Bizdə bir məsəl var, deyərlər filankəs uçana-qaçana aman vermir. Hazırda Belarusun müdiri Lukaşenko müəllim sözün əsl mənasında bu cür sistem qurubdur. Afinadan Vilnüsə uçan sərnişin təyyarəsini hərbi qırıcıların müşaiyətiylə zorla Minskə endirib, içindəki müxalifətçiləri tutandan sonra buraxmışdır. İndi tragikomik durum yaranıbdır, çünki Avropanın, Qərbin qurumları bilmirlər Belarusla nə eləsinlər. Ən sərt tədbir Belarus üzərindən uçmamaq, Belarus aviaşirkətlərinə qadağan oldu. Guya bu, Lukaşenkoya hazırda çox lazım imiş. Moskvaya uçur, bəsdir. Hələ Putinin Qərblə toqquşmalarından Belarus lideri çox dividendlər əldə edəcəkdir. Adam haqqın yolunu tapıbdır. Qərb sıxışdıranda rusların, ruslar sıxışdıranda Qərbin qucağına yıxıla-yıxıla dövranını sürür. Üstəlik, bu bazarın əsasını da batya qoymayıbdır.
Elə son günlər ortaya çıxan bəzi keçmiş xatirələr nəyə desən dəyər. Bəşəriyyətin yaddaşı qısadır, çox şeyləri unutmuşduq. Ancaq indi məlum olur üstündən uçan sərnişin təyyarəsini zor-xoş basıb endirən, beynəlxalq razılaşmaları it sürütməsi eləyən tək Belarus deyil. Avropanın Fransa, İtaliya, Almaniya kimi dövlətləri vaxtilə Boliviya prezidenti Moralesin uçağına da hava dəhlizi verməyiblər. İddia olub ki, Morales Moskvadan uçanda özüylə Edvard Snoudeni də aparır. Amerikalıların axtardığı agent və jurnalistdən söhbət gedir. Lakin uçaq məcburən Vyanada enəndə içindən ancaq hindu balası Morales çıxmışdı.
İran “Cundullah” terrorçu qruplaşmasının lideri Abdulmalik Riqi-ni Dubay-Bişkek reysindən havada endirib tutmuş, bir il sonra asmışdı. Türkiyə Moskvadan uçan Suriya təyyarəsini “içində raket var” deyərək endirmişdi. Sovet hökuməti bu tip işlərdə ümumiyyətlə ağına-bozuna baxmazdı, Cənubi Koreya sərnişin təyyarəsini vurub salmışdılar. Ruslar da Ukrayna üzərində təxminən eyni sistemlə davrandı, ara yerdə yazıq hollandlar və malaylar qırıldı. İranın vurduğu Ukrayna uçağı, 1994-də ermənilərin Dağlıq Qarabağ səmasında partlatdığı İran uçağı… Bir deyil, beş deyil. Dünyanın hegemon və qeyri-hegemon dövlətləri siyasi motivlərlə dava apardıqca məzlumların ahı sözün bütün mənalarında asimana, ərşə bülənd olur. Şair bu məqamda aldı görək nə dedi: “Nalədəndir ney kimi, avazeyi-eşqim bülənd, Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd”. Yox, bu deyil, mənası uyğun gələn şeir belədir: “Deyil bihudə gər yağsa fələkdən başimə daşlar, Binasın tişeyi-ahimlə viran etdiyimdəndir”. Doğrudan da hara baxsan bəşəriyyəti bədlik basıbdır, aşağıdan virus, göydən də daş tökülüb başımıza bəla olur.
Qeyd elədiyim kimi, bu arada bəziləri hansısa beynəlxalq hüquqlardan danışırlar, lakin aydın məsələdir ki, belarus jurnalist Protaseviçə görə heç bir Qərb dövləti kəskin addım atmayacaq. Necə ki, Navalnı zəhərlənib “o dünya”dan qayıdanda avropalılar rus qazından imtina eləmədilər. Hələ SSRİ zamanında dissident Bukovski demişdi ki, Qərbdə insanları öz soyuducularının içi Sovetlərdə insan haqlarından çox düşündürür. Üstəlik, yuxarıda qeyd elədiyim kimi, hamı haçansa bu cür zibilə bulaşıbsa, başqasını necə suçlasın? Söz azadlığından danışanlara blok edilən Trampı misal göstərdilər. Təyyarə söhbətində misal daha çox çıxdı. Biz özümüz də beynəlxalq hüququn nə qədər mənasız olduğunu 30 il Qarabağsız qalanda görmüşük. Özümüz öz haqqımızı bərpa eləməsək, bir köpəyoğlu da halımıza yanan deyildi.
Ancaq komik tərəfləri də var situasiyanın. Mənə bu Belarus olayında ən gülməli gələni… HƏMAS-ın açıqlaması oldu. Belarus bəhanə eləmişdi ki, guya onlara HƏMAS-dan zəng olub, təyyarəyə bomba qoyulduğu deyilib, o üzdən məcburən qırıcıları qaldırıb uçağı endiriblər. Halbuki, təyyarənin Belarus hava məkanından çıxmağına cəmi 2 dəqiqə qalırmış, Vilnüs Minskdən yaxın imiş və hansı sağlam adam içində bomba olan, hər an partlaya biləcək təyyarəni öz paytaxtına döndərib gətirərdi? Yəni, bu versiyanın karikaturluğu öncədən aydındır. Sadəcə, HƏMAS-ın bəyanatı əla alınıb: “Biz bu metodlardan istifadə eləmirik”.
Elə dünyada yaşayırıq ki, terror təşkilatı “Allahınız olsun, bu nə üsullardır” deyir.