Dünya ölkələrinin təcrübəsi göstərir ki, demokratiyanı nə ixrac, nə də idxal etmək mümkün deyil. Gərək cəmiyyət özü hazır olsun və kənar təsirlər, müdaxilələr olmadan öz demokratiyasını özü “istehsal” etsin.
Diktatura və avtoritar rejimlərin kənar qüvvələrin, yadellilərin iradəsi ilə bərqərar olunması prosesi isə daha bəsitdir. İstənilən imperialist dövlət öz müstəmləkəsində asanlıqla diktatura rejimi bərqərar edə bilir və onun əli ilə ölkəni daha rahat edir.
Ötən əsrin ikinci yarısından sonuna qədər SSRİ kimi ABŞ da 3-cü dünya ölkələrində həyata keçirdiyi dövlət çevrilişlərində bir qayda olaraq avtoritar liderlərlə əməkdaşlıq edir, onların öz ölkələrində diktatura rejimləri qurmalarına yardım göstərir, özbaşınalıqlarına göz yumurdu.
Məsələn, Çilini qana çalxayaraq, hələ oturuşmamış demokratik institutları məhv edən, dinc hakimiyyət dəyişikliyi mexanizmini dağıdan polkovnik Auqusto Pinoçetin əsas dayağı ABŞ idi. O zaman ABŞ Pinoçetin minlərlə insanı qətlə yetirməsinə, ölkədən didərgin salmasına, ümumiyyətlə, qanunsuz həbslərə və amansız siyasi cinayətlərinə göz yumdu.
1980-ci ildə qardaş Türkiyədə general Kənan Evrenin həyata keçirdiyi qanlı dövlət çevrilişinin də ilhamvericisi ABŞ idi. Bu dövlətin başbilənləri Kənan Evrenin öz müxaliflərinə divan tutmasını laqeydliklə seyr edirdi.
Başqa misallar da çəkmək olar. Ölkəsini amansız xanədanlıq üsulları ilə idarə edən İran şahı Pəhləvinin, Nikaraquanı əzən Somosanın, Səudiyyə Ərəbistanında demokratiyanın “D”-sinin olmasına imkan verməyən kralın və başqa diktatorların himayədarı ABŞ idi.
Ancaq gün gəldi, ötən əsrin sonlarında, bu əsrin əvvəllərində ABŞ 3-cü dünya ölkələrindəki “vassal”larının əsasən diktatorlardan yox, demokratlardan olmasını üstün tutdu.
SSRİ-nin varisi olan Rusiya bu məsələdə mühafizəkarlığını qorumaqda, diktatorlarla işləməkdə davam edirdi, amma ABŞ valı dəyişmişdi, artıq başqa havalar oxudurdu.
Bir çox Şərqi Avropa ölkələrində baş tutan “məxməri inqilablar” zamanı ABŞ istədiyinə nail oldu. Əski kommunist liderləri yeni təfəkkürlü, demokratlar əvəz etdi. Ən çox dirəşən Yuqoslaviya (Serbiya) lideri Slabodan Miloşeviç oldu, amma ABŞ sonda onu da Voislav Koştunitsa ilə əvəzlədi.
Ardınca Ukraynada, Gürcüstanda, Moldovada köhnə kommunist liderlər yola salındı, yerlərinə ABŞ-a rəğbət bəsləyən gənc liderlər gəldi. Onların içində uğurlu işləyənlər də oldu, uğursuzlar da.
Bəzi ölkələrdə isə avtokrat liderləri demokratlarla əvəzləmək mümkün olmadı. Rusiya bir çox ölkələrdə ABŞ-dan ixrac olunan “demokratikləşmə”nin qarşısını ala bildi.
Ancaq rəsmi Vaşonqton bu ideyaya ürəkdən könül vermişdi, ona görə də Əfqanıstanda şəriət rejimi qurmuş “Taliban” güruhunu silahlı müdaxilə nəticəsində ölkədən qovanda yerində hər hansı bir avtoritar generalı yox, öz bağrında yetişdirdiyi Həmid Kərzayı oturtdu. Cənab Kərzay gözlənildiyinin əksinə olaraq diktatora çevrilmədi (əslində ABŞ ona belə bir imkan tanımadı) və zamanı gələndə hakimiyyəti dinc şəkildə öz xələfinə – Əşrəf Qəniyə ötürdü.
Eyni hərəkət Səddam Hüseynin devrilməsindən sonra İraqda da baş verdi. ABŞ bu ölkədə heç kimin yeni Səddama çevrilməsinə imkan vermədi, nəticədə Cəlal Tələbani, Fuad Məsum, Barham Saleh kimi şəxslər İraq prezidenti oldular.
Ancaq son illərdə ABŞ bu xəttini zəiflətmiş və ya imtina etmiş kimi görünür. Sanki indi ABŞ üçün öz nüfuz dairəsində olan ölkələrdə hakimiyyət üçün dirəşən avtoritar liderlərin və ya hakimiyyətdən kənarlaşdırılması asan olan demokratların olub-olmamasının fərqi qalmayıb.
Bu tendensiya Donald Trampın hakimiyyətə gəlişindən sonra gücləndi. Özü də avtoritarizmə meylli olan Trampın hakimiyyətinin son aylarında vəzifəsindən necə dördəlli yapışdığı, özünü az qala Belarus lideri Lukaşenko kimi apardığı göz önündəydi. Başqa ölkə olsaydı, o, seçkiləri saxtalaşdıracaq və hakimiyyətdə qalacaqdı. Yalnız ABŞ-dakı demokratik mexanizmlər adamın əndazədən çıxmış hakimiyyət ambisiyasını cilovlaya bildi.
Ən pisi odur ki, hazırda Şərqi Avropa ölkələrindəki demokrat liderlər də bir az artıq hakimiyyətdə qalmaq üçün ABŞ-ın orbitindən çıxmağa, yenidən Rusiyanın təsir dairəsinə girməyə başlayıblar.
Doğrudan da demokratiyanı ixrac və idxal etmək olmur. Cəmiyyət tam şəkildə hazır olmayınca, öz taleyini öz iradəsi ilə müəyyən etməyincə, bir ölkədə gerçək demokratik institutlar və idarəçilik rejimi bərqərar etmək mümkün deyil. Kənar təsirlə qurulan demokratik rejimlərin ömrü gödək olur.
Məsələn, ABŞ qoşunları Əfqanıstandan tam çıxdıqdan cəmi bir ay sonra bu ölkədə “Taliban”ın şəriət rejimi bərqərar ediləcək.