi ölkələrdə sadəcə “petrol” adlanmasını hardan bilərdi? Səhər toyuqlara dən səpəndən sonra Nyu York birjasının saytına girib brent markalı neftin qiymətini izləyir, elə bilir camaatın xəbəri yoxdur.
Zəhmət çəkin, qazandığınız pulların vergisini ödəyin. Dövlətə vergi, vətənə sevgi.