Bizdə bir gənc icra başçısı var, vaxtaşırı onun villasının ya içindən, ya çölündən meyit tapırlar. Düzdür, dostumuz (guya mən həmin icra başçısıyla dostam) hər dəfə sudan quru çıxmağı bacarır, ancaq onun villasını artıq nəsə paranormal məkan elan etməyin vaxtıdır. Qoy əlaqədar orqanlar Zirəddini-zadı çağırsınlar, villada axtarışlar aparılsın. Bəlkə bu villanı nəsə mistik məkanda, o biri dünyaya açılan xəyali darvazanın ağzında tikiblər?
Kinolarda belə şeylər görmüşük, örnək üçün, Robert Rodrigesin 1996-cı ildə Kventin Tarantinonun ssenarisi əsasında çəkdiyi “Qürubdan dan yeri ağaranacan” (“From Dusk till Dawn” – orijinal adı belənçikdir) filminin finalında qəhrəmanlar Meksikada bir bara gəlib çıxırdılar, orada qan su yerində axırdı, camaat hamısı vampirə, zombiyə-filana dönürdü. Qırğın-qiyamətin axırında isə bizə barın yerləşdiyi ərazini geniş planda nümayiş etdirirdilər və məlum olurdu ki, bura… qədim astek məbədinin təpəsidir. Yəni məbədin üstündə əyləncə ilə məşğul olarsan, səni cin-şəyatin yeyər – rejissorun xalqımıza verdiyi mesaj budur.
Bizim xalq inanclarında da oxşar əhvalatlara rast gəlirik. “Filankəs qəbiristanlıqdan daş oğurladı, evinin divarına hördü, ailəlikcə qırıldılar”, “Behmankəs məscidə tərs baxdı, ağzı əyildi”, “Bütün ev yandı, təkcə Allahşükür müəllimin bağışladığı təsbeh salamat qaldı” və sairə.
Bəlkə də bizim icra başçısının villası Qarabağ tərəfdə olsa deyərdik yəqin onun uğrunda döyüşlər olmuşdur, tapılanlar isə ermənilərin cəsədləridir. Axı bu saatın özündə binəva erməni xalqı keçmişdə işğal elədiyi ərazilərdən meyit toplamaqdadır. O qədər qırılıblar ki, soyuducuda yer tapılmamışdı, video yayıldı, İrəvanda böyük narazılıq doğurdu (məşhur mahnını “İrəvanda xalq qalmadı” kimi oxumağın məqamıdır). Faciədir. Düşmən də olsalar adamın yazığı gəlir. Axı niyə pislik edirdilər ki, indi pisliklə üzləşirlər? Nə əkərsən, onu biçərsən. Erməni xalqı da uzun illər torpaqlarımızda meyit əkməklə məşğul olub. Günahsız insanları, uşaqları, qadınları öldürüblər. Nəticədə torpaqda öz meyitləri “cücərir”.
Sözgəlişi, sərhəddə erməni əsgərlərlə bizim əsgərlərin son zamanlar itələşməsi xəbərləri intensivləşibdir və bu bir az da 1988-89-cu illəri xatırladır. O zaman da dava belə itələşmələr, daş atmaqlar, yol kəsməklərlə başlamışdı, axırda böyük və qanlı münaqişəyə çevrilmişdi. Doğrudur, o zamanlar guya aramızda sülh yaradan sovet ordusuydu, indi rus ordusudur. Prinsipcə, böyük fərqləri yoxdur. Ehtiyatlı olmalıyıq. Bu işi böyüməyə qoymadan, dəmiri isti-isti döyərək həll etməliyik. 1988-89-dan fərqli olaraq indi üstünlük bizim tərəfdədir. Ən əsası, nizami ordumuz var. Sovet hökumətində isə bizi “stroybata” yazıb başdan eləyirdilər, ermənilərin çoxlu peşəkar hərbçisi yetişmişdi, faktiki, ordu sahəsində onlara uduzurduq. İndi isə nə qədər peşəkar icra başçılarımız… üzr istəyirəm, komandirlərimiz vardır.
Bəli, mövzudan çox uzaqlaşdım, mövzu isə icra başçımızın mistik-qorxunc villası ətrafında cərəyan edən hadisələr idi. Ümumiyyətlə, yaxşı olar ki, əlaqədar orqanlar kimisə icra başçısı qoyanda onun villaları üzərində ciddi tarixi, arxeoloji, dini, parapsixoloji, astroloji, mifoloji araşdırmalar aparsınlar. Sonra peşman olmayaq deyə. Bəlkə bu adam villasını hansısa qədim, eramızdan öncə yaşamış icra başçısının mavzoleyi üzərində tikib? Bəlkə həyətdəki manqal binası atəşpərəstlik məbədinin qalıqlarıdır? Hətta ola bilər başçının özü xalqa yad xortdanın nəslindən törəsin. Nə bilmək olar… İqtisadiyyatı güclü olan ölkədə hər şey mümkündür.
İndi söz əlaqədar təşkilatlarındır.