“Yaxşı tərbiyə olunmuş adam hər şeyi oxuya bilər”

(Yaroslav Qaşek, “İgid əsgər Şveykin macəraları”)

Xarici düşmənlərimiz Azərbaycanda söz azadlığının olmadığını deyirlər, adətən ölkəmizi beynəlxalq media azadlığı indekslərində ən axırıncı yerlərə – Burundi, Çad, Mozambikin yanına qoyurlar. Halbuki biz jurnalist tayfası bunun belə olmadığına yazı yazan beş barmağımız qədər əminik. Azərbaycanda hara baxsan qəzet köşküdür, internet televiziyası, radio, canım sənə desin, jurnallar, bülletenlər, mətbəx verilişləri, söyən-söyənə qarışır, kimsə canlı yayıma qoşulur… Qısası, olduqca əlvan media aləmimiz vardır. Səhər saat 7-də gedirsən qəzet almağa, görürsən bugünkü qəzetlər sabahdan satılıb bitibdir, köşkün satıcısı da bilmir bekarçılıqdan milçək tutsunmu. Məcbur olub günün başqa saatlarında siqaret, bakkuş, saqqız, rezin (saça bağlamaq üçün – düzünü deyin, siz nə fikirləşdiniz?) satır. Mətbuat və informasiya nazirliyində azı 525 qəzet qeydiyyatdan keçmişdir, hətta dükanlar özləri bu saat ayrıca qəzet-jurnal dərc eləyir, alver torbasına pulsuz qoyurlar. Sən orada baxırsan ki, sabun keçən aya nisbətən neçə faiz ucuzlaşıb, iki tuman alana bir corab düşürmü, kənd qatığı almağa pulun çatırmı və sairə. Olduqca dəyərli, insana lazımlı informasiyalardır.

Hər ölkənin vəziyyətini onun mediasından müəyyən edirlər. Xarici qəzetlərə bax, orada ancaq ölüm-itim xəbərləri dərc olunur. İsrail Fələstində neçə uşaq öldürdü, erməni xalqı Paşinyanın saqqalını qırxacaqmı, Putin gəmidə Lukaşenkonun rəsmini çəkdimi və sairə – bu cür məzmunsuz söhbətlər. Halbuki əsas məsələ öküz ürəyi gilasın hansı dükanda neçəyə olmasıdır. Şekspiri dirilt gətir, o misranı Bakıda belə yazardı: “Ərik alaq, ya almayaq, Budur əsas məsələ!”

Dünən hökumətin media aləminə növbəti yardımları haqda qaydalar dərc edilmişdi. Bu qaydalara əsasən ildə ən azı 15 nömrəsi çıxan qəzetin ayda 1 nömrəsini 4 nüsxədə çap edib oxucularla birgə şuraya təhvil vermək lazımdır. İkinci etapda qəzeti qaynadıb suyunu süzməli, gündə 3 dəfə acqarına içməlisən, əgər qarnın ağrımasa, növbəti ilin 4-cü kvartalında qəzetdəki hər məqalənin “M” hərfi ilə başlanan ikinci abzasındakı hərflərin sayına görə dövlət tərəfindən manat hesabıyla dotasiya əldə olunacaq, həmin vəsait lizinq şirkətinə ödənilməklə jurnalistlərin pambıq və yazlıq arpa əkinlərinə cəlb edilməsi məsləhət görüləcəkdir.

Hələ bu harasıdır? Jurnalistlərə qayğı və yardımlar onlara ev tikilməsində özünü göstərmişdir. Hökumət yazarlar üçün o qədər çoxlu evlər tikdi ki, axırda yekə bir bina boş qaldı. İki ildir Bibiheybət tərəfdə, üzü dənizə eləcə boş durmaqdadır. Çünki türkün sözü, axırda jurnalist qurtardı, ev qurtarmadı. İndi bizim şanlı hökumətimiz ev verməyə jurnalist tapa bilmir. Halal olsun. Əhsən. Bravo (bunu həm də dükanın reklamı kimi qəbul eləyə bilərsiniz – görüm nə qədər ala bilirəm, sizinlə də bölüşərəm, oxumaqda davam edin).

Nəhayət, 1 iyun uşaqların beynəlxalq müdafiəsi günündə bizim ünlü “Lider” telekanalını bağladılar, açarını aparıb dənizin ən dərin yerinə atdılar. Niyə açılmışdı, təxminən bilirdik, bəs niyə bağlandı, bizə demədilər. Guya müdir işçilərin pullarını basıb yeyirmiş. Guya başqa kanallarda belə şeylər olmur. Əlbəttə, bunun bizə dəxli yoxdur, “Lider”in yeri isə efirimizdə görünməyəcəkdir – çoxdandır orada heç kimin yeri görünmür. “Biri gələr, biri gedər kanalda, Canımızın kiri gedər kanalda” – necə deyərlər. Bəs diqqətimizi çəkən nədir? Mənə ləzzət edəni əməkdaşların telekanalın bağlanmasını… çal-çağırla, deyib-gülərək, oynaqlayaraq qeyd eləməsi oldu. Vallah, onlar bağlanmış telekanalın qapısı ağzında elə şadyanalıqla kollektiv foto-video çəkdirmişdilər ki, deyərdin idarə nəinki bağlanır, hətta Marsda studiya açır. Keçmiş işçilər, işçilərin uşaqları, haçansa onun efirində təhqir olunan zəhmətkeşlərimiz və sairə – qısası, hər kəs “Lider”in önünə axışıb gülər üzlə selfi çəkirdi.

Bu da bizdə media azadlığının yüksək səviyyəsini bir daha nümayiş etdirir – telekanalın yoxluğuna varlığından artıq sevinirik.