Birdən görürsən bizim hava məlumatı bürosu qəribə xəbər yaydı, qəzetlərimiz də götürüb bunu qoydu səhifəsinə, saytlar internetə, radiolar efirə, canım sənə desin, telekanallar da mətbəxə: “Sabah Bakıda güclü külək əsəcəkdir”. Pah. Qorxduq. Bunun nəyi xəbərdir? Bakıda külək əsməyəndə xəbər vermək gərəkdir. Lap elə bu cür: “Hava bürosunun sözlərinə görə sabah saat 13:00-dan 14:00-a qədər Bakıda və Abşeron yarımadasında külək əsməyəcəkdir”. Açığı, inanmıram sakitçiliyimizin ömrü bundan azca çox olsun. Ölkədə o boyda ərazi ola-ola paytaxtı gətirib suyun içinə, yarımadaya salan adamı görüm heç yarımasın. Başkənd tikmək istəyirsən, get Gəncəni elə. Şəkini elə, Göyçayı, Lənkəranı, canım sənə desin, Şuşanı elə. Yoxsa bu nə zülümdür biz çəkirik? Bu nə bəladır düşmüşük, Allah, bizləri çaşdırdı cavanlıq… Nəsə. Təmiz dilxorçuluqdur.
Bax, indi guya qabaqdan yay gəlir, eləmi? O 90 günün içində 9 sakit, küləksiz gün tapıb çimərliyə gedə, dənizə girə bilsək min şükür. Adam hər dəfə Xəzərdə çimib qayıdanda Seyid Əşrəf ağanın cəddinə nəzir demək istəyir. Hələ ən tragikomiyi odur ki, o sakit 9 gün də heç vaxt şənbə-bazara təsadüf eləməz, mütləq iş günlərinə düşər, camaat qalar yana-yana. Mən bir dəfə hesabladım, küləkli günlərin sayı Bakıda ildə 363 gün elədi. (Zarafat edirəm, hesablamağa külək imkan vermədi – gözümüzü açmağa qoymur). O baxımdan böyük şairimiz Mikayıl Müşfiq məcbur olub bu mövzuda şeir yazsın: “Bəziniz qorxulu, bəziniz qorxusuz, Bəziniz duyğulu, bəziniz duyğusuz, Bəziniz uyqulu, bəziniz uyqusuz, Küləklər, küləklər, ey sərin küləklər, Sizdə var qoxusu hər yerin, küləklər!”
Ancaq, əlbəttə, mövzumuz küləkdən gileylənmək deyildir. Sözümün canı var. Keçən il ordumuz Şuşanın azad eləyəndən sonra xəbər çıxdı ki, Türkiyədən partiya başqanı Dövlət bəy orada məktəb tikəcəkdir. Məktəbin projesinin şəkli də çıxdı. Lakin bu yaxında nəsə anlaşılmazlıq yarandı, dedilər məktəb tikilməyəcək. Sonra dedilər tikiləcək. Bax, məni düşündürən bunun xəbərə çevrilməsiydi.
Bəylər və xanımlar, Türkiyə Şuşada məktəb tikəcəksə, bu, xəbər deyil. Türkiyə Şuşada məktəb tikməyə borcludur. Harda tikməlidir ki? Antalyada, Qarsda, İstanbulda, Trabzonda necə məktəb tikirsə, Şuşada da tikməlidir.
Yeri gəlmişkən, 90-larda Türkiyə bizdə çox məktəblər tikərdi, ordan bura xoş küləklər əsərdi. Media, şirkət əlaqələri, musiqidə, ədəbiyyatda yaxınlaşmalar, sınırların açılması… Türk liseylərini bitirən uşaqlar olimpiadalardan çamadan-çamadan medal daşıyırdılar. Bakıda Türkiyə universitetini bitirənlər “sən demə, müəllim tələbədən rüşvət almaya bilərmiş” deyib bizi heyrətləndirdilər. Sonra aramızda nəsə pişik asqırdı, o məktəblərin başına daş düşdü. Hamısı “fetoçu” çıxdı, bağladıq. Daha doğrusu, arada Əli müəllimə verdik, bir az da o işlətdi, lakin Əli müəllimi də qara yel apardı, bu dəfə dibindən bağladıq. Nəticədə camaat uşağını apardı rus “uşqoluna”. Dördillik rus-tatar məktəbinə. Müqəddəs yer boş qalmır axı. Ümid eləyək, indən belə Türkiyə Azərbaycanın hər yerində təzə məktəblər açsın. Bu qardaşlıq əbədi olsun. Yenə yazıram, bundan təbii, adi heç zad yoxdur. Necə ki, biz də SOCAR-ın İzmirdə 10 milyard dollarlıq çağdaş neft emalı zavodu tikməyinə təbii baxırıq. Orda tikməyib, harda tikəcəyik? İzmir də bizim yurdumuz, Şuşa da.
Qeyri-adi şeylər tapıb xəbər yazmalıyıq.