“Oxumaq, oxumaq, yenə də oxumaq!”
(Lenin baba)

Adını hərəmizin bir cür yazdığı və söylədiyi “Evrovizion” musiqi yarışmasında 20-ci yeri tutduq. (Yəqin adını dəqiq öyrənəndə həmişə birinci olarıq). Şükürlər olsun. Qurban kəsmək lazımdır. Şəxsən mən gecə yarısı xəbər lentinə qorxa-qorxa baxırdım, fikirləşirdim birdən yenə birinci yeri tutarıq. O qədər xarici-daxili düşmənlərimiz, pisliyimizi arzulayanlar var ki…

Lakin bəzi ağzıgöyçəklər mahnı seçimini, tutduğumuz yeri tənqid edir. Deyirlər bu, Azərbaycana yaraşan yer deyildir. Bəziləri iştirakçının geymini tənqid edir, orada patroitik mahnı ilə təmsil olunmağın lazım gəldiyini söyləyir. (“Bu ayrobika niyə milli deyil” söhbəti, belə görünür, bizdə heç vaxt bağlanmayacaqdır). Guya biz Rotterdama ağdamlı Təyyar bəyi göndərməliydik, o da gedib “Qarabağ şikəstəsi” oxuyub könülləri fəth eləməliymiş. Sanki “Evrovijn” “Xarı bülbül” festivalıdır. Birdəfəlik başa düşməliyik ki, bu yarışmanın formatı, məna və məzmunu tamam ayrı şeylərdən ibarətdir. Orada bığlı-saqqallı “zənənlər” də qalib ola bilər, skripka çalan körpə sifətlilər də. Məşədi İbadın “bunu gətirəndə baxmadınız ki, kişidir, ya arvad” sualı “Evrovizion”da işləmir. Əlbəttə, bir az bəxt, təsadüf, siyasi proseslər də seçimlərdə rol oynaya bilir. Məsələn, Baltikyanı ölkələr adətən bir-birinə səs verir və Rusiyaya düşmən gözüylə baxdıqlarından adətən ona üç barmağın konfiqurasiyasını göstərirlər. Biz isə Putinə görə həmişə ruslara yaxşı bal yazırıq. Neyləyək, sülhməramlıdırlar axı. Özü də Rusiya o qədər qeyri-ciddi ölkədir ki, bir dəfə xarici işlər naziri “Azərbaycan bizə niyə az bal verib” məzmunlu şikayət eləmişdi. O vaxtdan biz şimalda oxuyanlar üçün 12 balı hazır saxlayırıq. Qurbandır. Təki dərd-azarları bu olsun.

Sözgəlişi, bazarı, trendi tutmaq səriştəmiz də var, olmayan yerdə ticarət işini biz yaxşı bacarırıq, o üzdən builki yarışmaya Azərbaycanın “Mata Hari” mahnısıyla qatılması maraqlı seçim idi. O zənən xeylağı 20-ci əsrin əvvəlində yaşayıb, alman casusu və rəqqasə olmuşdur, lakin vətəni Niderland idi. Yəqin bizim ESK (Evrovizion Seçki Komissiyası – Məzahir müəllimin infrastruktur idarələrindən biridir) belə zənn eləyib ki, Niderlandda keçirilən yarışmaya bir niderlandlı ünlüyə həsr olunan bəstə ilə çıxsaq yaxşı olar. Allah qorusun. Mən bu gedişlə qorxuram gələn ilki yarışmaya manısımız Mixayloya aid mahnı ilə çıxsın, axı qalib İtaliyadır və gələn il yarışma ora düşür.

Mahnı işi həm ciddi məsələdir, həm də əslində çox qeyri-ciddi mövzudur. Bir istedad ki, planetdə yaşayan 7 milyardın hamısını hamama salanda parlama imkanına malikdir, ona niyə çox ciddi yanaşasan? Ancaq yanaşanlar var. Məsələn, iki gün qabaq mən bir iranlı mollanın çıxışına rast gəldim, köhnə çıxış idi, guya kişinin oğlu Azərbaycanı ələ salırdı, deyirdi mahnı oxuyanların, rəqs edənlərin torpağı işğal altında qalar, oxumaqla heç millət yurdunu azad eləyə bilməz və sairə. Çox çərənləmişdi. İndi onu tapıb deyəsən ki, ay lotu, bəs nə oldu, azərbaycanlılar oxuya-oxuya, oynaya-oynaya cəbhəyə getdilər və torpaqlarını azad elədilər axı. Deməli bu cür işlərdə “mahnı oxuyan bambılıdır, oxumayan Heraklın əmisi oğludur” yanaşması keçmir, işləmir. Koroğlunun belində qılıncla saz yanaşı asılırdı. Həmçinin, keçən ildən toylar bağlandı, neçə müğənni əsəbləşib orduya yazıldı.

Eyni zamanda, hələ köhnə sülhməramlı dostumuz Leonid İliç müəllim “Mahnı olarsa çörək də olar” demişdi, ancaq SSRİ taxılın, buğdanın çoxunu kapitalist Qərbindən alırdı, öz camaatına çörək çatdıra bilmirdi. Bəyəm SSRİ-də mahnı oxuyan az idi? Yox. Az qala hər əmək kollektivinin özfəaliyyət ansamblı vardı, heç Alla Puqaçova və Rəşid Behbudovu demirəm. Elə oxuya-oxuya da dövləti dağıtdıq, çıxdı getdi.

Hələlik bu qədər. Kimin ürəyi istəyir oxusun, oynayan da oynasın, biz demokratik ölkədə yaşayırıq.